Məhəmməd Balaqadaşov: Gücümüz birliyimizdədir
20-10-2022, 12:07
57 dəfə baxılıb
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov - Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha geniş coğrafi miqyasda genişləndirilməsinə çalışmaqla, bütövlükdə türk dünyasının qəbul etdiyi, rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Dövlət başçısı İlham Əliyevə ötən il Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi də türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələrin təqdimatı oldu.
Cənab İlham Əliyevin cari ildə türkdilli dövlətlərə, həmin ölkələrin dövlət başçılarının isə Azərbaycana səfərləri münasibətlərin yüksələn xətlə inkişafının göstəricisidir. Hər səfərdə müzakirə olunan məsələlər, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsi gələcək inkişafın aydın mənzərəsini yaradır. Cənab İlham Əliyevin Qırğızıstana, onun ardınca Qazaxıstana işgüzar səfəri də bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirildi. Qazaxıstan Prezidenti “Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır: “Düşünürəm ki, bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.”
Onu da qeyd edək ki, hər bir beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər iştirakçı dövlətlərin malik olduqları imkanların, dünya birliyində yeri və rolunun təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası və MDB Dövlət Başçıları Şurasının iclası xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı İlham Əliyev həm 30 illik işğal, həm də postmünaqişə dövrünün reallıqlarını tədbir iştirakçılarına çatdırdı. Bir daha bu statistika diqqətə çatdırıldı ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlanıb. Böyük Qayıdış adlanan proqram artıq başlayıb.
Cənab İlhan Əliyev bu məqamlara da diqqəti yönəltdi ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.
MDB Dövlət Başçıları Şurasının iclasında diqqət yönəldilən məsələlərdən biri Azərbaycan tərəfinin sülh müqaviləsi təklifi və Ermənistanın təxribatları ilə bu prosesin uzanmasına çalışması oldu. Ermənistan keçirilən Brüssel və Praqa görüşlərində Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edir, sülh müqaviləsinin imzalanması ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşməsinin vacibliyini təsdiqlədiyi halda sonrakı mərhələdə hər vəchlə bu prosesin uzanmasına səy göstərir. Bu baxımdan Praqada keçirilən dördtərəfli görüş diqqətdən kənarda qalmadı. Azərbaycan xoş məram nümayiş etdirib Fransa Prezidentinin bu görüşdə iştirakına icazə versə də Emmanuel Makron görüşdən bir həftə sonra təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.
Dövlət başçısı postmünaqişə dövrünün reallıqlarının hər birini əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki, həmkarlarımı baş vermiş hadisələr haqqında məlumatlandırmağı zəruri hesab etdim, çünki baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, yeganə həqiqi versiyanı mənim özümdən eşidəsiniz.
Qısa təhlil əsasında tarixi Zəfərimizin Azərbaycanın beynəlxalq nüfuzuna, türkdilli dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafına davamlı töhfələr vermək istəyinin şahidi olduq. Azərbaycan hər zaman bu çağırışı səsləndirir ki, gücümüz birliyimizdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR