“EU Reporter” saytı Taras Kuzionun Fransanın Cənubi Qafqazdakı qərəzli siyasəti ilə bağlı məqaləsini dərc edib.
“Fransanın Cənubi Qafqaza qərəzli münasibəti problemi yeni bir şey deyil. Paris 1992-ci ildən Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını tapmaq məqsədi ilə ATƏT-in Minsk Qrupuna Moskva və Vaşinqtonla birlikdə həmsədrlik edir. Qrup mövcud olduğu üç onillikdə heç bir uğur əldə edə bilməyib və 2010-cu ildən Fransa və ABŞ-ın da buna marağını itirdiyindən durğunluq mərhələsinə qədəm qoyub.
İkinci Qarabağ müharibəsindən əvvəlki onillikdə Bakı Parisin İrəvana açıq qərəzli münasibətindən getdikcə daha çox məyus oldu. Bunun iki səbəbi var. Birincisi, Fransa və ABŞ-da böyük erməni diasporları yaşayır. İkincisi, Paris Türkiyəni yox, Yunanıstanı, ona görə də Azərbaycanı yox, Ermənistanı dəstəkləyir.
ABŞ da bu durumda ermənilərdən yana idi. Uzun müddət Azərbaycana qarşı hərbi yardımdan imtina etmişdi.
Amerika siyasəti yanlış təəssürat yaratdı ki, guya münaqişədə günahkar Azərbaycandır, faktiki olaraq Ermənistan beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin beşdə birini qanunsuz işğal etmişdi. Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşməsi də erməni diasporunun lobbiçiliyini artırıb.
Fransanın Cənubi Qafqaza balanslaşdırılmış yanaşmasını davam etdirməməsi İkinci Qarabağ müharibəsindən sonra daha çox özünü büruzə verdi. Fransa parlamentinin hər iki palatası Qarabağda erməni separatizminin dəstəklənməsinə səs verdi. Bu, onların əsl simasını üzə çıxardı.
Məqalədə qeyd olunur ki, Fransa bu yaxınlarda Rusiyanın hərbi müttəfiqi və iqtisadi tərəfdaşı olan Ermənistana hava hücumundan müdafiə sistemi satıb. Bu ilin əvvəlində Paris Kiyevə analoji “Thales GM 200” sistemi təqdim etdi. Amma Moskva Ermənistanın hava hücumundan müdafiəsinə nəzarət etdiyi üçün bu texnologiyanın Rusiya hərbçiləri tərəfindən öyrənilməsi və hətta Rusiyaya ötürülməsi ehtimalı yüksəkdir.
Yazıda bildirilir ki, Parisin İrəvanı dəstəkləməsinin təsdiqi Fransanın “Arquus” müdafiə şirkətindən Ermənistana 24 “Bastion” zirehli texnikasının çatdırılması olub. Bu zirehli transportyorların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar ötən ilin oktyabrından davam edir. Amma Ukrayna yaşamaq üçün müharibə aparır, Ermənistan isə təhlükə altında deyil. İrəvanın Bakı tərəfindən hədələndiyi barədə bəyanatların isə heç bir əsası yoxdur.
Ermənistan Rusiyanın rəhbərlik etdiyi KTMT-nin qurucu üzvüdür. İrəvan isə təşkilatın səmərəsizliyi barədə bəyanatlarına baxmayaraq, qurumdan çıxmaq imkanını nəzərdən keçirmir.
Fransanın Ermənistanla təhlükəsizlik əlaqələri NATO və Aİ-nin Ermənistanın uzunmüddətli təhlükəsizlik əlaqələri olan Rusiya və İrana qarşı siyasətlərinə ziddir.
Fransa bir çox digər Aİ üzvləri kimi, Ermənistanın Avropaya inteqrasiyasını alqışlayardı, lakin bu, real dünyaya əsaslanmalıdır, fantaziyadan irəli gələn bir şey deyil. Güclü Ermənistan-Rusiya münasibətləri bir gecədə dəyişdirilə bilməyən üç onillik inteqrasiyanın nəticəsidir.
Məqalə müəllifi hesab edir ki, Paris İrəvana hərbi dəstək verməklə tələsik addım atır. Kreml Britaniyanın Aİ-dən çıxmasını dəstəkləsə də, Putinin Ermənistanın KTMT və Aİİ-dən çıxmasına icazə verəcəyinə dair heç bir sübut yoxdur.
Görünən odur ki, Fransa bir-birinə zidd məqsədlər güdür - Ukraynanın ərazi bütövlüyünü bərpa etmək və erməni separatizmini təşviq etmək. Eyni zamanda, Parisin silah təchizatı dolayısı ilə Moskva və Tehrana Qərb hərbi texnikasına çıxış imkanı verir ki, bu da həm Ukrayna, həm də İsrail təhlükəsizliyinə təhdid yaradır”, - Kuzio yazıb.
mənbə: caliber
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.