Elçin Zülfüqarov: Azərbaycanın həyatında tamamilə yeni dövr yaşanır
23-11-2022, 15:17
44 dəfə baxılıb
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR ) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov - Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxış edən Partiyanın Sədri, Prezident İlham Əliyev Partiyanın yaranma səbəblərindən və keçdiyi şərəfli tarixi yoldan bəhs etdi. Ölkə başçısı bildirdi ki, müstəqilliyini bərpa etdikdən sonra gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin birinci ili çox ağır keçmiş və xalqımız böyük faciələrlə üzləşmişdi. Ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Belə bir vaxtda Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. Ölkə başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Həmin dövr ölkədəki ictimai-siyasi vəziyyətə diqqət çəkən Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi problemlərdən danışdı. Ölkə başçısı qeyd etdi ki, xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi və ona cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi.
Yeni Azərbaycan Partiyasının təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. Düzgün xarici siyasət kursu müəyyənləşdirilmiş, nizami ordu quruculuğunun əsası qoyulmuş, xarici sərmayələrin ölkəyə qoyulması üçün sabitlik yaradılmışdır. Bir sözlə, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycan xalqının 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdiyini qeyd etdi. Artıq Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirilib. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə azaldılmışdır. Bu il ölkə iqtisadiyyatının rekord həddə çatacağını bildirən Prezident İlham Əliyev ilin sonuna qədər gözlənilən proqnoza əsasən iqtisadiyyatımızın 130 milyard manata qədər artacağını qeyd etdi. Aparılan islahatlar nəticəsində bu ilin sonuna ölkəmiz xarici borcunun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcək. Hazırda Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur.
Hələ də görüləsi işlərin çox olduğunu qeyd edən Partiya Sədri, Prezident İlham Əliyev iqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunların gündəlikdə duran məsələlər olduğunu açıqladı. Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq təbii ki, əsas prioritetlərdəndir və bütün məqsədlərə çatmaq üçün güclü iqtisadiyyat əsas şərtlərdəndir. Prezident İlham Əliyev öz niqtində onu da qeyd etdi ki, iqtisadi cəhətdən digər ölkələr və ya beynəlxalq maliyyə qurumlarından asılı olan ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqımının iradəsini əks etdir. Ölkədə yoxsulluq əhəmiyyətli dərəcədə azalıb. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluq da təqribən 5 faiz ətrafında saxlanılmışdır. Bu isə dünya miqyasında çox gözəl göstəricidir. Ölkə başçısının həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də güclü ordu quruculuğudur. Çünki Azərbaycan Ordusu Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti və xalqımızın qürurunu bərpa edib.
Yubiley tədbirində çıxışı edərkən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır və bu da Ulu Öndərin siyasəti idi. Bu siyasət bu gün də uğurla davam etdiririlir. Ümumiyyətlə, Azərbaycan dövləti Ulu Öndərin vəsiyyət etdiyi kimi milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Ölkədə gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir. Vətən müharibəsi də bu deyilənləri əyani formada sübut etdi.
Son illər Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib. Aparılan düzgün xarici siyəsət, həmçinin neft-qaz layihələri ölkəmizin beynəlxalq mövqelərini gücləndirən əsas amillərdir. Bu gün dünyada gedən proseslər göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Eyni zamanda Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunur və ölkəmizə dost, tərəfdaş olan ölkələrin sayı davamlı olaraq artır. Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir.
Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti olduğunu qeyd edən ölkə başçısı xalqımızın yekdil həmrəyliyi ilə bu problemin də öz həllini tapdığını bildirdi. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Bir sözlə, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni dövr yaşanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR