Ötən ilin sentyabr ayının 27-də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi parlaq zəfərlər haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcəkdir.
Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordusunun endirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə erməni silahlı birləşmələri diz çökdürüldü. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.
44 günlük müharibə Azərbaycanın nə qədər vətənpərvər, böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə onun necə güclü olduğunu bir daha sübuta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək, öz şərtlərini işğalçıya qəbul etdirmək istəyirdi və buna tam nail oldu. Biz bu möhtəşəm qələbəni döyüş meydanında qazandıq! İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. İftixar mənbəyinə çevrilən ordumuz həm də düşmən üçün qorxulu bir kabusdur.
Danılmaz faktdır ki, Azərbaycan Ordusu müharibəni yeni texnoloji yanaşmalar əsasında apardı. Ordumuz Ali Baş Komandanın da qeyd etdiyi kimi, “maksimum nəticə, minimum itki” prinsipinə əsaslandı. Sözdə deyil, artıq əməldə qüdrətli Azərbaycan Ordusu öz imkanlarını, döyüş qabiliyyətini zəfərlə sübut etdi.
Könül Rəhimova
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.