Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyevin Yasamalda karantin rejimini pozan və polisin başına müxtəlif maddələr atan şəxslərə qarşı keçirilən əməliyyatla bağlı Axar.az-a müsahibəsi:
– Hadisələri yəqin ki, izləmisiniz. Necə fikirləşirsiniz, bu, əvvəlcədən xüsusi planlaşdırılmış hadisədir?
– Bu qənaətdəyəm ki, polisə qarşı bu hərəkəti binada yaşayan şəxslər özbaşına edib, bunu kimlərinsə təşkil etdiyini düşünmürəm. Polisin başına zibil atanlar vətəndaşlar idi. Polis üzərinə düşən işi icra edib. Hamı başa düşməlidir ki, epidemiya ölkəmizdə yayıldığı gündən fasiləsiz olaraq işləyən və ən çox əziyyət çəkən qurumlardan biri polis orqanıdır. Polis pandemiya dövründə gecə-gündüz gücləndirilmiş iş rejimində işləyir. Polis həmin gün də öz işini yerinə yetirirdi, Nazirlər Kabinetinin qərarlarını icra edirdi. Vəzifə başında olan insanın başına biri zibil atır, biri qaynar su tökür, biri başqa əşyalar atır… Bu düzgündürmü? Belə olmaz axı. Polis evə getməyini xahiş və tələb edirsə, bunu sənin üçün, bütövlükdə xalq üçün edir də; sən xəstələnməyəsən, sağlam olasan deyə edir. Polis səni qanuna riayət etməyə çağırır. Ancaq vətəndaş buna cavab olaraq polisin başına zibil atır. Bu, inzibati xətadır. Vətəndaş inzibati xəta törədəndə polis nə etməli idi ki?! O insanlara qarşı tədbir görülməli idi və polis də bunu etdi.
– Vətəndaşın aqressiyasının səbəbi nədir? Axı Azərbaycanda polislə vətəndaş arasında münasibət xüsusilə son aylar yüksək səviyyədədir…
– Tamamilə doğrudur, polisin hərəkətlərində, davranışında, fəaliyyətində son aylar müsbət yöndə həddindən artıq irəliləyiş var. İndi bunun qarşılığında polisi təhqir etmək, onun başına zibil atmaq görünməmiş hərəkətdir. Hələ buna etiraz edənlər də var ki, polis onları niyə tutdu, niyə apardı? Nə etməli idi polis? Bu hərəkətə adekvat reaksiya olmalı idi. Adekvat reaksiya olmasaydı, digər məhəllələr də, binalar da polisə qarşı bu hərəkəti edəcəkdi. Polis tərəfindən verilən reaksiya tamamilə düzgündür. Bu insanlara bir nümunə olmalıdır ki, vəzifə başındakı insanı təhqir etmək, aşağılamaq yolverilməzdir.
– Sizcə, Yasamal hadisəsinin timsalında polis hansı məqamda səhvə yol verdi?
– Polisin adekvat tədbiri tam qanunauyğundur. Oradan 11 nəfər aparılıb polis bölməsinə və hesab edirəm ki, tamamilə düzgün yanaşmadır. Burada polis heç bir səhvə yol verməyib.
– Saxlanılan şəxslərə 10-30 sutka həbs cəzası verildi. Bu qərara münasibətiniz…
– Əslində, onların hərəkətində cinayət tərkibi var. Yarım kiloqram ağırlığında olan əşyanı 7-ci mərtəbədən atanda, o, birinci mərtəbəyə 7 kiloqram əşya kimi düşür. Bu, fizika qanunudur. Binadan atılan əşyalardan hansısa biri polisin başına düşsəydi, nə olacaqdı? Bu, o deməkdir ki, sən bilərəkdən polis işçisinə xəsarət yetirirsən. Bu artıq cinayət işidir. O, vəzifə başındadır, o işini görür. Qanunsuz bir hərəkət etmir. Vətəndaşa “evə get” deyir, vətəndaş isə buna məhəl qoymur. Polisin səhvi odur ki, iş yaxşı araşdırılmadı və yalnız inzibati cəza verildi. Halbuki həmin şəxslərin bir neçəsi haqqında cinayət işi qaldırılmalıdır. Onların əməlində cinayət tərkibi var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.