xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Yeni dövrün yeni hədəfləri olmalıdır

12-01-2024, 15:43 6 dəfə baxılıb




Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və Azərbaycan hər zaman öz şərtlərini açıq şəkildə səsləndirirdi. Separatçılar bizim torpağımızdan çıxmalıdır və bunun tarixini verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq. İnvestisiya Proqramı bərpa işlərinin əsas alətidir. Beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə təsdiq olunacaq. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanaların inşaatı artıq başlamışdır, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr və digər infrastruktur layihələr fasiləsiz icra olunur. Keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Həm gedənə qədər sakinlər üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək. İcra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq. Bu il vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. 140 min keçmiş köçkün yaxın üç il ərzində öz dədə-baba torpaqlarına qayıdacaqdır. Hədəfimiz 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Bütün bunlar daxili imkanlar hesabına edilir.Özəl sektor Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoymalıdır. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir. Bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar.
Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək.Tarixi Zəfəri bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır.Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə biz heç vaxt sakitləşməməliyik. Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir.İkinci Qarabağ müharibəsi başa çatanda bir vakuum yaradılmışdı və heç kim bilmirdi ki, bundan sonra nə olacaq. Çünki doğrudan da çox unikal bir situasiyadır və o zaman məhz Azərbaycan tərəfi bu boşluğu doldurmaq üçün təklif elədi ki, sülh müqaviləsi olmalıdır. Hər halda danışıqlar başlanmalıdır. Azərbaycan məlum beş prinsipi rəsmiləşdirdi və bu prinsiplər əsasında faktiki olaraq danışıqlar başlamışdır. Ermənistan və bəzi başqa ölkələr bu prinsiplərə Qarabağla bağlı mövzunu da əlavə etmək istəmişdilər. Halbuki biz ilk gündən bunun əleyhinə idik. Qarabağ bizim daxili işimizdir, əgər sülh müqaviləsi imzalanarsa, bu, dövlətlər arasındakı müqavilə olacaq.Həm Ermənistan, həm də onun havadarları çalışırdılar ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri də müqaviləyə salınsın. Biz isə deyirdik ki, əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir. Ermənistan 70 gün ərzində bizim təklifimizə cavab vermirdi. Biz onu artıq rəsmi qaydada bildirəndən sonra təklif verdilər və hazırda onların təklifində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni, bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb - məhz sentyabr əməliyyatından sonra. Ermənistan istəyir ki, sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi