Qərb ekspertlərinin “Türkiyə əvvəl-axır ABŞ-ın qarşısında geri çəkilərək, Ağ Evin təlimatlarına uymaq məcburiyyətində qalacaq” məzmunlu proqnozları artıq iflasa uğramaq üzrədir... Avropaya yönəlik təbii qaz xabını yaratmaq niyyətini gizlətməyən, Ukrayna savaşında vasitəçilik missiyasını davam etdirən, NATO-nun genişlənmə prosesini öz nəzarətində saxlayan, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarına təsir göstərə bilən Türkiyə indi yeni siyasi iradə mərkəzinə çevrilərək, erməni-yunan diaspor ortaqlığını aciz duruma salıb...
Türkiyə beynəlxalq məkanda öz siyasi-diplomatik mövqelərini möhkəmləndirməkdə davam edir. Bu proses həm də rəsmi Ankaranın siyasi iradəsinin beynəlxalq problemlərin həllində ənənəvi avanqard dünya dövlətlərlə paralelləşməsinə də yol açır. Hətta bəzi önəmli məsələlərə münasibətdə Türkiyənin siyasi iradəsi daha ön plana çıxmış kimi görünür.
Məsələ ondadır ki, hazırda Ukrayna savaşı ətrafında yaranmış situasiyada effektiv manevrlər etmək imkanlarını qoruyub, saxlaya bilən yeganə ölkə Türkiyə hesab olunur. Digər avanqard ölkələrin bəziləri Rusiya, bəziləri isə Ukrayna ilə “körpüləri yandırmış” duruma düşüblər. Bu səbəbdən də, Ukrayna savaşında birmənalı şəkildə “tərəf” statusunda çıxış etmək məcburiyyətində qalıblar.
Türkiyə isə həm Rusiya, həm Ukrayna ilə normal münasibətləri qoruyub, saxlayır. Üstəlik, Kreml də, rəsmi Kiyev də Türkiyəyə güvəndiklərini, etimad göstərdiklərini, etibar etdiklərini qətiyyən gizlətmirlər. Rəsmi Ankara belə tərəfsiz mövqeyi sayəsində Rusiya və Ukrayna ilə danışıqlar apararaq, “taxıl dəhlizi”nin açılmasına nail olub, dünyanı ərzaq böhranından xilas edə bilib. Hətta son vaxtlar Türkiyə Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi prosesini reallaşdırmağı da bacarıb.
Təbii ki, bəzi nüfuzlu dünya ölkələri, xüsusilə də, Fransa Türkiyənin bu uğurlarına və beynəlxalq məkanda təsir gücünün artmasına açıq-aşkar qısqanclıqla yanaşır. Çünki, Türkiyənin yeni dünya düzənində əsas geopolitik oyunculardan birinə çevrilmək perspektivi bəzi dövlətlərdə narahatlıqla qarşılanır. Ona görə də, bütün mümkün vasitələrlə rəsmi Ankaranın siyasi-diplomatik manevr imkanlarını məhdudlaşdırmağa çalışırlar.
Ancaq hələlik Türkiyə güzəştsiz və prinsipial xarici siyasət kursunda israrçı davranır. Rəsmi Ankara hətta NATO-nun genişləndirilməsi prosesini də demək olar ki, təkbaşına öz nəzarəti altına almış kimi görünür. Çünki, Rusiyanın şimal sərhədlərində yerləşən iki ölkənin – İsveç və Finlandiyanın NATO-ya üzvlüyü indi yalnız Türkiyənin verəcəyi qərardan birbaşa asılı vəziyyətdədir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara NATO-nun “qapılar”ını bu iki dövlətin üzünə açmağa qətiyyən tələsmir. Çünki həm İsveç, həm də Finlandiya bu ölkələrdə fəaliyyət göstərən terrorçuların təhvil verilməsi barədə Türkiyə qarşısında öhdəlikləri hələ də yerinə yetirməyib. Üstəlik, İsveçdə PKK/YPG terrorçu qruplaşmasının təmsilçiləri tərəfindən aksiya keçirilərək, Türkiyənin təhqir olunası hazırda rəsmi Ankaranı ciddi şəkildə qəzəbləndirib. Və Türkiyə rəsmiləri İsveçin, eləcə də, Finlandiyanın yaxın vaxtlarda NATO üzvlüyünə razılıq verməyəcəyini vurğulayıblar.
Əslində, Türkiyənin belə qətiyyətli mövqeyi rəsmi Ankaranın beynəlxalq rəqiblərini çətin vəziyyətə salır. Onları Türkiyənin maraqları və mövqeyi ilə hesablaşmaq məcburiyyətində buraxır. Hətta şəriksiz dünya jandarmı statusuna iddialı olan ABŞ belə, son vaxtlar Türkiyə ilə anlaşmağın yollarını axtarmağa başlayıb. Halbuki, NATO üzrə yaxın müttəfiq olan bu iki dövlət arasında münasibətlər ABŞ-ın Türkiyəyə “F-35” döyüş təyyarələri satmaqdan imtina etməsindən sonra soyumuşdu. Rəsmi Ankaranın buna cavab olaraq, Rusiyadan “S-400” raket kompleksləri alması ABŞ-Türkiyə ziddiyyətlərini daha da dərinləşdirmişdi.
Son məlumatlara görəsə, son vaxtlar Ağ Ev Türkiyə ilə münasibətləri normallaşdırmaq qərarı verib. ABŞ hazırda bir çox beynəlxalq problemlərin həllində Türkiyənin dəstəyinə ehtiyac duyur. Ona görə də, Bayden administrasiyası rəsmi Ankaranın ABŞ-dan yeni “F-16” döyüş təyyarələri almaq istəyinə müsbət cavab vermək niyyətində olduğunu qətiyyən gizlətmir. Üstəlik, Türkiyənin “F-35” döyüş təyyarələrinə olan marağını da təmin etməyin yollarını axtarır.
Məsələ ondadır ki, Bayden adminsitrasiyasından fərqli olaraq, ABŞ Konqresindəki Türkiyə əleyhdarları iki ölkənin münasibətlərinin normallaşdırılmasında qətiyyən maraqlı deyillər. Daha çox erməni və yunan diasporlarının təsiri altında olan bəzi konqresmenlər son illərdə Türkiyə ilə hərbi ticarətin bloklanmasında xüsusi rol oynayıblar. Halbuki, Ağ Evin israrı və təzyiqləri ABŞ Konqresini Türkiyə ilə hərbi ticarəti bloklayan bəzi qanunverici aktların ləğvinə də yol açıb.
Belə anlaşılır ki, Ağ Ev son vaxtlar Türkiyə siyasətinə yenidən baxmaq, rəsmi Ankara əleyhinə ritorikasını dəyişmək məcburiyyətində qalıb. Bəzi ehtimallara görə, indi Türkiyə ilə strateji tərəfdaşlıq ABŞ-a əvvəlki dövrlərdə olduğundan daha çox lazımdır. Ağ Ev rəsmi Ankaranın beynəlxalq məkanda möhkəmlənməkdə olan mövqelərindən ABŞ-ın maraqları çərçivəsində yararlana biləcəyinə ümidlidir.
Maraqlıdır ki, Ağ Ev admisitrasiyası ABŞ Konqresini Türkiyəyə münasibətdə daha yumşaq mövqeyə yönəltməyə başlayıb. Belə ki, ABŞ Konqresi Türkiyə-ABŞ münasibətlərinin perspektivləri barədə son hesabatın mətninə kifayət qədər ciddi dəyişikliklər etməli olub. Həmin sənədin mətnindən iki ölkənin münasibətlərinə mənfi təsir göstərə biləcək dəyərləndirmələr çıxarılıb.
Son məlumatlara görə, hesabatın yeni mətnində rəsmi Ankaranın ünvanına olan iradlar və iki ölkə arasındakı ziddiyyətləri xatırladan məqamlar artıq yer almır. Sənədin ilk mətnində olan “Türkiyənin NATO-ya üzv olduğu 1952-ci ildən sonra rəsmi Ankaranın xarici siyasət kursunda Qərbə yaxınlaşma meylləri çox zəif olub” cümləsi, eləcə də, prezident Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı dedikləri lazımsız hesab olunub. Eyni zamanda, Türkiyənin Rusiyadan “S-400” raket kompleksləri almasına, demokratiya, insan haqları və hüququn aliliyinin vəziyyətinə həsr olunmuş bölümlərdən də imtina edilib.
Bütün bunların əvəzinə hesabata “Türkiyədəki növbəti seçkilərin nəticələri rəsmi Ankaranın xarici siyasətinə zəif təsir göstərəcək” cümləsi əlavə olunub. Eyni zamanda, sənədin yeni versiyasında Türkiyənin NATO üçün önəmi, rəsmi Ankaranın Ukrayna savaşı kontekstində Avropanın təhlükəsizliyi ilə bağlı oynadığı əhəmiyyətli rol xüsusi olaraq, vurğulanıb. Və bu, o deməkdir ki, Ağ Ev Türkiyədə Ərdoğan hakimiyyətinin dəyişdirilməsinin vacibliyi barədə son vaxtlara qədər çağırışlarından tam şəkildə geri çəkilir.
Digər tərəfdən, ABŞ Türkiyənin həm NATO, həm də Avropanın təhlükəsizliyi üçün önəmini qabartmağı vacib hesab edib. Ağ Ev atdığı bu addımla rəsmi Ankaranın ABŞ-a qarşı sərt və prinsipial mövqeyini yumşaltmağa çalışır. Çünki hazırda bir çox önəmli beynəlxalq məsələlərə münasibətdə ABŞ və Türkiyənin mövqeləri kəskin şəkildə toqquşur. Xüsusilə də, Türkiyənin Rusiya ilə sanksiyalara bulaşmayan tərəfdaşlığı ABŞ-ın Kremli sıxışdırmaq planlarını iflasa uğradır. Və hətta proseslərin gələcək inkişaf istiqamətləri bu məsələdə Türkiyəni yeganə siyasi iradə mərkəzinə də çevirə bilər.
Bütün bunlar onu göstərir ki, Qərb ekspertlərinin “Türkiyə əvvəl-axır ABŞ-ın qarşısında geri çəkilərək, Ağ Evin təlimatlarına uymaq məcburiyyətində qalacaq” məzmunlu proqnozları artıq iflasa uğramaq üzrədir. Çünki hazırda rəsmi Ankaranın Ağ Ev qarşısında deyil, əksinə, ABŞ-ın Türkiyə qarşısında geri çəkilmək məcburiyyətində qaldığı müşahidə olunur.
Çünki Avropaya yönəlik təbii qaz xabını yaratmaq niyyətini gizlətməyən, Ukrayna savaşında vasitəçilik missiyasını davam etdirən, NATO-nun genişlənmə prosesini öz nəzarətində saxlayan, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarına təsir göstərə bilən Türkiyə indi yeni siyasi iradə mərkəzi statusu qazanmağa başlayıb. Bütün bunlara yeni hərbi texnologiyalara sahibləndiyini, özünə aid enerji resursları qaynaqları əldə etdiyini və s. də əlavə etdikdə, Türkiyənin necə nəhəng gücə çevrilmək üzrə olduğunu təsəvvür etmək çətin deyil. Və bu səbəbdən də, Ağ Evin rəsmi Ankara ilə ziddiyyətləri artıq Türkiyənin deyil, məhz ABŞ-ın maraqlarına sarsıdıcı zərbələr vura bilər. (Yeni Müsavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.