Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi start götürəcək.
"Magnus Karlsen Invitational" adlanan yarışda Azərbaycanı bu dəfə iki şahmatçı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Onlar yarışın ilk günündə 5 rəqiblə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov I turda qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq. O, II turda ağ fiqurlarla Daniil Dubov (Rusiya), III turda qara fiqurlarla Hikaru Nakamura (ABŞ) ilə görüşəcək. Təcrübəli qrossmeyster IV turda Yorden van Foresti ağ, (Niderland), 5-ci turda Maksim Vaşye-Laqravı (Fransa) qara fiqurlarla sınağa çəkəcək.
Teymur Rəcəbov ilk iki qarşılaşmasını ağ fiqurlarla keçirəcək. 34 yaşlı qrossmeyster müvafiq olaraq Aniş Giri (Niderland) və Alan Piçotla (Argentina) üz-üzə gələcək. Rəcəbov III turda Uesli So (ABŞ), IV turda isə Levon Aronyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək. Dünya Kubokunun qalibi Soya qarşı qara, Aronyana qarşı isə qara fiqurlarla oynayacaq. Şahmatçı günün son görüşünü qara fiqurlarla Daniil Dubova (Rusiya) qarşı keçirəcək.
"Magnus Karlsen Invitational"
I tur
Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Aniş Giri (Niderland)
II tur
Teymur Rəcəbov - Alan Piçot (Argentina)
Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya)
III tur
Uesli So (ABŞ) - Teymur Rəcəbov
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov
IV tur
Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland)
Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)
V tur
Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov
Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov
Qeyd edək ki, "Magnus Karlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanacaq. İlk yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü Zeynəb Məmmədyarova olacaq.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.