“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” dağ-mədən sənayesinin və metallurgiyanın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bunu açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının təsdiqlənməsini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı Qarabağ və Şərqi Zəngəzurun uzun müddət erməni işğalı altında qalması həm bu istiqamətdə Azərbaycanın sərvətinin talanmasına yol açıb, həm də ölkəmizin bu resurslardan uzun müddət istifadəsinə mane olub:
“İşğal altında olduğu üçün nə bu sahədə araşdırmalar aparıla bilib, nə də bu resursların iqtisadiyyata, iqtisadi dövriyyəyə cəlb edilməsi mümkün olub”.
Ekspert vurğulayıb ki, yaxın 3 ildə bu sahəyə 5,3 milyard manat vəsait yatırılacaq, bunun 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektordan cəlb edilmiş kreditlər və borc vəsaitləri hesabına olacaq:
“Yəni, dövlət 3 il ərzində təqribən 15-20 min kvadrat kilometrlik ərazidə axtarış-tədqiqat, istismar işləri həyata keçirəcək, yeni müəssisələrin qurulması baş verəcək, minlərlə davamlı, dayanıqlı və yüksək əmək haqqı ilə iş yerləri açılacaq. Proqram uğurla nəticələndiyi təqdirdə, ixracın bu istiqamətdə 2.6 dəfə artacağı gözlənilir”.
X.Kərimlinin fikrincə, bu, qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək:
“Ölkəyə alternativ valyuta daxil olması kanalı genişlənəcək. Hazırda bu, bir neçə qızıl və alüminium müəssisələrinin ixracından formalaşır. Həm qızıl, həm qeyri-qızıl - mis, gümüş yataqlarının istismara verilməsi dövlətin qeyri-neft ixracı sahəsində imkanlarını genişləndirəcək və davamlılığı, dayanıqlı iş yerlərini təmin etməklə, büdcə-vergi ödənişlərini artırmaqla, həm də əhalinin rifahının yaxşılaşmasına müsbət töhfə verəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 23-də “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməli, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.