İlk iki ayını yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə “Heydər Əliyev İli” kimi daxil olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi respublikamızda azərbaycançılıq ideyalarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcək.
Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli simalarındandır. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz şəxsiyyət liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir lider idi. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi və Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu. 1993-cü ildə xalqın təkidli tələblərindən sonra ikinci dəfə ölkədə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük əmək sərf etdi. Həmin dövrdə Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. Ulu Öndərin qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi şəxsiyyətin səyləri ilə qısa müddət ərzində ölkədə stabillik yaradıldı, cəbhə xəttində atəşkəsə nail olundu, iqtisadi islahatlara başlanıldı, bərpa-quruculuq işlərinə start verildi. İqtisadi inkişafa təkan verəcək beynəlxalq miqyaslı layihələr imzalandı və onların icrasına başlanıldı. Ulu Öndər deyirdi: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.” Bu ali məqsədini həyata keçirilmək üçün var gücünü əsirgəmirdi.
1995-ci il may ayının 27-də Respublika sarayında Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda geniş nitqlə çıxış edən Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.” Ömrünün sonuna kimi o, bu sözlərinə sadiq qalaraq ölkəmizin inkişafı və hərtərəfli tərəqqisi üçün çalışdı. Bununla da Azərbaycan tarixində əbədi iz qoydu. Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri hər bir incəliyi ilə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyimizin nümayişinin parlaq təzahürü oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi.
Hafizə Xudiyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.