Eltun Süleymanov:"Azərbaycan-Britaniya strateji tərəfdaşlığı yeni siyasi mərhələnin möhkəm təməlləridir"

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi diqqəti cəlb edir. Bu sənəd yalnız mövcud əməkdaşlığın təsdiqi deyil, həm də Azərbaycan-Britaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, qarşılıqlı etimadı və ortaq maraqları daha konkret siyasi öhdəliklərə çevirən mühüm yol xəritəsidir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, Bəyannamənin siyasi əhəmiyyətini ilk növbədə onun tarixi və hüquqi əsaslarında axtarmaq lazımdır. Sənəd 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə söykənir. Bu ardıcıllıq göstərir ki, Azərbaycan-Britaniya əlaqələri təsadüfi siyasi yaxınlaşma deyil, uzun illər ərzində formalaşmış qarşılıqlı münasibətlərin məntiqi davamıdır. Sənədin əsas siyasi məzmununu beynəlxalq hüququn fundamental prinsiplərinə sədaqət təşkil edir. Tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətlərini bir daha təsdiqləmələri xüsusi əhəmiyyət daşıyır. Bu müddəalar Azərbaycanın dövlətçilik maraqları, beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu və regionda formalaşan yeni geosiyasi reallıqlar baxımından mühüm siyasi məna ifadə edir. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması da diqqətəlayiqdir. Bu yanaşma Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin edilməsinin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini göstərir. Böyük Britaniyanın iki ölkə arasında ikitərəfli dialoq yolu ilə sülhə nail olunması səylərinə dəstəyini bir daha təsdiqləməsi isə regionun gələcəyinə dair ortaq maraqların mövcudluğunu ifadə edir. Tərəflər regional sülh və sabitliyi dəstəkləmək məqsədilə müdafiə əməkdaşlığını gücləndirmək, ümumi təhdidlərin qarşısını almaq və onlara cavab vermək imkanlarını genişləndirmək barədə razılığa gəliblər. Təlim, potensialın artırılması, qarşılıqlı fəaliyyət, müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması bu istiqamətdə nəzərdə tutulan əsas fəaliyyət sahələridir. Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələrin genişləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığın inkişafı da təhlükəsizlik anlayışının daha geniş institusional çərçivədə nəzərdən keçirildiyini göstərir. Bu, olduqca vacib yanaşmadır. Çünki XXI əsrdə təhlükəsizlik yalnız hərbi güclə ölçülmür. Dövlət institutlarının dayanıqlılığı, hüququn aliliyi, sərhədlərin etibarlı qorunması, müasir təhlükələrə qarşı çevik reaksiya və beynəlxalq əməkdaşlıq da milli təhlükəsizliyin ayrılmaz elementləridir. Azərbaycanla Böyük Britaniyanın bu istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyəti münasibətlərin praktiki məzmununu daha da zənginləşdirir.
Sənədin digər mühüm tərəfi yüksək səviyyəli siyasi dialoqun və beynəlxalq platformalarda koordinasiyanın davam etdirilməsidir. Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, həm də mürəkkəb qlobal proseslərdə öz mövqeyini ifadə etmək, tərəfdaşları ilə ortaq yanaşmalar formalaşdırmaq bacarığı ilə müəyyənləşir. Azərbaycanın son illərdə beynəlxalq platformalarda fəallığının artması, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dublin şəhərində imzalanmış Bəyannamə Azərbaycan-Britaniya münasibətlərinin yeni mərhələsinə dair mühüm siyasi mesaj verir. Tərəfdaşlıq yalnız keçmişin diplomatik təcrübəsinə deyil, gələcəyin ortaq məsuliyyətinə və qarşılıqlı maraqlarına əsaslanmalıdır. Bu sənədin əhəmiyyəti həm də ondadır ki, o, Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən əməkdaşlıq imkanlarını genişləndirir.
Nəticə etibarilə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Birgə Bəyannamə iki dövlətin siyasi iradəsini, beynəlxalq hüquqa münasibətdə ortaq prinsiplərini və regional təhlükəsizliyə dair yanaşmalarını ifadə edən mühüm sənəddir. O, mövcud münasibətlərin möhkəm təməlləri üzərində yeni əməkdaşlıq perspektivləri açır və Azərbaycan diplomatiyasının beynəlxalq tərəfdaşlıq müstəvisində ardıcıl inkişafını bir daha nümayiş etdirir. Dövlətlər arasında münasibətlərin həqiqi gücü onların imzaladığı sənədlərin sayında deyil, həmin sənədlərdə əksini tapan prinsiplərin real əməkdaşlığa çevrilməsindədir. Dublin Bəyannaməsinin siyasi dəyəri də məhz bu perspektivdə-qarşılıqlı etimadın, strateji maraqların və uzunmüddətli tərəfdaşlığın daha möhkəm əsaslar üzərində qurulmasındadır-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: