“6 il öncə Azərbaycanın əldə etdiyi Zəfərdən sonra işğaldan azad olunan ərazilərimiz genişmiqyaslı bərpa-quruculuq mərhələsinə qədəm qoydu. Böyük Qayıdış ilə bağlı birinci Dövlət Proqramının icrası bu il başa çatacaq və növbəti Proqram 2027-2030-cu illəri əhatə edəcək”.
Musavat.com-un məlumatına görə, bunu deputat Vüqar Bayramov parlamentin iclasında deyib.
Bildirib ki, işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən həmin ərazilərimizdə ilkin mərhələdə nəqliyyat, sosial, kommunal və digər infrastrukturun formalaşdırılması zəruri idi:
“Bu müddətdə yalnız dövlət büdcəsindən həmin ərazilərimizin bərpasına 26 milyard manat vəsait ayrılıb. Zəfərdən keçən müddətdə işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 min 720,5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi icra edilir. İndiyədək ümumi uzunluğu 1338 kilometr olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb. Strateji əhəmiyyət daşıyan 3 beynəlxalq hava limanı istifadəyə verilib”.
VUQAR BAYRAMOV.jpg (146 KB)
Vüqar Bayramov qeyd edib ki, Zəfərdən sonra milli təhlükəsizliyimizin və müdafiə qabiliyyətimizin daha da gücləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə intensiv məskunlaşma əsas prioritetlərdən olub:
“Hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Onlardan 41213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma isə Ağdam rayonunda qeydə alınıb. 8300 nəfər artıq bu rayonumuzda məskunlaşıb. Cəbrayıl rayonunda isə 7112 keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb. İnfrastrukturun formalaşması intensiv məskunlaşma üçün xüsusi zəmin yaratmaqdadır. Növbəti aylarda və eləcədə 2027-ci ildə həmin ərazilərimizdə kütləvi məskunlaşma olacaq. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdlarında ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün prosesdən kənarda qalmayacaq. Bu Möhtərəm Prezidentin siyasi iradəsidir. Ötən müddətdə Cənab Prezident işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib. Bu səfərlər və tədbirlər çərçivəsində dövlət başçısı 180-dən çox layihənin təməlini qoyub və 170-dən çox obyektin açılışında iştirak edib. Dünyanın heç bir ölkəsində dövlət başçısı bir bölgəyə bu qədər çox səfər etməyib. Bu cənab Prezidentin məskunlaşma və yenidənqurma prosesinə xüsusi diqqətini bir daha təsdiq edir”.
Deputat vurğulayıb ki, Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb:
“Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.