10 noyabr bəyanatından keçən son 17 ayda bölgədə Ermənistanın qarşılıqlı etimadın artırılması üçün lazımi addımlar atmalı olduğunu dəfələrlə qeyd etdik. Lakin Ermənistan dövlətini vahid şəkildə görmək son dərəcə yanlış olar.
Bu sözləri Kəlbəcərdəki mövqelərimizin atəşə tutulmasını və İrəvanda davam edən mitinqləri Axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Generalın sözlərinə görə, Ermənistanın daxilindəki müəyyən qüvvələr bölgədə sülhə və təhlükəsizliyə mane olmaq üçün xaricdəki mərkəzlərin sifarişlərini icra edirlər:
“Hazırda Ermənistanda dövlət içində dövlət var. Bu “dərin dövlət”in isə əli qanlıdır. Onların əli Xocalıda, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və digər bölgələrdə soydaşlarımızın qanına batıb. Bu əliqanlı qatillər sülhün bərqərar olmasını istəmirlər. Çünki əgər sülh olsa, birincisi, qatillər dəstəsinin mənfəətləri təhlükəyə düşəcək, ikincisi isə son iki yüz ildə muzdlu kimi alət olduqları imperial əməllərin sonu gələcək. Bəzi imperialist ölkələr bölgəyə birbaşa müdaxiləyə mane olduğu üçün burada dayanıqlı sülhün bərqərar olmasını istəmirlər. Bu əliqanlı qatillər və onların böyük qardaşları həm cəbhədə, həm də Ermənistanın daxilində vəziyyəti gərginləşdirmək yolu ilə Nikol Paşinyan hökumətini təzyiq altında saxlamaq istəyirlər. Məqsəd isə həm Brüssel görüşlərində əldə edilən razılaşmaların həyata keçirilməsini, həm də Türkiyə ilə Ermənistan arasında normallaşma proseslərini əngəlləmək yolu ilə Rusiyanın bölgədə “həllsizlik” planını reallaşdırmaqdır”.
Yücel Karauz Ermənistanda baş verən hadisələrin hakimiyyət çevrilişi ilə nəticələnə biləcəyini, Azərbaycanın sərhəddəki təxribatlara sərt cavab verməli olduğunu qeyd edib:
“İndi İrəvanda baş verənlər doğum sancısına bənzəyir. Nəticə olaraq daxili qarışıqlıq və Paşinyan hakimiyyətinin devrilməsi baş verə bilər. Sözügedən qüvvələr bir tərəfdən özünü sülhsevər kimi göstərmək istəyir, digər tərəfdən daxildə çəkişmələr olsun deyə, öz əməllərindən çəkinmir, eyni zamanda Azərbaycanın sərhəd mövqeləri qəsdən atəşə tutulur. Bir neçə gün öncə Ali Baş Komandan İlham Əliyevin həm Şuşada, həm də ADA-da çıxışı zamanı vurğuladığı kimi, əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımadığını elan edəcək. Bununla bərabər isə Azərbaycan Silahlı Qüvvələri öz üzərinə düşən vəzifəni yerinə yetirərək yarımçıq qalmış işləri tamamlayacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.