Qarabağda separatçı-terrorçu rejimin təxribata əl atması "nə baş verir” və "nəyə nail olmaq istəyirlər” suallarını önə çıxardı. Bunun Xocalıda ermənilərlə ilk təmasdan sonra baş verməsi də diqqətçəkən əsas nöqtələrdən biridir.
Xocalı görüşü erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələsində ilk gediş idi. Separatçılar bu görüşü "bizi tərəf kimi qəbul edirlər” formasında təqdim etməyə çalışsa da, beynəlxalq ictimaiyyət görüşü "erməni əhalisi ilə Bakının təması” olaraq qəbul etdi. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın görüşlə bağlı fikirləri də bunu təsdiq edir.
Bu vəziyyətdə həm prosesi pozmaq, həm də "Azərbaycana inteqrasiya mümkün deyil” görüntüsü yaratmaq üçün separatçıların "çıxış yolu” gərginliyin yaradılması idi:
- Şuşa, Xocavənd və Ağdam da daxil olmaqla ordumuzun mövqelərinə atəş açmağa başladılar;
- Yeni səngərlər qazır, mövqelərini gücləndirirdilər;
Lakin separatçıların üzləşdiyi başqa bir problem var: Laçın yolunda 80 gündən artıqdır davam edən aksiya onların silahlanmasını çətinləşdirir;
"Problemi” aradan qaldırmaq üçün gizli yollardan istifadə cəhdlərinin olduğu sirr deyil. Belə istiqamətlərdən biri də Laçın yolundan yan keçən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməkdir.
Dünən bu yoldan keçən avtomobilin saxlanılmasına cəhd olarkən, erməni terrorçular ordumuzun hərbçilərinə qarşı silahdan istifadə edib, nəticədə qarşıdurma yaşanıb. İki hərbçimiz şəhid olub, erməni terrorçulardan üçü məhv edilib.
Ermənistan və separatçı rejim videgörüntülər yayaraq, Azərbaycanı "təxribat”da ittiham edirlər. Halbuki, iki məqam ordumuzun gizli keçidə cəhd edən avtomobilə müdaxiləsi zərurətini yaradırdı.
Birincisi, Ermənistandan gələn avtomobilin Laçın yolundan kənar ərazidən keçməsi yükün qeyri-humanitar məqsədli olduğuna dəlalət edir və birbaşa legitim hədəfə çevirir: avtomobildə qanunsuz yük yoxdursa, niyə aksiyanın davam etdiyi Laçın yolundan kənar, gizli ərazidən keçməyə cəhd ediblər?!
İkincisi, son dövrlər erməni terrorçuların Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan intensiv istifadə etdiyi və bu yoldan silah-sursat daşındığına dair Azərbaycan tərəfi məlumatlı olub;
Görünür, separatçı-terrorçular böyük təxribata hazırlıq məqsədilə Ermənistandan yeni silahları Azərbaycan ərazisinə bu yolla keçirməyə çalışıb. Azərbaycan ordusu müdaxilə ilə üç mühüm nəticə əldə etmiş oldu:
1. Böyük təxribat üçün gətirilən silah-sursatın qarşısı alındı;
2. Ermənilərin qeyri-humanitar yüklər üçün istifadə etdikləri gizli yollarını ifşa etdi;
3. Beynəlxalq ictimaiyyətə nümayiş etdirdi ki, Qarabağdakı separatçı-terrorçular suverenliyimizə təhdid yaradır və onlar erməni əhalisinin "təmsilçisi” ola bilməz;
Bununla yanaşı, son hadisələrdən sonra Azərbaycan ordusunun cavab addımlarının daha ağır olacağı gözləntiləri də var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.