Musa Abbasov: "Uğurumuzun yeganə təminatı İlham Əliyev və onun ətrafında möhkəm milli həmrəyliyimizdir"
10-11-2022, 10:54
48 dəfə baxılıb

Neftçilər xəstəxanasının baş direktoru Musa Abbasov - “8 noyabr zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə heç şübhəsiz ki, ən şanlı səhifəmizdir. Əlbəttə, qələbəmizin hərbi-siyasi nəticələri aydındır, biz işğala son qoyduq, bölgənin güc mərkəzinə, əsas nüfuz sahibinə çevrildik. Amma daha önəmlisi Azərbaycan cənab İlham Əliyevin liderliyində öncə ermənilərə, son yüz ildə isə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi”.
İlk növbədə, erməni mənafelərini ehtiva edən iki əsrlik gedişata "dur" deməklə Prezident İlham Əliyev Cənubi Qafqazın tarixində ilk dəfə uzun müddətli sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı:
“Eyni zamanda bölgəyə köçdükləri dövrdən etibarən ermənilər tərəfindən bu torpaqların əsl sahibləri azərbaycanlılara qarşı etnik təmizləmə məqsədi ilə törədilən insanlıq əleyhinə cinayətlərə görə tarixi qisasımız alındı.
Habelə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin dünya hərb tarixinə düşəcək uğurlu və unikal hərbi əməliyyatları ən qabaqcıl əsgəri məktəblərdə öyrənilməyə başlandı, bir zamanlar bizi görməzdən gələnlər Azərbaycana real güc kimi baxmağa başladılar.
Bu qələbəmizin müstəsna komponentlərindən biri də heç şübhəsiz ki, cənab İlham Əliyevin informasiya savaşında misilsiz liderliyi oldu. Cənab Prezident informasiya müharibəsinin də yükünü demək olar ki, təkbaşına çiyinlərinə aldı və əcnəbi jurnalist ordusunun təxribatlarını səbr və təmkinlə, dünya görüşü, geniş vizyon və böyük ustalıqla Azərbaycanın lehinə çevirdi, bununla cəbhədəki qələbələr informasiya məkanında da təkrarlandı”.
44 günlük savaşın nəticəsi həm də həmrəyliyimizin, xalq-ordu-hakimiyyət birliyinin təntənəsi oldu: “Biz dünyaya neçə böyük milli mənəvi dəyərlərə sahib, vətənə millətə, dövlətə nə qədər bağlı xalq olduğumuzu göstərdik. Göz qırpmadan canını vətənə qurban verən oğullarla sübut etdik ki, biz həqiqətən də Zəfərə layiq xalqıq.
Bəli, bizim bu qələbəyə çox ehtiyacımız var idi, amma postmüharibə dövründə gördük ki, Zəfər qədər onun davamlılığını təmin etmək də önəmlidir. Ardıcıl diplomatik, hərbi-siyasi gedişlər, iqtisadi həmlələrlə, ciddi ordu quruculuğu və hərbi islahatlarla cənab İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan Respublikası canı, qanı hesabına qələbə qazandığı kimi zəfərin nəticələrini də qorumağa qadirdir.
8 noyabr həm də ona görə önəmlidir ki, bu tarix bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün sədləri aşaraq yenidən başlamağımızdır. Qələbədən keçən iki il isə dəfələrlə bizə sübut etdi ki, bu yolda uğurumuzun yeganə təminatı Heydər Əliyev yolu, İlham Əliyev şəxsiyyəti və onun ətrafında möhkəm milli həmrəyliyimizdir”.
Üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq
Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin Vətənə sevgi və məhəbbət rəmzidir. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.
Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olunmuş və ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. 1919-ci il dekabrın 7-də isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində ucaldılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Azərbaycan xalqı doğma və əziz bayrağından 70 il zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.
Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir. Belə ki, 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Artıq xalqımız üçüncü ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR