Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkənin siyasi və ictimai həyatında fəal iştirak edən müasir qadınlar üçün nümunədir
8-03-2022, 11:27
41 dəfə baxılıb

Cənab Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edildiyi gündən ölkəmizdə ictimai fəaliyyətdə reallaşdırılan işlərə böyük təkan verildi. Mehriban xanım Əliyevanın adı xeyli sayda xeyriyyə və mədəni tədbirlərlə, beynəlxalq idman yarışları ilə və Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq üçün etdiyi inqilabi əməllərlə bir yerdə anılır. Bu baxımdan da o, haqlı olaraq sadəcə Azərbayacanın deyil, dünyanın ən nüfuzlu qadınlarından biri hesab olunur.
Müxtəlif dövlətlərin geosiyasi və iqtisadi maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən dövləti idarə etməyin mürəkkəbliyi aydın məsələdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyeva illər ərzində Azərbaycanın yeni yüksəliş mərhələsinə keçməsində cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışır. Belə ki, onların birgə səyləri ilə əhalinin rifahı yaxşılaşır, əmək haqqı, pensiya və sosial müavinətlər artır. Məhz onların harmonik fəaliyyəti, qətiyyəti, vətənpərvərliyi, ən əsası isə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına bərabər münasibəti ölkəmizi bir çox qələbələrə apardı. Məhz bu multikultural və multietnik dəyərlərə olan ali hörmətin nəticəsidir ki, Vətən müharibəsində insanlarımız “Öldü var, döndü yoxdur” deyərək ölkə başçımızın ətrafında sanki ətdən çəpər yaratdılar. Müharibə dövründə Mehriban xanım Əliyevanın xalqa hər müraciəti insanlarımız tərəfindən müsbət qarşılanır, ölkənin, cəmiyyətin mübarizə əzmini artırmaqla yanaşı, onun psixoloji-mənəvi ruh halına olduqca müsbət təsir edirdi. O, hər bir Azərbaycan oğlunu, əsgərini öz balası saydı, xalqa hər müraciətində hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua etdiyini, şəhid analarının acısını bir ana kimi bölüşdüyünü bildirdi və dünyaya sülh çağırışları edib, sülh toxumları səpdi.
Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən şəhidlərə, müharibə veteranlarına, qazilərə, onların ailələrinə xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutmuşdur. Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.
Azərbaycan Gimnastika Federasiyasının Prezidenti vəzifəsini tutan Mehriban xanım Əliyevanın idman sahəsində olan fəaliyyəti və aparıcı rolu ölkədə gənclər arasında sağlam həyat tərzinin təbliğinə əhəmiyyətli töhfə vermişdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, Parisin, Romanın, Vatikanın, Berlinin, Londonun, Varşavanın və digər dünya paytaxtlarında sərgilər, mədəni və digər yüksək səviyyəli tədbirlərə ev sahibliyi edərək Azərbaycanın və onun zəngin ənənələrinin tanıdılmasına əvəzsiz töhfələr vermişdir.
Mehriban xanım Əliyeva gərgin iş cədvəlinə baxmayaraq, xalqımızın gələcəyi olan uşaqlara geniş zaman, vaxt ayırır. Kömək və qayğıya ehtiyacı olan hər kəsə,
xüsusilə də əlilliyi olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara xüsusi diqqət yetirir və problemlərinin həllinə kömək edir.
Bir sözlə, ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bu gün Azərbaycan qadınına olan yüksək diqqət, qayğı və onların siyasi və ictmai həyatda fəaliyyətinə yaradılan geniş platforma Azərbaycan dövlətinin, ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın gərgin və məqsədyönlü iş fəaliyyətinin məntiqi nəticəsidir. Məhz bu haqlı səbəblərdən də Mehriban xanım Əliyeva ölkənin siyasi və ictimai həyatında fəal iştirak edən bir çox müasir qadın üçün nümunədir.
Aygün Ələkbərova,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR