Cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş Azərbaycan qadın
8-03-2022, 11:27
181 dəfə baxılıb
Dövlətimizin başçısı cənab İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində xüsusi olaraq qeyd etmişdir ki, xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində qadınların misilsiz xidmətləri var. Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəallıqlarını gücləndirərək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın ifadəsidir.
Bu mühüm məqamı da qeyd edək ki, milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qadın siyasəti dövlət siyasətinin əsasına çevrildi, qadınların ölkənin iqtisadi, siyasi, mədəni həyatında fəal iştirakını təmin etmək üçün biri-birindən mühüm addımlar atıldı. Dövlət-qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Əbəs yerə deyilmir ki, qadın böyük qüvvədir. Bu qüvvə, dayaq o adın özündə birləşdirdiyi bütün missiyalarda özünü təsdiqləyir. İstər ictimai-siyasi fəaliyyətdə, istər cəmiyyətdə, istərsə də ailədə qadının rolu danılmazdır. Müstəqil Azərbaycanımızın dünənini bu günü ilə müqayisə edib, böyük fəxrlə qeyd ediriksə ki, bugünkü Azərbaycanı 20-25 il bundan öncəki Azərbayanla müqayisə etmək mümkün deyil, bu uğuru şərtləndirən əsas amil düzgün təmələ əsaslanan siyasətlə yanaşı, bu siyasətin xalq tərəfindən dəstəklənməsidir ki, bu xalqın nümayəndələri sırasında da qadınlar böyük çoxluq təşkil edir.
Qadınlarımız bütün sahələrdə uğurlu fəaliyyət göstərir, Azərbaycanın daha da möhkəmlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermək üçün səylə çalışırlar. Qadınlar ailənin dayağı, ocağın qoruyucusudur. Buna görə də bütün qadınlar cəmiyyətdə çox mühüm rol oynayırlar. Ulu öndər Heydər Əliyev qadın anlayışının özündə ehtiva etdiyi bütün xüsusiyyətlərin fonunda bu inamı ifadə etmişdir ki, qadınlar partiyamıza daha sadiq xidmət edəcəklər. 1995-ci ildə YAP Qadınlar Şurasının təsis edilməsi də onlara diqqət və qayğıdan irəli gəlirdi.
Ümumiyyətlə, qadınlara diqqət dövlət siyasətinin prioritetləri sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idavrəetmə orqanının təşkilini şərtləndirdiyi üçün dövlət başçısı İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu addımlar da qadının cəmiyyətdəki roluna verilən dəyərdən irəli gəlir.
Qadınların ayrı-ayrı sahələrdə təmsil olunmalarının staistikasına diqqət yetirdikdə fəallığın hansı səviyyədə olduğu aydın görünür. Bu faktı xüsusi qeyd etmək lazımdır ki, qadınların böyük çoxluq təşkil etdiyi sahələr arasında səhiyyə və təhsil xüsusi yer tutur. İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində
çalışan qadınlarımız da böyük çoxluq təşkil edir. Onlar dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə töhfələrini verməklə Azərbaycanın işıqlı gələcəyinə çalışırlar. Qadınların ölkədə geniş vüsət alan abadlıq, quruculuq işlərinə töhfələri davamlıdır. Bu da ondan irəli gəlir ki, qadınlarımız ölkənin hərtərəfli inkişafında, çiçəklənməsində, qüdrətlənməsində səylərini əsirgəmir, çalışdıqları sahədən asılı olaraq gördükləri işlərin miqyasını daha da genişləndirməyə maraq göstərirlər.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələrin inkişafına yönələn diqqət və qayğısının, gördüyü işlərin fonunda ümumilikdə Azərbaycan qadınının nəyə qadir olduğunu görürük. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bu adlara layiq görülməsini şərtləndirən işlərə, onun bilavasitə təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilmiş və reallaşdırılmaqda olan proqram və layihələrin miqyasına diqqət yetirdikdə Azərbaycanın inkişafına verilən töhfələrin aydın mənzərəsi yaranır.
Mehriban xanım Əliyevanın fəaliyyətini özləri üçün örnək qəbul edən qadınlarımız qarşıdakı illərdə də ölkəmizin inkişafı istiqamətində daha səylə çalışacaq, gənc nəslin ənənələrimizin, mədəniyyətimizin, tariximizin qorunması, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyə olunmalarına daha böyük diqqət göstərəcək, günbəgün qüdrətlənən, müasirləşən Azərbaycan onların qürur mənbəyi olacaq.
Fərqanə Cəbrayılova,
Salyan rayonu, respublikanın Əməkdar müəllimi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR