Milli Yaddaşımızın Qorunduğu Elm və Mədəniyyət Ocağında Böyük Zəhmət – Professor Kərim Tahirov

Kitabxana xalqın yaddaşını yaşadan, onun elmi, ədəbi və mədəni sərvətlərini nəsildən-nəslə ötürən ən mühüm mənəvi ünvanlardan biridir. Bu baxımdan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ölkəmizin zəngin intellektual irsinin qorunması, tədqiqi və geniş oxucu auditoriyasına çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər elm və mədəniyyət ocağının direktoru, professor Kərim Tahirov kitabxana işinə uzun illərini həsr edən, kitabın və mütaliənin cəmiyyətdəki roluna böyük dəyər verən ziyalı və elm adamı kimi tanınır. Onun fəaliyyəti milli kitabxana ənənələrinin qorunması ilə yanaşı, bu sahənin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində görülən işlərlə səciyyələnir.
Milli Kitabxananın fondlarında qorunan kitablar, dövri mətbuat nümunələri, nadir nəşrlər və digər qiymətli materiallar sadəcə çap məhsulları deyil, Azərbaycanın müxtəlif tarixi mərhələlərini gələcək nəsillərə çatdıran böyük mənəvi xəzinədir. Belə zəngin irsin qorunması, sistemləşdirilməsi və oxucuların istifadəsinə təqdim olunması böyük peşəkarlıq tələb edir. Kərim Tahirov rəhbər kimi bu məsuliyyətin mahiyyətinə xüsusi həssaslıqla yanaşaraq kitabxana fondlarının mühafizəsinə, milli nəşrlərin toplanmasına və Azərbaycan haqqında qiymətli mənbələrin gələcək nəsillərə çatdırılmasına böyük önəm verir. Çünki milli yaddaşı qorumaq, əslində, xalqın tarixini və kimliyini qorumaq deməkdir.
Müasir dövrdə kitabxana anlayışı yalnız rəflərdə yerləşdirilmiş kitablarla məhdudlaşmır. Rəqəmsallaşma, elektron informasiya resurslarının genişlənməsi və oxucuların məlumat əldə etmək imkanlarının dəyişməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur. Professor Kərim Tahirovun rəhbərliyi dövründə ənənəvi kitabxana xidmətləri ilə müasir informasiya imkanlarının uzlaşdırılmasına, elektron resursların genişləndirilməsinə və qiymətli materialların rəqəmsal mühitdə daha əlçatan olmasına diqqət göstərilməsi Milli Kitabxananın fəaliyyət dairəsini daha da genişləndirir. Bu yanaşma həm Azərbaycanda yaşayan, həm də ölkədən kənarda fəaliyyət göstərən tədqiqatçıların milli irsimizə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətlidir.
Kərim Tahirovun fəaliyyətində kitab və mütaliə mədəniyyətinin təbliği də xüsusi yer tutur. Kitaba marağın artırılması, gənclərin mütaliəyə təşviq edilməsi, müəlliflərlə oxucular arasında mənəvi körpünün yaradılması və ədəbiyyatımızın geniş auditoriyaya tanıdılması cəmiyyətin intellektual inkişafına xidmət edən mühüm istiqamətlərdir. Milli Kitabxanada təşkil olunan müxtəlif kitab təqdimatları, sərgilər, elmi-mədəni görüşlər və maarifləndirici tədbirlər kitabxananı canlı mədəniyyət məkanına çevirən amillərdəndir. Professor Kərim Tahirov kitabxananın yalnız kitabların saxlandığı bir müəssisə deyil, ziyalıların, alimlərin, tələbələrin, tədqiqatçıların və oxucuların görüşdüyü böyük elm və mədəniyyət mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə önəm verir.
Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və xarici kitabxanalarla peşəkar əlaqələrin qurulması da Milli Kitabxananın mühüm missiyalarındandır. Beynəlxalq əməkdaşlıq vasitəsilə Azərbaycan ədəbiyyatının, tarixinin və mədəni irsinin xaricdə daha geniş təqdim edilməsi ölkəmizin mədəni diplomatiyasına xidmət edir. Kərim Tahirovun kitabxana işi sahəsində beynəlxalq əlaqələrin inkişafına, təcrübə mübadiləsinə və Azərbaycan haqqında nəşrlərin dünya oxucusuna çatdırılmasına verdiyi önəm milli mədəniyyətimizin sərhədlərimizdən kənarda təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Kitab vasitəsilə qurulan belə əlaqələr xalqlar arasında mədəni dialoqun və qarşılıqlı tanınmanın güclənməsinə də töhfə verir.
Professor Kərim Tahirovun şəxsiyyətində elmə, mədəniyyətə və milli-mənəvi dəyərlərə hörmət mühüm yer tutur. Bu dəyərlərin ayrılmaz hissəsi isə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin uca tutulması, şəhid ailələrinə və qazilərimizə ehtiram göstərilməsidir. Vətənimizin qəhrəmanlıq tarixinin kitablar, nəşrlər, sərgilər və müxtəlif mədəni-maarifləndirici vasitələrlə gələcək nəsillərə çatdırılması xüsusi mənəvi əhəmiyyət daşıyır. Gənclərin Azərbaycanın tarixini, qazandığı Zəfərin qiymətini və qəhrəmanlarımızın keçdiyi şərəfli yolu öyrənməsində kitabxanaların üzərinə böyük missiya düşür. Milli Kitabxana da milli yaddaşın qoruyucusu kimi bu dəyərlərin yaşadılmasına xidmət edən mühüm mədəniyyət ocağıdır.
Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun fəaliyyəti kitabxanaçılıq ənənələrinin yaşadılması, milli irsimizin qorunması, mütaliənin təşviqi və kitabxana xidmətlərinin müasir tələblərə uyğun inkişaf etdirilməsi ilə bağlı böyük bir missiyanı əhatə edir. Kitaba xidmət əslində elmə, mədəniyyətə, tarixə və gələcək nəsillərə xidmət deməkdir. Bu şərəfli missiyanı daşıyan professor Kərim Tahirova möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində yeni uğurlar, Azərbaycan Milli Kitabxanasının kollektivinə isə milli mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılması yolunda davamlı nailiyyətlər arzulayırıq.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri, Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı Azərbaycanın regional və qlobal siyasətə baxışının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji səviyyəsi, Cənubi Qafqazda yeni sülh reallığının formalaşması və beynəlxalq təşkilatların, xüsusilə BMT-nin münaqişələrin həllində rolunun gücləndirilməsinə dair vacib mesajlar verdi.
Digər Mərkəzi Asiya ölkələri kimi rəsmi Bişkeklə də münasibətlər ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik xarakteri daşıdığını göstərir. Dövlət başçımızın da xatırlatdığı kimi, cəmi bir ay əvvəl Qırğızıstana dövlət səfəri zamanı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu sənəd Bakı-Bişkek əlaqələrinin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirir. Əslində, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin dinamikası bütövlükdə Azərbaycanın Mərkəzi Asiya siyasətində baş verən dəyişikliklərin mühüm nümunəsidir. Tarixi, milli və mədəni yaxınlıq üzərində qurulan əlaqələr bu gün iqtisadi, investisiya, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıqla genişlənir.
Çıxışın ən mühüm istiqamətlərindən biri, Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmuş məqamlar idi. Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın sülh sazişinin mətnini paraflamasını 30 illik münaqişənin başa çatması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirdi. “Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir” deyən dövlət başçımızın bu fikri Azərbaycanın böyük Zəfərdən sonra regionla bağlı yeni strateji yanaşmasının ifadəsidir.
Rəsmi Bakı Ermənistanla normallaşma istiqamətində effektiv addımlar atır. Cənab Prezident də çıxışında Ermənistanla artıq neft məhsullarının tədarükü, üçüncü ölkələrin yüklərinin tranzitinin təmin edilməsi, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində iş aparılmasını qeyd etdi. Bu, sülhün praktiki nəticələridir.
Əgər keçmişdə Cənubi Qafqaz qarşıdurmalarla xarakterizə olunurdusa, indi məhz Azərbaycanın təşəbbüskarlığı və siyasi iradəsi sayəsində qarşılıqlı ticarət, tranzit və kommunikasiya layihələri region ölkələrinin maraqlarını bir-birinə yaxınlaşdırmaqdadır. Prezident İlham Əliyevin çıxışında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi siyasi əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin uzun illər icra olunmadığını, onların yalnız 30 ildən sonra həyata keçirildiyini bir daha bu böyük platformadan xatırlatdı. Eyni zamanda vurğuladı ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü bərpa edib. Rəsmi Bakı haqlı olaraq tələb edir - beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edən real mexanizmlər mövcud olmalıdır. Yəni, Azərbaycan BMT qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanmasını təklif edir.
Reallıq budur ki, beynəlxalq təşkilatların nüfuzu onların qəbul etdiyi qərarların sayından yox, həmin qərarların nə dərəcədə həyata keçirilməsindən asılıdır. Azərbaycan isə öz təcrübəsindən çıxış edərək beynəlxalq hüququn icra mexanizmlərinin gücləndirilməsini qlobal təhlükəsizlik sisteminin mühüm şərtlərindən biri kimi təqdim edir.
Dövlət başçısının çıxışında Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatının sədri kimi təcrübəsinə istinad etməsi təsadüfi deyildi. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü əsas prinsiplərdən biri çoxtərəfliliyin və beynəlxalq hüququn müdafiəsi idi. Cənab Prezident ŞƏT platformasından bəyan etdi ki, Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə vermək niyyətindədir. Bu xüsusda ŞƏT-də Azərbaycanın iştirakı xüsusi əhəmiyyət daşıyır. Çünki ŞƏT müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətləri bir araya gətirən böyük Avrasiya platformasıdır. Azərbaycanın burada “ŞƏT plyus” formatında iştirakı ölkəmizə həm regional, həm də qlobal məsələlər üzrə mövqeyini daha geniş auditoriyaya çatdırmaq imkanı qazandırır.
Cənubi Qafqazın sülh zonasına çevrilməsi isə regionun nəqliyyat xəritəsində yeni imkanlar yaratmaqdadır. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit mərkəzlərindən biridir. Regional kommunikasiya xətləri açılacağı təqdirdə isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün əlavə imkanlar yaranacaq.
Siyasi sabitlik nəqliyyat bağlantılarının inkişafına, nəqliyyat bağlantıları isə regional iqtisadi inteqrasiyaya zəmin yaradır. Bişkekdə baş tutan ikitərəfli görüşlərə gəlincə, Ermənistan, Qazaxıstan, İran və Türkiyə liderləri ilə təmaslar müxtəlif istiqamətləri əhatə etsə də, hamısını birləşdirən əsas xətt regional sabitlik, nəqliyyat-kommunikasiya əlaqələri, iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi etimadın gücləndirilməsi idi. Bu isə Azərbaycanın regionda geosiyasi rolunun artdığını nümayiş etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: