Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra İran təbii fəlakətdən zərər çəkənlərə yardım etmək bəhanəsi ilə Suriyaya PUA və digər hərbi texnika daşıyıb.
Bu iddia ilə “Washington Post” (WP) qəzeti çıxış edib. Xəbərdə Kahramanmaraşdakı zəlzələlərdən sonra İranın İraqdan Suriyaya göndərilən yardım maşınları ilə 30 PUA və bəzi hərbi ləvazimatları daşıdığı bildirilib.
Qəzet ABŞ kəşfiyyatına və yaxın İsrail hərbi rəsmisinə istinad etdiyi sənəddə yazır:
“Bu, fevral ayında Suriya və qonşu Türkiyəni viran qoyan fəlakətdən sonra İranın Suriyaya yardım çatdırılmasında hərbi müdafiə avadanlığını gizlətmək səyləri ilə bağlı əvvəlki hesabatları gücləndirir”.
İranın BMT missiyasının mövzu ilə bağlı suala cavab vermədiyi bildirilib.
Qeyd edilib ki, çatdırılma İraqdan gələn maşınlar, bölgədəki dost silahlı qruplaşmalar və İranın vəkil döyüşçülərin idarə edilməsi və kəşfiyyat məlumatlarının toplanması üzrə ixtisaslaşan elit kəşfiyyat bölməsi olan Qüds Qüvvələri tərəfindən həyata keçirilib.
İsrail ordusunun rəsmisi də Qüds Qüvvələrinin bu cür fəaliyyətlərdə iştirak etdiyini təsdiqləyib.
Məlumata görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin yüksək rütbəli rəsmisi ABŞ sənədindəki tapıntıları “saxta” adlandırıb. Qeyd edilib ki, iraqlı rəsmi Suriyada İranla işləyən qruplara silah tədarük etmək üçün heç bir bəhanəyə ehtiyac olmadığını deyib.
Bundan əlavə, İsrailin Suriya və Livana silah daşımaqda şübhəli bilinən karvanları hədəf aldığı, lakin real humanitar yardıma dəymə riskinin işi çətinləşdirdiyi də xəbərdə yer alıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.