Türkiyədə işdən çıxarma qadağası 3 ay uzadılıb. Qadağaya əsasən, məzuniyyətdə olan işçilərə pul dəstəyi daha 3 ay, qısa iş icazəsi müraciəti isə model dəyişikliyi ilə davam etdiriləcək.
İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a bildirib ki, dövlətlə işəgötürənlər arasında anlaşmalar olsa da, yenə də işdən çıxarılmalar mövcuddur:
“Türkiyədə dövlətlə işəgötürənlər arasındakı anlaşmaya görə, işçilərin maaşının bir qisminin dövlət tərəfindən ödənilməsi qərara alınıb. İş adamlarına böyük həcmdə yardım ayrıldı. Maaşların ödənilməsi üçün 0 faizlik kreditlər verildi. Amma bütün bunlara baxmayaraq, işdən çıxarılmalar təbii ki, orda da var. Çünki, Türkiyədə də kifayət qədər gizli, qeyri-rəsmi iş yerləri fəaliyyət göstərir. O iş yerləri bağlandı və bunun heç bir məsuliyyəti olmadı. Digər tərəfdən, obyektiv səbəblərdən işin həcmi azaldığından, bəzi işçilərin ixtisara düşməsi də baş verdi. Bunun üçün xüsusi bir cəza tədbiri yoxdur. Şirkətlər dövlətin təklif etdiyi modeldən istifadə etdi. Bu, onlar üçün işçilərin çıxarılmasını qəliz prosesə çevirdi. Bəzi şirkətlər isə ümumiyyətlə bu yardımdan imtina etdilər. Yardımı almayan şirkətlərin sərbəst şəkildə müqaviləni bitirmək imkanları var. Amma orda həm işəgötürənlər, həm dövlət, həm də işçilər ümumi prinsiplərə sadiq qalaraq, öz işlərini qurdular. Bu da daha az iş yerinin bağlanmasına səbəb oldu”.
Eyni təcrübənin Azərbaycanda tətbiq olunmasına gəldikdə isə, iqtisadçı ekspret qeyd edib ki, Azərbaycanda 308 min işçiyə dövlət tərəfindən yardım verilib. Bu işçilər dövlətdən dəstək aldıqları üçün sahibkarlar həmin işçiləri saxlayıblar. Bütün bunlara baxmayaraq, işsizlərin sayı kəskin şəkildə artır:
“Pandemiyadan daha çox zərər çəkən işəgötürənlərə əsasən, turizm, ictimai iaşə, qeyri-ərzaq ticarəti daxildir. Burada rəsmi rəqəmlərə görə 308 min işçi çalışır. Həmin 308 min insanın maaşının bir hisssəsinin dövlət tərəfindən verilməsi qəbul olundu və bu, aprel və may ayları üçün nəzərdə tutuldu. İyun ayı üçün bu barədə hər hansı qərar yoxdur.
Azərbaycanda qeyri-rəsmi və rəsmi işçilərin sayı ümumilikdə 4 milyona yaxındır. 1.6 milyonu rəsmi, yerdə qalanı isə qeyri-rəsmi işçilər və yaxud aqrar sahədə çalışanlardır. Bunlarla bağlı qərar yoxdur deyə, dövlətin müdaxilə etmək imkanları da yoxdur. Əgər dövlət hər hansı bir qadağa qoyursa, bu qadağanın qarşılığını ödəyir. Yəni, hər hansı qadağanı qoyursa, onun əvəzində nəsə təklif edir. Təkliflər paketi olmadığından, Azərbaycanda işsizlərin sayında kəskin artım müşahidə olunur. Heç də təsadüfi deyil ki, hökümətin təklif etdiyi birinci paketdə 200 min işsizə 190 manatın ödənilməsi nəzərdə tutulmuşdu. Sonra isə məlum oldu ki, 600 min işsizə bu müavinat ödəndi. İndi artıq faktiki olaraq, 600 min insanın işsiz olduğu bilinir. Amma işsizlərin sayı bundan da çoxdur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.