Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.
Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir.
Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır . Ulu Öndər Heydər Əliyev də öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Azərbaycandakı multikulturalizmlə bağlı Heydər Əliyev deyirdi: “Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik”.
Prezident cənab İlham Əliyev 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında qeyd etmişdir: “Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır”.
Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə, mədəni həyatının zənginləşməsinə dövlət səviyyəsində göstərilən diqqət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Fərqli mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin xarakterini səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Prezident İlham Əliyev uzaqgörən siyasi lider kimi bu faktoru nəzərə alaraq, Azərbaycan vətəndaşlarına belə bir ideya aşılayır ki, dünyadakı qloballaşma şəraitində multikultural dəyərlərin qarşılıqlı təsiri milli və dini mənsubiyyətindən asılı olmayaraq insanlardan mədəniyyətlərarası dialoqu dəstəkləməyi və başqalarının mədəni dəyərlərinə hörmətlə yanaşılmasını tələb edir. Milli və dini münasibətlərin inkişafı sahəsində Prezident İlham Əliyevin apardığı siyasət etnik və dini mənsubiyyəti, mədəni dəyərləri və adət-ənənələrindən asılı olmayaraq bütün ölkə vətəndaşları tərəfindən dəstəklənir.
Müxtəlif dini konfessiyaların fəaliyyəti üçün yaradılmış şərait cəmiyyətin mənəvi sərvətləri sırasında vicdan azadlığının özünə mühüm yer tutmasını təmin edir. Azərbaycanda yaşayan etnik qruplar ümumi birgəyaşayış qaydaları əsasında özlərinin mədəni-mənəvi dəyərlərini və etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayır. Ölkədəki bütün dini icmalar və etnik qruplar multikulturalizmin inkişafında, dostluq və humanizm prinsiplərinin ictimai həyatda öz təsdiqini tapmasında, ictimai-siyasi sabitliyin təmin olunması və vətəndaş həmrəyliyinin möhkəmlənməsində yaxından iştirak edir. 44 günlük Vətən müharibəsində tarixi və əbədi düşmənimiz, faşist xislətli ermənilərə qan udduran cəsur oğullarımız millət seçimi etmədən döyüşlərdə birlik, əzmkarlıq və bir-birinə dayaq, dəstək nümayiş etdiriblər. Müharibə zamanı ən çıxılmaz, çətin, mürəkkəb vəziyyətlərdə isə bir-birinin ən yaxın köməkçisi və yardımçısı olublar. Bu oğullar bir yumruq kimi birləşərək, erməni faşistlərinə hər an kəsərli cavab veriblər.
Sirr deyil ki, Azərbaycan xalqı tarixən başqa mədəniyyətlərə, dinlərə, etnik qruplara həmişə tolerant yanaşmasıyla fərqlənib və bu gün də belədir. Dünyanın bəlkə də yeganə ölkəsiyik ki, bəzi şəhərlərimizdə yəhudi, xristian və müsəlman məbədləri yan-yana tikilib və aralarında heç bir problem olmadan fəaliyyət göstərirlər. Milli Qəhrəmanlarımız arasında yəhudilərin, rusların və digər xalqların da olması Azərbaycanın bu torpaqda yaşayan hər kəs üçün vətənə çevrilməsinin ən bariz təsdiqidir. Böyük Zəfərin qazanılmasında Azərbaycanda yaşayan azsaylı xalqların, millətlərin nümayəndələrinin böyük rolu olub. Onların hamısı bir amal uğrunda - Azərbaycanımızın bütövlüyü və Qarabağ torpaqlarının düşməndən təmizlənməsi uğrunda döyüşüb.
Səlimağa Səlimli,
Salyan rayonu Şəkərli kəndi, Əməkdar müəllim, YAP üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.