Ermənistanda Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya proseslərinə etiraz olaraq aksiya mayın 9-dan etibarən yeni bir mərəhələyə qədəm qoyub. Qazaxın Xeyrimli kəndində erməni kilsəsinin rəhbərliyi ilə başladılan etiraz aksiyası dünəndən İrəvanın mərkəzi meydanında hökumətin istefası tələbi ilə davam etdirilməkdədir. Bu aksiyalara əvvəlkindən fərqli olaraq erməni kilsəsi rəhbərlik edir və aksiyanın aparıcısı arxiyepiskop Baqrat Qalstanyandır.
Təbii ki, bu aksiyanın arxa planında bölgədə sülhə əngəl yaratmaq istəyən kilsə ilə yanaşı, ölkə daxilində hələ də revanşist planlarından əl çəkməyən qüvvələrlə bərabər bəzi xarici qüvvələr və ölkələr var. Kilsə erməni cəmiyyətində ciddi təsirə malik olsa da, bu prosesdə sadəcə olaraq kütləviliyi təmin etmək və bütün gücləri hakimiyyətə qarşı təzyiqi təmin etmək üçün bir vasitədir.
Kilsənin bu proseslərdə canfəşanlığının digər bir səbəbi də Paşinyan hakimiyyəti ilə düşmən mövqedə olmasıdır. Çünki Paşinyan komandası erməni kilsəsinin dövlət idarəçiliyinə müdaxiləsini məhdudlaşdırması kilsə tərəfindən kəskin əks reaksiya ilə qarşılandığından indi bunun əvəzini mövcud hakimiyyətdən qisas almaqla öz əvvəlki mövqelərini bərpa etməyə çalışır.
Aksiya iştirakçıları hökumətin istefasını tələb etsə də, indiki mərhələdə aksiya təşkilatçılarının əsas hədəfi Paşinyan hakimiyyətinə təzyiq etmək üçün İrəvan mərkəzinə bacardıqca maksimum etirazçı qüvvəsi toplamaq və bunun davamlılığını təmin etməkdir.
Müxalifətin Paşinyan hakimiyyətini siyasi yolla istefaya göndərməsinin bir neçə yolu var:
- növbədəkənar seçkilərin keçirilməsinə vadar etmək
- parlamentdə lazımi səs toplayıb hökumətə etimadsızlıq göstərmək yolu ilə istefaya məcbur etmək
- lazımi güc olduqda zorakı metdolara əl atmaq
- hərbi gücdən də faydlanmaq yolu ilə Paşinyan hökumətini istefaya yollamaq.
Paşinyan hakimiyyətini növbədənkənar seçkilərə vadar etmək üçün müxalifət meydana həddindən artıq güc toplamalı və onun inkişaf tempini bir müddət qoruyub saxlamağı bacarmalıdır. Bununla yanaşı siyasi təzyiq mexanizmlərindən faydalanmalıdır. Təbii ki, xarici güclər, xüsusən diaspora, İran, Rusiya və digərləri hakimiyyətə təzyiq imkanlarından faydalanaraq daxildəki qüvvələrə dəstək verəcəklər. Qeyd edilən qüvvələrə aksiyanın izdihamlılığını təmin etmək üçün maliyyə dəstəyi ilə yanaşı, daxildəki resursları ilə yardım edəcəklər. Bu, qarşıdakı günlərdən aksiyanın davam etmə tendensiyasından asılı olacaq.
İkincisi, parlamentdə hökumətə etimadsızlıq yolu ilə Paşinyan hakimiyyətini yola salmaq qeyri-real görünür. Çünki bunun üçün müxalifətin parlamentdə yetəri gücü yoxdur. Hazırkı vəziyyətdə 105 yerlik parlamentdə cəmi 33 təmsilçisi var. Hökumətə etimadsızlıq nümayiş etdirmək üçünsə, ən azı müxalifətin 53 səsə ehtiyacı var. Buna nail olmaq üçün Paşinyan komandasından 20 deputatın müxalifət cərgəsinə keçməsi və onların tələbini dəstəkləməsi qeyri-realdır. 5-10 səsə ehtiyac olsaydı bəlkə bunu etmək olardı, amma ən azı 20 deputatın səsini qazanmaq qeyri-mümkündür. Həmin deputatların da sonrakı mərhələdə marağını təmin etmək mümkün deyil. Odur ki, Ermənistan müxalifətinin hökumətə etimadsızlıq yolu ilə Paşinyanı istefaya yollaması perspektivi yoxdur.
Digər yollar isə siyasi və hərbi zorakılıq metodundan istifadə etməklə hakimiyyətə gəlməkdir ki, bu da başlanan aksiyanın gələcək günlərdəki inkişaf tendensiyasından asılı olacaq.
Onu da unutmaq lazım deyil ki, Paşinyan hakimiyyəti və ona dəstək verən Qərb ölkələri də sakitcə prosesi izləməycək. Onlar da Ermənistandakı maraqlarını qorumaq üçün adekvat addımlar atmalı olacaqlar. Hazırda Qərb ölkələrinin yetəri səviyyədə kəşfiyyat orqanları ilə yanaşı digər institutları Ermənistanda çalışır. Paşinyan və onu dəstəkləyənlər hansısa formada aksiyanın dinamikliyinin qarışısını almaq üçün hansısa taktikalardan istifadə edəcəklər.
Başqa bir məqam isə ondan ibarətdir ki, meydana toplaşan qüvvələrin daxilində uğur əldə edəcəkləri təqdirdə kimin baş nazir olması məsələsi fikir ayrılığına səbəb ola bilər. Çünki ortada tərəfləri razı sala biləcək real namizəd yoxdur.
Bütün bu və digər amillər onu deməyə əsas verir ki, aksiya təşkilatçıları qarşılarına qoyduqları hədəflərə nail ola bilməyəcəklər. Amma bununla belə onlar ölkənin siyasi səhnəsində ömürlərini uzatmağa və varlıqlarını qoruyub saxlamağa çalışacaqlar.
Onu da qeyd etmək yerinə düşər ki, aksiyadan Paşinyan da öz maraqları üçün maksimum faydalanmağa çalışacaq. Bu aksiya bir neçə məqamda Paşinyanın marağına xidmət edir.
Birincisi, Qərbdəki dəstəkçilərinin daha çox hərtərəfli dəstəyinə nail olmaq baxımdan;
İkincisi, Azərbaycanla sülh danışıqlarında, o cümlədən sərhəddəki demarkasiya və delimitasiya prosesində öz əlini gücləndirmək baxımdan. Amma istənilən halda bu aksiyalar Ermənistanı uğura deyil, daha pis dalana dirəyəcək. Çünki bu aksiya bölgədəki maraqlı güclər arasındakı toqquşmanı daha da kəskinləşdirəcək. Bununla da İrəvan geosiyasi güclərin açıq toqquşma məkanına çevrilə bilər ki, bu da Ermənistanın gələcək taleyini sual altına salar.
Onu unutmaq lazım deyil ki, bəzi güclər Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsində maraqlı olduğundan geosiyasi toqquşmanın açıq müstəviyə keçməsində maraqlıdırlar. Bu da bütövlükdə bölgə üçün təhdiddir.
Bakı və Ankara İrəvanda baş verən prosesləri izləyir və onlar Ermənistandakı hadisələrin təhlükəli həddə çatmasına nə göz yumacaq, nə də proseslərə biganə yanaşacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.