Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli musiqi sahəsindəki xidmətləri ilə yanaşı, qüdrətli qələm, parlaq istedad sahibi olub. O, Azərbaycan musiqisinin inkişafı üçün bir tərəfdən gözəl əsərlər-operalar, operettalar yaradırdı, romans, kantata, müxtəlif simfonik əsərlər, mahnılar bəstələyirdi, digər tərəfdən isə ölkəmizdə musiqi təhsilinin təşkili üçün gənc kadrların yetişməsinə çalışır, bu sahədə müxtəlif kollektivlərin formalaşmasına can atırdı. Bu səbəbdən də görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi kimi geniş şöhrət qazanan Üzeyir Hacıbəyli, eyni zamanda görkəmli ədib, böyük jurnalist idi.
Unudulmaz bəstəkarın ədəbi irsini araşdıranlar qeyd edirlər ki, Üzeyir Hacıbəyli klassik Azərbaycan və Şərq ədəbiyyatının dərin bilicisi olub. Təsadüfi deyildir ki, «Koroğlu»dan başqa bütün opera və operettalarının mətninin müəllifi elə Üzeyir bəyin özüdür. Əgər bu əsərləri ayrıca götürüb təhlilə çəksək, bədii məzmunu, o dövrdəki cəmiyyətin ziddiyyətləri, yeni meyillərin təqdiri, köhnəliklə təzəliyin mübarizəsi və üstünlüyün ikinci tərəfə verilməsi məhz yazıçı, ədib təfəkkürünün məhsulu kimi diqqətəlayiqdir. Böyük bəstəkar kimi sevilən Üzeyir Hacıbəyli eyni ağırlıqda tarazlığa gələ biləcək ədəbi və publisistik yaradıcılıqla daim məşğul olub, amma musiqi sahəsindəki nailiyyətlərinin, uğurlarının təntənəsi sanki bu fəaliyyətin üzərinə kölgə salıb. Halbuki Mirzə Cəlil ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən biri məhz Üzeyir Hacıbəyli olub.Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: “Üzeyir Hacıbəylinin ədəbi yaradıcılığının xüsusiyyətlərini müəyyən edən əsas amil barədə, həlledici cəhət haqqında düşünərkən təbii olaraq yadımıza bircə söz düşür-xəlqilik! Bəli, onun bütün yaradıcılığının ruhu, canı xəlqilikdir. Xəlqilik çox qiymətli keyfiyyətdir. Bizcə, onun əsərlərinin xalq tərəfindən bu qədər sevilməsinə, kütlələr arasında geniş şöhrət qazanmasına, insanı heyran etməsinə səbəb məhz bu keyfiyyətdir”.
Üzeyir Hacıbəylinin zəngin mədəni irsinin bir hissəsini də məhz publisistika təşkil edirdi. Onu publisistikaya çəkən, bu janrda qiymətli yazılar müəllifi olmağına səbəb mütərəqqi fikirlərini mümkün qədər tez oxucusuna çatdırmaq və aşılamaq arzusu idi. Üzeyir Hacıbəyli publisistikanın çevik xüsusiyyətə, cəmiyyətlə göz-gözə danışmaq qabiliyyətinə necə malik olduğunu gözəl bilirdi. Ötən əsrin əvvəllərində Azərbaycanda azadlıq hərəkatının yüksəldiyi, inqilabi mübarizənin artdığı, maarifpərvərlik meyillərinin tərəqqi tapdığı bir zaman kəsiyində xalqla ünsiyyətin ən gözəl forması məhz publisistika idi.
Ulu Öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına böyük qiymət vermişdir. O, dahi bəstəkarın 110 illiyinə həsr olunmuş təntənəli yubileyindəki nitqində Üzeyir Hacıbəylini dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən, fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olduğunu qeyd etmişdir.
Adilə Əliyeva,
Salyan rayon Uşaq İncəsənət məktəbinin direktoru, YAP fəalı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.