Saleh Məmmədov: Əbədi yaşayacaq qələbəmiz

Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi 75 % yerinə yetirilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi artıq 75 faiz icra olunub.
Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun torpaq yatağının eni 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarətdir.
Layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, əsas hazır olan hissələrdə isə asfaltlanma işləri aparılır.
Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 3 körpü və 2 yerdə alt keçidin inşası işləri davam etdirilir:
- Yolun ilk 400 metrlik hissəsində “Balaxanı qovşağı”nın ramplarında qazma və dolğu işləri aparılır;
- Təqribən 1-ci km-lik hissədə 62 metr uzunluğa malik körpünün inşası başa çatıb;
- yolun 4.4-4.5-ci km-lik hissəsində kommunikasiya xəttinin mühafizəsi üçün inşa edilən alt keçid yerləşən hissədə dolğu işləri başa çatıb, asfalt-beton örtük döşənib;
- yolun 6.7-ci km-lik hissəsində “Yanardağ qovşağı”nda dayaqların və yanaşma yollarının tikintisi, aşırım tirlərinin montajı başa çatıb;
- “Pirşağı qovşağı”nda 23 dayaq tikilib, 9 aşırımdan 7-i hazırdır, 2-də işlər davam edir.
Bundan başqa, yolboyu zəruri yerlərdə “U” tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik 31 suötürücü borunun quraşdırılması işləri də yekunlaşıb.
Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə müvafiq addımlar atılır. Belə ki, yolun 2-16-cı km-lik hissəsində yol boyu kabel xətləri çəkilib və işıq dirəkləri quraşdırılıb, yolun sağ və sol, həmçinin “U” tipli geridönüş hissələrdə səki daşlarının düzülməsi işləri davam etdirilir.
Bundan başqa layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur, eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyini təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun 2-6-cı km-lik hissəsində yol ayrıcı zolaqda beton bloklar qoyulub.
Yeni yol infrastrukturu layihəsi “İnşaat Norma və Qaydaları”na uyğun sürətlə və keyfiyyətlə yerinə yetirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün tikinti ərazisinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.
Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.
YOLUNUZ AÇIQ OLSUN...
Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində icra olunan təmir işləri 
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.
Bu tədbirlər çərçivəsində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi təmir edilib.
Təmir işləri küçənin Mərkəzi Nəbatat Bağının qarşısında yerləşən dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək olan təqribən 1 km-lik hissəsində icra olunub.
Qeyd edək ki, təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilmişdi.
Xatırladaq ki, anoloji işlər küçənin Mətbuat prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə də yerinə yetirilib.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov - O tarixi anlardan düz 33 il keçir…33 il öncə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi, 1991-ci il avqustun 30-da keçmiş Ali Sovet Müstəqillik Bəyannanəsini, ondan cəmi bir ay 18 gün sonra isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 18 oktyabr Azərbaycan xalqının tarixinə Müstəqilliyin Bərpası Günü kimi düşdü.
Dahi Lider Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Yəni, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır.
Çünki 1991-1993-cü illərdə müstəqilliyimiz bir növ formal xarakter daşıyırdı, hakimiyyət başında olan, bir-birini əvəzləyən siyasi qüvvələrin səbatsızlığı, səriştəsizliyi ucbatından Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyətli, müdrik addımları sayəsində ölkəmizsiyasi sabitlik yaradıldı.
Heydər Əliyevin hakimiyyət gəlməsi ilə Azərbaycanda hökm sürən dərəbəyliyə, özbaşınalığa, hərc-mərcliyə, xaos və anarxiyaya, döyüş meydanında ardıcıl yaşanan uğursuzluğa son qoyuldu, müstəqilliyimiz möhkəm təməllər üzərində möhkəmləndirildi. Qısa müddətdə ordu quruculuğuna başlandı, tarixi “Əsrin müqaviləsi” imzalandı, dövlət çevrilişi cəhdlərinin birmənalı şəkildə qarşısı alındı, 1995-ci ilin noyabr ayında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, demokratik, azad, ədalətli, şəffaf seçkilər nəticəsində ilk Milli Məclis formalaşdırıldı, inqilabi əhəmiyyət daşıyan torpaq islahatları həyata keçirildi. Regionların bərbad siması dəyişməyə, gözəlləşməyə başladı. Azərbaycan qətiyyətli şəkildə öz imzasını imzalar içinə atdı. 2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçilən İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 21 il ərzində Heydər Əliyev siyasətinə, Dahi Liderin siyasi kursuna sadiqlik nümayiş etdirdi. Tezliklə regionların sosial-iqtisadi inkişafı haqqında tarixi əhəmiyyətli ilk Dövlət Proqramı qəbul edildi. Ötən dövrdə bu istiqamətdə ümumilikdə 4 Dövlət Proqramının icrası gerçəkləşdirildi. Bu proqramların icrası nəticəsində Azərbaycan regionlarının siması bütünlüklə dəyişdi, rayonlar və iri şəhərlərdə çoxsaylı infrastruktur layihələri həyata keçirildi. Yüz minlərlə iş yerləri yaradıldı, ölkə əhalisinin sosial-rifah halı yaxşılaşmağa başladı. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevrildi.
Ötən müddətdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri oldu. Həmçinin, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan bu təsisatın ən fəal üzvü kimi, 2020-ci ildə dünyanı cənginə alan koronavirus bəlasının qarşısının alınması üçün bir çox təşkilatlara və dövlətlərə təmənnasız olaraq yardım etməklə növbəti nümunə yaratdı.
Ölkəmizdə ötən 21 il ərzində ictimai-siyasi əhəmiyyətli beynəlxalq tədbirlərə, mötəbər forumlara, məhhur idman və musiqi yarışmalarına, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına uğurlu ev sahibliyi etdi. Xüsusilə, ordu quruculuğu sahəsində böyük addımlar atıldı. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı ilə Ermənistana və bu mənfur dövləti təcavüzə hörükləyən dairələrə nələrə qadir olduğunu nümayiş etdirdi. 2020-ci ilin iyul ayında şanlı ordumuz Tovuz hadisələrində işğalçı və təzavüzkar Ermənistana, onun arxasında dayanan qüvvələrə bir daha yerini göstərdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi ilə cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Rəşadətli ordumuz 2022-ci ilin “Qisas” və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatları ilə düşmənə ağır zərbə vurdu. Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran da daxil olmaqla, bütün yurd yerlərimiz işğaldan azad olundu, ölkəmizin bütün ərazilərində dövlət suverenliyimiz tam təmin edildi.
Postmüharibə dövründə tarixi Zəfərimizdən az sonra işğaldan azad olunmuş ərazilərimiz bərpa-yenidənqurma işlərinə start verildi. Son 4 il ərzində Qarabağ və Şərqi Zəngəzurda əsl quruculuq, dirçəliş yaşanmaqdadır. Bu gün qalib Azərbaycan Qələbələrdən Qələbələrə inamla addımlayır. Bəli, bütün bu uğurlar Heydər Əliyev siyasətini layiqincə davam etdirən Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ağıllı, müdrik siyasəti nəticəsində əldə edilib. Heydər Əliyevin sözləri ilə desək, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: