“Azərbaycanın Qarabağ üzərində tam nəzarəti Rusiya və İranın Cənubi Qafqazda geostrateji mövqeyinin zəifləməsinə gətirib çıxaracaq”.
Bu sözləri İranın ermənipərəst və Azərbaycana qarşı mövqeyi ilə tanınan Ehsan Movəhhedian “İran diplomatiyası” saytında Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam şəkildə bərpası Rusiya və İranın regionda mövqeyini zəiflədəcək. O, hesab edib ki, Ermənistanın KTMT-dən çıxdığı təqdirdə İran sərhədlərində Türkiyə, İsrail və NATO-nun təsir imkanları artacaq.
“ABŞ və Avropa Qafqazdakı münaqişəyə sülhü bərpa etmək üçün deyil, İrana təzyiqi artırmaq üçün müdaxilə edib”,-deyə Movəhhedian bildirib.
Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan-Ermənistan münasibətlərinin bərpası və hər iki ölkə arasında sülhün təmini Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərə, daha doğrusu, regiona yeni güc mərkəzlərinin daxil olmasına gətirib çıxara bilər. Onsuz da son siyasi və iqtisadi proseslər fonunda ABŞ və Avropa İttifaqı, eləcə də Türkiyə artıq Cənubi Qafqazda görünməkdədir.
ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüsləri Cənubi Qafqazın hər ikisi üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya müsahibəsində regionda hazırki proseslər və güc mərkəzlərinin təsir imkanları barədə fikirlərini bölüşüb. DİA.AZ onunla söhbəti təqdim edir:
-Rusiya və İranın Cənubi Qafqazda geostrateji mövqeyinin zəifləməsinə başlıca hansı amillər səbəb ola bilər?
-Rusiya və İranın Cənubi Qafqazda mövqeyinin zəifləməsi prosesi artıq başlayıb. Bunun bir neçə səbəbi var. Hər iki ölkənin dünya tərəfindən qəbul edilməməsi və onların apardığı təcavüzkar siyasət, xüsusilə Tehranın beynəlxalq terrorizmi dəstəkləməsi, ətrafındakı dövlətlərin daxili işlərinə qarşıması, o cümlədən İranın özündə insan haqlarının tapdalanması beynəlxalq ictimaiyyətin hədəfində olan əsas məsələlərdir. İran özünün daxili və xarici siyasətində destruktiv addımları mühüm prioritet hesab edir. İran hakimiyyəti məqsədyönlü şəkildə bölgədə sülh, əmin-amanlıq və iqtisadi rifahın formalaşmasına əngəllər yaradır. Məhz bu səbəblərə görə region dövlətlərinin bu ölkəyə münasibəti mənfidir.
Bu baxımdan, İranın regionda rolu zəifləməkdədir və bundan sonra da zəifləyəcək. Çünki müasir dünyanın yeni texnologiyalara və sivil, normal qonşuluq münasibətlərinə ehtiyac olduğu halda İran fərqli davranışlar sərgiləyir. Bu davranışlar orta əsr üsül- idarəsinə əsaslanır və bütün beynəlmiləl dəyərləri inkar edir. İranın istənilən bölgənin inkişafı və rifahı üçün təqdim edəcəyi heç bir siyasi, iqtisadi və mədəni təklifləri yoxdur. Bu ölkənin irrasional və dağıdıcı siyasəti onun müxtəlif bölgələrdə, xüsusilə Cənubi Qafqazda nüfuzunu aşağı salmaqdadır.
O ki qaldı Rusiyanın Cənubi Qafqazda bu günki geostrateji mövqeyinə, Moskva bu regionda öz tarixi dominant gücünü qoruyub saxlamaqdadır. Bu vəziyyət keçən ilin əvvəllərinə qədər stabil qalıb. Bunun əsas səbəbləri regionun 200 ilə yaxın Rusiyanın müstəmləkəsi olması, Kremlin regionda milli zəmində münaqişə ocaqları yaratmaqla öz varlığını davam etdirməsi və Ermənistanda uzunmüddətli hərbi-siyasi mövcudluğu, o cümlədən Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlaması və digər təsir imkanları ilə bağlıdır. Rusiya bundan sonra da bu siyasəti davam etdirmək niyyətində olacaq.
Amma keçən ilin fevralında Moskvanın Ukraynada başlatdığı işğalçı müharibə Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurdu. Nəticədə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunub. Bu da Rusiyanın iqtisadiyyatına çox böyük mənfi təsir göstərməkdədir. Ukraynada ciddi problemlərlə üzləşməsi və savaş bataqlığına girməsi Rusiyanın Cənubi Qafqazda geostrateji təsirinin azalmasına təkan verir.
Həm Rusiya, həm də İran qlobal güclərlə geosiyasi rəqabətdə ciddi uğursuzluğa düçar olub. Rusiya da İran kimi regionda destruktiv siyasi aparır, həmçinin heç bir normal təklif vermədiyi üçün onun geosiyasi nüfuzu getdiqcə zəifləyir. Xüsusilə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qeyri-konstruktiv müdaxilələr hər iki ölkədə Rusiyaya qarşı əks mövqelərin yaranmasına gətirib çıxarıb. Bununla yanaşı, Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiyanın vasitəçiliyi indiyə kimi heç bir müsbət nəticə verməyib. Vaşinqton və Brüssel formatlarından fərqli olaraq Rusiya bu prosesdə konstruktiv mövqe tutmaq istəmir. Moskva daha çox öz maraqlarına üstünlük verməklə regionda daim gərginliyin qalmasında maraqlıdır.
-Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin bərpa olunması Cənubi Qafqazda hansı dəyişikliklərə gətirib çıxaracaq? Sizcə, ABŞ və Türkiyənin regionda möhkəmlənməsi ehtimalı ola bilər?
-Artıq bu dəyişiklikləri görməkdəyik. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan əvvəlki dövrlərə nisbətən daha da güclənib, möhkəmlənib. Azərbaycan qalib dövlətdir, onun xalqı da qalib xalqdır. Azərbaycanın regionda siyasi və iqtisadi qüdrəti açıq şəkildə görünməkdədir. Otuz il ərzində ölkəmizin inkişafına ciddi mane olan Qarabağ probleminin tam həlli və Qarabağ üzərində suverenliyin tam şəkildə bərpasından sonra Azərbaycanın bütün istiqamətlərdə önü açılacaq, ən əsası da daha möhkəm geosiysi və geoiqtisadi mövqeyə malik olacaq. Bu gün biz bu prosesi müşahidə etməkdəyik.
O ki qaldı ABŞ və Türkiyənin Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsinə, Türkiyə son üç-dörd il ərzində regionda öz siyasi, hərbi və iqtisadi nüfuzunu ciddi şəkildə artırıb. Azərbaycanla bütün istiqamətlərdə yüksək səviyyəli münasibətlərin qurulması, xüsusilə bu münasibətlərin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə çevrilməsi Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmləndirir. Digər yandan, Türkiyə son 10-15 il ərzində beynəlxalq səviyyədə nüfuzlu ölkəyə, böyük gücə çevrilib, habelə qlobal oyunçular arasında yer alıb. Eyni zamanda, hərbi-müdafiə səviyyəsində əldə edilən uğurlar Türkiyənin mövqeyinə və nüfuzuna müsbət təsir göstərir.
Onu da nəzərə alaq ki, Türkiyənin Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstanla da kifayət qədər sıx münasibətləri var. Həqiqətən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini görürük. Üç ölkə arasında bu günə qədər keçirilmiş hərbi təlimlər Türkiyənin Cənubi Qafqaz üçün nə qədər önəmli olduğunu görsədir.
Hətta Rusiya Prezidenti Vladimir Putin də Türkiyənin Cənubi Qafqazda regional oyunçuya çevrildiyini etiraf edib.
-Yaxın gələcəkdə ABŞ-ın Cənubi Qafqaz strategiyasında hansı dəyişikliklər müşahidə ediləcək?
-1990-ci illərdən başlayaraq ABŞ regionun üç ölkəsi ilə çoxtərəfli əməkdaşlığını davam etdirir. Vaşinqton həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanla müxtəlif sahələrdə güclü əlaqələr qurub. Bildiyimiz kimi, ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq formatları mövcuddur.
Bundan başqa, ABŞ-ın Ermənistandakı səfirliyi digər postsovet ölkələrdəki səfirliklərinə nisbətən daha böyükdür. Eləcə də Paşinyan və onun komandasının hakimiyyətə gəlməsində, iqtidarda davamlı şəkildə qalmasında ABŞ-ın ciddi rolu olub. ABŞ həmçinin Gürcüstana da ciddi hərbi-siyasi və iqtisadi dəstək göstərir. Xüsusilə, Saakaşvilinin hakimiyyəti dövründə Vaşinqton və Tiflis arasında ikitərəfli əlaqələr daha yüksək səviyyədə olub. Məhz Vaşinqtonun dəstəyi ilə Gürcüstan NATO ilə dərin əməkdaşlıq edən ölkələrdən birinə çevrilib.
ABŞ-ın Cənubi Qafqazda rolunun artması daha çox onun apardığı indiki siyasətdən asılı olacaq. Hal-hazırda ABŞ Rusiya ilə Cənubi Qafqaz üzərində ciddi geosiyasi mübarizəyə cəlb olunub. Vaşinqtonun bu mübarizədə uğur qazanması real görünür. ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə edilib. ABŞ bu vasitəçilik missiyasını müsbət sonluqla nəticələndirsə, onun bölgədə rolu artacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.