“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, 10-11 aylıq tikinti müddətində qatarlar “Nizami”-“28 May” arasında fəaliyyət göstərməyəcək. Həmin müddətdə “28 May” stansiyası bağlanmayacaq, çünki “İçərişəhər -Həzi Aslanov” xəttində dəyişiklik yoxdur. "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar isə ödənişli, yəni 60 qəpik olacaq.
Məlumat ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bununla bağlı öz etirazını bildirən vətəndaşlar qeyd edirlər ki, həmin proses zamanı əhali ikiqat çətinliklə üzləşməli olacaq.
Bəs Bakıda metro stansiyasında tikinti işləri ilə bağlı vətəndaşın ikiqat xərcə düşməsi istehlakçı hüquqlarının pozulması deyilmi? Metro işləmədiyi müddətdə alternativ nəqliyyat ödənişli olmalıdırmı? Bu müddətdə avtobusların sayının artırılması kifayət edəcəkmi? Problemin daha optimal həlli nə ola bilər?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a vurğulayıb ki, metroda aparılan təmir və yenidənqurma işləri zərurətdən irəli gəlir: "Yəni bu, sadəcə hansısa bir biznes, kommersiya layihəsi deyil. Bunun həyata keçirilməsində əsas məqsəd vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdir. Bilirsiniz ki, Bakı Metropoliteni sovet dövründə ozamankı standartlara və şəhərin həmin vaxtkı əhali sayına uyğun hesablanıb. İndi isə müasir tələblərə cavab vermir. Müasir tələblərə cavab vermək üçün də bu yenidənqurma işləri aparılmalıdır ki, qəza riskləri azalsın, platformalara daha çox qatarlar buraxıla bilsin. Qatar çox buraxılanda intervallar da azalır. Daha keyfiyyətli, yayda soyutma sistemi olan, qışda isitmə sistemi olan qatarlar gətirilsin. Yəni bütün bu məsələlər ona görə həyata keçirilir ki, vətəndaşlar üçün rahatlıq olsun”.
Onun sözlərinə görə, bu xətlərin ayrılması zəruri idi: “Yəni o vaxtlar tikilən metro, dediyimiz kimi, o vaxtkı standartlara uyğun tikilib. Amma indi elə olmalıdır ki, hər bir istiqamətin özünün ayrıca zolağı olmalıdır, müstəqil, avtonom fəaliyyət göstərməlidir. Amma indi elədir ki, müxtəlif istiqamətlərə gedən sərnişinlər məcburdurlar ki, eyni platformada hamısı yığışıb qatarları gözləsinlər".
Ekspert hesab edir ki, təmir-tikinti işləri başa çatdıqdan və xətlər ayrıldıqdan sonra bunun müsbət nəticələri sərnişinlər üçün də hiss olunacaq: "Bu xətlərin ayrılmasından, təmir-tikinti işləri gedəndən sonra bunun effektini biz görəcəyik. Yəni bu, məlumdur ki, müvəqqəti çətinlikdir, olmalıdır. Təsəvvür edin ki, hər hansı bir qəza baş verib hansısa bir metro stansiyasında. Bu zaman onda necə olacaqdı bəs? Dövlət ekspress avtobuslarını təmin edir, 6 marşrut istiqamətində bu ekspress avtobuslar fəaliyyət göstərəcək".
Ekspertin fikrincə, yaranmış vəziyyəti istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirmək doğru deyil: "O zaman biz istehlakçı hüquqlarının pozulmasını deyərdik ki, istehlakçının əvvəlcədən məlumat almaq hüququ pozulsaydı. Amma burada təmir-tikinti işləri ilə bağlı əvvəlcədən əhaliyə, sərnişinlərə, bir sözlə, istehlakçıya məlumat verilir ki, təmir işləri ilə bağlı zəruri səbəblərdən müəyyən stansiyalarda hərəkət olmayacaq. Və istehlakçı hələ ora bilet almayıb, pulunu ödəməyib. Ona görə biz onu istehlakçı hüququnun pozulması kimi dəyərləndirə bilmirik. Bəli, vətəndaşın istehlakının xərci artacaq. Bunu kimsə, yəni, inkar edə bilməz. Əgər, təbii ki, bu ekspress avtobuslar pullu olacaqsa, bəli, burada xərc artacaq. Sadəcə burada bir təsəlli var ki, ekspress avtobuslar təşkil olunur, müxtəlif istiqamətlərə. Metro işləmədiyi müddətdə alternativ nəqliyyat vasitəsi ödənişli də ola bilər, ödənişsiz də ola bilər. Bu, artıq müvafiq qurumların balansında olan vəziyyətlə bağlıdır. İndi hazırda Bakı şəhərinin özündə hələ avtobus çatışmazlığı var. Biz avtobusların yenilənmə prosesinə hələ yeni başlamışıq. Cəmi iki-üç ildir ki, sürətli proseslər gedir, avtobuslar yenilənir. Uzun müddət idi ki, özəl daşıyıcı şirkətlər köhnə avtobuslarını dəyişmirdilər. Müxtəlif stimullaşdırıcı addımlarla onlar da dəvət olunur ki, avtobuslar yenilənsin, marşruta yeni avtobuslar buraxılsın. Amma yenə də hələ avtobus çatışmır".
Eldəniz Cəfərov qeyd edib ki, avtobus parkı kifayət qədər geniş olsaydı və vahid ödəniş sistemi vaxtında qurulsaydı, metroda təmir işləri zamanı sərnişindaşımanın kompensasiya mexanizmləri hesabına pulsuz həyata keçirilməsi də mümkün ola bilərdi: "Avtobusumuz çox olsaydı, məsələn, 2800 tələb olunan avtobusumuz olsaydı, həmçinin vahid ödəniş sistemi qurulsaydı vaxtında, bəli, ola bilərdi ki, bu daşınmalar pulsuz, müxtəlif müəyyən kompensasiya ilə həyata keçirilsin. Və bununla bağlı da indi iş aparılır. Bilirsiniz ki, artıq brutto müqaviləsi ilə bağlı proses gedir. Dövlət tərəfindən daşıyıcı şirkətlərin müəyyən marşrutları subsidiyalaşdırılacaq ki, onlar sərnişin sayından, marşrutun rentabelli olub-olmamasından asılı olmayaraq, mütləq ora, deməli, keyfiyyətli, təhlükəsiz daşımanı həyata keçirməlidirlər həmin marşrutda. Və vətəndaşların da müvafiq təyin olunmuş reqlament əsasında müvafiq saata qədər, yəni gecə saatlarına qədər daşınmasını təmin etməlidirlər. Bu proses hələ yeni başlayır".
Ekspert qarşıdakı dövrdə metroda aparılacaq işlərin gedişindən asılı olaraq müəyyən dəyişikliklərin də mümkün olduğunu qeyd edib: "Qarşıda hələ yeni mövsümün başlamasına bir ay müddət var. Daha sonra bu metro tikintisi 11 ay müddətində, təxminən, tikintisi keçiriləcək. Ola bilər ki, müəyyən dövrdə bu proseslə, işlə bağlı müəyyən yenə də dəyişikliklər, əlavələr olsun. Qarşıda olan məsələni keyfiyyətlə həyata keçirmək üçün, əlbəttə ki, ilk növbədə avtobusların sayı artırılmalıdır. Ekspress xəttə buraxılan avtobusların sayı çox olmalıdır, onların arasında interval az olmalıdır. Daha sonra həmin marşrutlar (M1-dən M6-ya qədər olan marşrutlar) üzrə istiqamətdə avtobus zolaqları yoxdursa, müvəqqəti də olsa, orada xüsusi avtobus zolaqları çəkilməlidir. Mikromobillik vasitələrinin həmin marşrutlarda hərəkəti – velosipedlərin, mopedlərin, elektrikli samokatların, skuterlərin hərəkəti təşkil olunmalıdır. Lazımdırsa, hətta onlar üçün də, məsələn, 28 Maydan Elmlər Akademiyasına qədər bir tələbənin mikromobillik vasitəsilə gedə biləcəyi bir istiqamətdə müvəqqəti də olsa, mikromobillik zolağının təşkil olunması da ola bilər. Metro stansiyası ətraflarında, həmin o ərazilərdə mikromobillik vasitələrinin kirayəsini və duracaqlarını təşkil etmək – bunlar da yaxşı olar, düşünürəm. Çünki bizim indi gənc vətəndaşlarımızın bir qismi mikromobillik vasitələrindən rahatlıqla istifadə edə bilir. Yəni mikromobillik vasitələrinin olması, hərəkəti də bir qədər bu sərnişin axınını, bir qədər bu yükü azalda bilər. Yəni hər şey koordinasiyalı, dəqiq həyata keçirilsə, bu problemin öhdəsindən gəlmək olar".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.