Ağ Evin yeni rəhbəri Co Bayden “erməni soyqırımı"nı tanımasına baxmayaraq Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır və biz son günlərdə Vaşinqton-Ankara arasında münasibətlərdə pozitiv məqamları müşahidə etməkdəyik.
Bunu açıqlamasında siyasi ekspert Əhməd Əlili iyunun 14-də baş tutacaq Bayden-Ərdoğan görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, son günlərdə Vaşinqton-Ankara arasında bütün istiqamətlər üzrə mövcud münasibətlər, əməkdaşlıq yeni bir mərhələnin astanasında olduğunun göstəricisidir. “Bu istər terrorla mübarizə məsələsində, istərsə də digər məsələlərdə olsun. Konkret olaraq bu yaxınlarda FETÖ lideri Fətullah gülənin qardaşı oğlunun Keniyadan tutularaqTürkiyəyə gətirilməsi bunun bariz nümunəsidir. Əslində, Ağ Evin yeni rəhbərliyi Ankaraya mesaj vermək istəyir ki, iki ölkə arasında münasibətlərdə gərginlik yaradan bu məsələdə Vaşinqton tərəfindən ciddi addımlar ata bilər”, - o qeyd edib.
Siyasi ekspert əlavə edib ki, ümumiyyətlə, Türkiyənin son illərdə istər beynəlxalq aləmdə, istərsə də, regional məsələlərdə, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə mövqeyi güclənərək, möhkəmlənib: “Türkiyənin son illərdə yürütdüyü siyasət faktiki olaraq bir qlobal güc kimi meydana çıxaraq formalaşmasına şərait yaratdı. Bu isə Ankaraya bundan sonra Cənubi Qafqazda, Orta Asiya, Yaxın Şərqdə daha inamlı addımlar atmasına imkan verəcək ki, bu da Azərbaycanın maraqlarına xidmət edir. Vaşinqton Türkiyənin artan bu rolunu gördüyündən əməkdaşlıq etməkdə maraqlıdır. Odur ki, Bayden-Ərdoğan görüşündən sonra da biz iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın şahidi olacağıq. ABŞ-Türkiyə arasındakı pozitiv əməkdaşlıq sözsüz ki, bölgəyə də təsirsiz ötüşməyəcək. Bu eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində və bölgədə sülhün yaranmasına da öz töhfəsini verəcəyini düşünürəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.