Rəşid Yusifov: Qəlbimizdə dərin iz buraxan dahi şəxsiyyət
12-12-2023, 00:06
40 dəfə baxılıb
Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Azərbaycan dövlətinin xilaskarı və qurucusu olan Ulu Öndəri böyük hörmət və rəhmət hissi ilə anırıq.
İyirminci əsrin dahi, dünya tarixinə adını yazdırmış şəxsiyyətlərindən biri idi Heydər Əliyev. Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Azərbaycan tarixinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
90-cı illərin əvvəli Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkəmizin üzərində qara buludlar əsməyə başladı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Ölkəmizin müstəqilliyi təhlükə altında idi.
Həmin dövrdə ölkəni bu ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi. Artıq gözlər Naxçıvana yönəlmişdi. Hamı Azərbaycanın bu durumdan yalnız Ulu Öndər Heydər Əliyevin çıxaracağını düşünürdü. Beləliklə bütün riskləri göz önünə alaraq Heydər Əliyev xalqın çağırışını nəzərə aldı, hakimiyyət sükanına əyləşdi.
Heç şübhəsiz ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etməyin özü belə çox çətindir. Qısa müddətdən sonra Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.
Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi və cəsarətli bir bəyanat verdi.
Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Əksəriyyət yaxşı xatırlayır, yəqin ki, o dövrün çörək növbələrini. İnsanlar gündəlik qida tələbatlarını ödəməkdə ciddi əziyyət çəkirdilər. Həmin günləri unutmaq özü böyük nankorluq olardı. Azərbaycan bugünkü inkişafa həmin ağır durumdan, acı günlərdən keçərək gəlib çatıb.
Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur.
Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirdi. Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu siyasət nəticəsində bu gün Azərbaycan öz tarixinin ən şanlı, şərəfli və qürurlu günlərindən birini yaşayır.
Biz xoşbəxtik ki, bizim müstəqil və güclü dövlətimiz var. Unutmamalıyıq ki, dünyada ciddi proseslər gedir. Hazırda üzərimizə düşən əlimizdəki əvəzsiz nemətlərin – müstəqilliyin, suverenliyin, istiqrarın və sabitliyin dəyərini bilməkdir. Hesab edirəm, burada ən çox məsuliyyət həm də gənclərindir. Gələcəyin idarəçiləri onlardır. Ölkəmizin gələcəyi onlardan çox asılıdır.
Bu gün hamımız Ulu Öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.
Xalqımızın taleyində və müstəqil Azərbaycan Respublikasının tarixində silinməz izlər qoymuş Ulu Öndərimizi dərin ehtiram hissi ilə anırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR