Aqibət Məmmədov: Sarsılmaz birliyin daha bir nümunəsi
27-03-2023, 10:41
85 dəfə baxılıb
"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Aqibət Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Aqibət Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov - Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı qədim tarixə malikdir. Azərbaycan Prezidenti İlham Əliyvin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi bir daha bu qardaşlığa işıq saldı.
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində 48 min insanın həlak olması, yüz mindən artıq insanın yaralanması, genişmiqyaslı dağıntıların qeydə alınması Azərbaycanda da faciə ilə qarşılandı. Cənab İlham Əliyevin qeyd olunan Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulduğu halda Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə tədbirin Ankarada keçirilməsi təklifi də deyilənlərin təsdiqidir. Bu təşəbbüsün reallığa çevrilməsi Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi dəyərləndirildi.
Zəlzələnin ilk anından Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və sıravi insanların yardım kampaniyalarına fəal şəkildə qoşulması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında həmin anlara bir daha diqqəti yönəldərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.
Dövlət başçısının çıxışlarında diqqət yönəltdiyi əsas məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının 44 günlük İkinci Qarabağ müharibəsində ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək olur. Bu dəstək Azərbaycana böyük güc verdi. Dünya Azərbaycanın tək olmadığının şahidinə çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğan tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər Paradında da Prezident İlham Əliyevin yanında oldu. Bu, qardaşlığın, dostluğun sarsılmazlığının dünyaya nümayişi idi.
Cənab İlham Əliyev Zirvə görüşündə postmünaqişə dövrünün əsas reallıqlarından biri kimi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs etdi. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurulur. Bu, postmünaqişə dövründə öz maliyyə resurslarımız hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük Qayıdış proqramının icrasına başlanılıb.
Bu mühüm məqamlar da qeyd edildi ki, yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Prezident Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib. Dövlət başçısı İlham Əliyev bildirmişdir: “Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm.”
Qardaş Türkiyədə baş verən zəlzələ bütün sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bu sarsılmaz birliyin daha bir nümunəsi kimi dünyanın diqqətində oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR