Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Moskva Ermənistana təbii qaz nəqlini müvəqqəti dayandırıb.
Fransanın “Le Monde” qəzeti bunu Ermənistanın Avropa İttifaqına yaxınlaşması fonunda Moskvanın İrəvana iqtisadi təzyiqinin güclənməsi kimi qiymətləndirib.
“Qazprom Ermənistan” şirkəti sentyabrın 14-də Rusiyadan Ermənistana təbii qaz tədarükünün 10 gün müddətinə – sentyabrın 15-dən 25-dək dayandırılacağını açıqlayıb.
Şirkət qərarı qaz nəqli sistemində profilaktik və təmir işlərinin aparılması ilə izah edib. Bildirilib ki, bu müddətdə istehlakçıların qazla təminatı fasiləsiz və məhdudiyyətsiz davam etdiriləcək. Bunun üçün Ermənistanın daxili ehtiyatlarından və İrandan daxil olan təbii qazdan istifadə olunacaq.
Rusiya qazı Ermənistan üçün həyati əhəmiyyət daşıyır. 2025-ci ildə Ermənistan təxminən 2,705 milyard kubmetr təbii qaz idxal edib. Bunun 2,229 milyard kubmetri Rusiyadan gəlib. Beləliklə, Rusiyanın Ermənistanın qaz idxalındakı payı təxminən 82,4 faiz təşkil edib. Qalan 17,6 faiz isə İranın payına düşüb.
“Qazprom Ermənistan”ın qərarı Rusiya-Ermənistan münasibətlərində gərginliyin davam etdiyi bir dövrə təsadüf edir.
“Le Monde” yazır ki, İrəvan tədricən uzun illər əsas müttəfiqlərindən biri olmuş Rusiyadan uzaqlaşır. Ermənistanda Moskvanı 2020-ci ildə Azərbaycanla 44 günlük müharibədən sonra müttəfiqlik öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməkdə günahlandıran qüvvələr var.
Bunun fonunda Ermənistan Avropa və ABŞ ilə münasibətlərini genişləndirməyə başlayıb. İrəvan Rusiyadan asılılığını azaltmağa və xarici siyasət əlaqələrini şaxələndirməyə çalışdığını bildirir.
Ermənistan 2025-ci ilin yanvarında ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlamaq niyyətini rəsmiləşdirən qanun qəbul edib.
Moskva isə Ermənistanın bu istiqamətdə hərəkətini Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ilə uyğun hesab etmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.