ADAU-da inkişaf və fərqlilik göz qabağındadır
28-07-2022, 10:48
196 dəfə baxılıb
ADAU-nun bir qrup əməkdaşı universitetin tələbəsi olmuş, şəhid Niyaməddin Sultanzadənin əziz xatirəsini yad ediblər
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov başda olmaqla universitetin bir qrup professor-müəllim heyəti universitetin tələbəsi olmuş, şəhid Niyaməddin Sultanzadənin əziz xatirəsini hörmətlə anıblar.
Universitet kollektivi əvvəlcə Masallı rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayonun ictimaiyyət nümayəndələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının həmçinin, şəhid Niyaməddin Sultanzadənin məzarını ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Sonra şəhid Niyaməddin Sultanzadənin doğulduğu evə baş çəkilib. Evdə şəhidin xatirəsinə yaradılan guşə ilə tanışlıq olub.
Qeyd edək ki, Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb.
10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi olub.
Azərbaycan Ordusunun könüllü əsgəri olan Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında izdihamla dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Hüsaməddin oğlu Sultanzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Dövlət Aqrar Universiteti professor-müəllim heyəti rektor, professor İbrahim Cəfərov rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.
Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Azərbaycan Dövlət Aqrar Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR