Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da olduqca mühüm əhəmiyyətə malik idi.Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.Ulu Öndər Heydər Əliyev keçmiş Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş, idarəetmə qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, ölkə hakimiyyətinin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı.
“Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.” Ulu Öndər Heydər Əliyev (Xarici ölkələrin media rəhbərləri ilə görüş, 14 iyul 2001-ci il)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.