Azər İsmayılov: Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib
11-06-2021, 13:33
202 dəfə baxılıb
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov - Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 30 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bugünkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müxtəlif situasiyalarla üzləşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.
Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin ötən 28 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ulu öndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və daşımaçılıq layihələri təşkil edir.
Qeyd edək ki, son illər Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında turizm sektorunun böyük rolu olmuşdur. Dünya turizm sənayesində 3-cü və 4-cü yerləri bölüşən Türkiyənin turizm sahəsindəki təcrübələrinin Azərbaycana gətirilməsi ölkəmizdə bu sektorda beynəlxalq standartların tətbiq olunması, xidmətin keyfiyyətinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda turizm xidmətinin daha da inkişaf etməsi və ölkəmizin turizm obyektləri barəsində türkiyəli istirahətsevərlərin məlumatlandırılması sayəsində gələcək illərdə respublikamıza da bu ölkədən turist axını artacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR