Azərbaycan hərbçiləri Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağını dalğalandırıblar.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işləri intensivləşmişdi.
Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunurdu.
Həmin ərazilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında idi.
Martın 25-də Müdafiə Nazirliyi məlumat yaydı ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Nazirliyin martın 30-da yaydığı məlumatda da yeni yüksəkliklərin nəzarətə götürüldüyü bildirilib.
Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.