Prezident İlham Əliyev ötən həftə bir daha İrəvanla sülh sazişi üçün əsas maneənin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası olduğuna diqqət çəkdi. Rəsmi İrəvan isə Bakının haqlı tələbini yenə qıcıqla qarşıladı, bunu həyasızcasına hətta öz daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.
Üstəlik, Ermənistan XİN-in məsələ ilə bağlı yaydığı bəyanatda iddia olundu ki, Ermənistan konstitusiyası, sən demə, heç də sülhə əngəl deyilmiş, çünki sülh sənədinin mətnində belə bir bənd yer alır: “Tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz”.
Azərbaycan XİN artıq bu iddiaya cavab verərək onu əsassız sayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin yaydığı bəyanatda bununla bağlı deyilir: “Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasındakı ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tam əsassızdır. Heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır".
Ardınca XİN vurğulayıb ki, Ermənistanın konstitusiyanı dəyişmək tələbinin gözardı edilə biləcəyi ilə bağlı bu yanaşma İrəvanın dayanıqlı sülhdə maraqlı olmadığını və indiki konstitusiyanın gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Yəni yenə vaxt udmaq cəhdi.
Gerçəkdən də, tutaq ki, sözügedən öhdəliyin olduğu sülh müqaviləsi imzalandı. Hətta Ermənistan parlamenti də sənədi ratifikasiya etdi. Bəs Ermənistanın Konstitusiya Məhkəməsi “sülh sənədi konstitusiyaya ziddir” deyib onu ləğv edə bilərmi?
Hüquq eksperti Yusif Bağırzadə “Yeni Müsavat”a öncə bildirdi ki, rəsmi Bakının Ermənistan müstəqillik bəyannaməsi və konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbi kifayət qədər haqlı tələbdir və bununla bağlı konstitusiya dəyişikliyi heç bir halda Ermənistanın daxili işi hesab oluna bilməz. Bu artıq Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və Azərbaycanın da beynəlxalq hüquqa görə də bu təhdidləri ortadan qaldırmaq hüququ var. Bunu Ermənistan ya xoşluqla, müvafiq dəyişikliklə təmin etməlidir, ya da Azərbaycan bu təhdidin ortadan qaldırılması üçün hətta Ermənistanı silahsızlaşdırmaqla bağlı müəyyən addımlar ata bilər: “Əgər ərazi iddiaları qalmaqda davam edərsə bu o deməkdir ki, gələcəkdə hər hansı Ermənistan hakimiyyəti ölkəsinin əsas qanununu, yəni Konstitusiyanı əsas tutaraq sülh sazişini tamamilə bir kənara ata bilər. Paşinyandan sonrakı istənilən Ermənistan hakimiyyəti bir müddət keçdikdən sonra Ermənistanın Konstitusiya Məhkəməsinə Azərbaycanla imzalanmış sülh sənədinin Ermənistan konstitusiyasına zidd olub-olmadığı ilə bağlı rəsmi müraciət edər və Konstitusiya Məhkəməsi də hakimiyyətdən gələn sifarişlə qərar çıxarar ki, filan zaman Ermənistan hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında imzalanmış sülh müqaviləsi, yaxud sülh müqaviləsinin filan hissəsi Ermənistan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edir və bu səbəbdən sülh sazişi qüvvədən düşmüş sayılır, yaxud sülh sazişi qanuni deyil. Yəni ermənilərdən hər cür pozuculuq hərəkəti gözləmək mümkündür. Ona görə də Paşinyan əgər hiylə işlətmirsə sülh sazişindən öncə referendum keçirib konstitusiyada dəyişiklik etməlidir. Ermənistanın sülh sənədində "tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasının olması ilə bu problemin ortadan qalxdığı ilə bağlı mövqeyi isə qəbulolunan deyil. Çünki ölkənin konstitusiyası daha üstün bir sənəddir və revanşist qüvvələrin hakimiyyəti zamanı onlar çox asanlıqla məhz konstitusiyanı əsas götürərək sülh sazişini mübahisələndirə bilərlər.
Ümumiyyətlə isə istər Nikol Paşinyanın, istərsə də Alen Simonyan və Ararat Mirzoyan kimi digər rəsmi şəxslərin konstitusiya dəyişikliyinin vacibliyi ilə bağlı artıq bir neçə müddətdir ki, apardıqları təbliğatın birdən-birə dayandırılması və bu cür əks-fikirlərin ortaya atılması onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin “biz sülhə hazırıq” bəyanatları beynəlxaq ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.
Odur ki, indiki halda Ermənistanla hər hansı sülh sazişindən söhbət gedə bilməz. Yeganə yol, Ermənistanın digər öhdəliklərlə yanaşı konstitusiyaya dəyişikliklər edəcəyi öhdəliyinin də öz əksini tapdığı çərçivə sazişinin imzalanması ola bilər. Yalnız bundan sonra Ermənistanın öhdəlikləri hansı səviyyədə icra etməsindən asılı olaraq sülh sazişi də imzalana bilər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.