xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 16:57 – Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI 
  • 11:46 – İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR 
  • 12:02 – Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir 
  • 11:50 – İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq 

Səttar Möhbalıyev: Füzulinin Zəfər səlnaməsindən yaranan 17 oktyabrın böyük mənası

Dün, 12:52 1 dəfə baxılıb

Səttar Möhbalıyev: Füzulinin Zəfər səlnaməsindən yaranan 17 oktyabrın böyük mənası

17 Oktyabr Füzuli üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu tarix 30 illik həsrətin, ağır sınaqların, şəhid qanı ilə yazılmış mübarizənin və nəhayət, Azərbaycanın tarixi ədaləti bərpa edən böyük Zəfərinin rəmzidir. Füzulinin adı çəkiləndə ilk növbədə Qarabağın zəngin tarixi, bu torpağın qədim yaşayış məskənləri, müqəddəs abidələri və Azərbaycan mədəniyyətinə bəxş etdiyi mənəvi dəyərlər yada düşür.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Qarabulaq yaşayış məskəninin əsasında formalaşan Füzulinin tarixi 1827-ci ildən başlayır. 1930-cu ildə rayon kimi təşkil olunan ərazi əvvəlcə Qaryagin adlandırılıb, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı Füzuli kimi rəsmiləşdirilib. Bu torpaq həm də tarixin müxtəlif dövrlərindən soraq verən abidələri ilə zəngin olub. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki XIV əsr Mirəli türbəsi və digər tarixi-dini abidələr Füzulinin Azərbaycan tarixindəki qədim və zəngin yerini göstərirdi. Lakin Füzulinin müasir tarixində elə bir səhifə var ki, onu yaddaşdan silmək mümkün deyil. 23 avqust 1993-cü ildə Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal Füzulinin təkcə yaşayış məntəqələrindən deyil, doğma evlərindən, torpaqlarından və ata-baba yurdlarından ayrı salınması demək idi. Rayonun müdafiəsi və azadlığı uğrunda gedən döyüşlərdə 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü, 400 nəfərədək insan müharibə əlili oldu. Amma Azərbaycan xalqı Füzulini unutmadı. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu, gələcək Zəfərin ilk işartılarından biri idi. Sonra 2020-ci ilin payızında tarix yenidən yazıldı.

Vətən müharibəsinin ən ağır döyüşlərindən biri Füzuli istiqamətində gedirdi. Düşmən 30 il ərzində təmas xəttində güclü müdafiə istehkamları yaratmışdı. Füzulinin müdafiə xəttinin yarılması asan məsələ deyildi. Hətta bir sıra hərbi mütəxəssislər şəhərin azad olunmasının aylarla vaxt apara biləcəyini düşünürdülər. Lakin Azərbaycan Ordusunun iradəsi, peşəkarlığı, texniki üstünlüyü və əsgərlərimizin qəhrəmanlığı bütün hesablamaları alt-üst etdi. 17 oktyabr 2020-ci il isə bu mübarizənin möhtəşəm nəticəsini dünyaya nümayiş etdirdi. Həmin gün Füzuli şəhəri, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri azad edildi. Vətən müharibəsi ərzində rayonun ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan qurtarıldı. Füzuli uğrunda döyüşlər Azərbaycanın hərbi gücünü nümayiş etdirən mühüm mərhələlərdən biri oldu. Düşmənin uzun illər ərzində yaratdığı müdafiə sisteminin qısa müddətdə yarılması Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və müasir hərbi imkanlarının miqyasını göstərdi. Düşmən artıq Azərbaycan əsgərinin gücünü yalnız eşitmirdi, onu döyüş meydanında görürdü.

Millət vəkili onu da bildirib ki, Füzuli Zəfərinin başqa bir mühüm xüsusiyyəti isə onun Azərbaycan Ordusunun strateji düşüncəsinin və hərbi planlaşdırmasının nəticəsi olması idi. Cənab Prezident İlham Əliyev 2021-ci ildə Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə şəhərin azad edilməsinin 44 günlük müharibədə xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdi ki, Cəbrayıl və Hadrutdan sonra Füzulinin azad olunması Azərbaycanın irəliləyişində mühüm mərhələ olub. Əslində Füzuli istiqamətində əldə edilən uğur sonrakı hərbi əməliyyatların gedişinə də ciddi təsir göstərdi. Füzulinin azad edilməsi ilə Azərbaycan Ordusu həm mühüm yaşayış məntəqəsini nəzarətə götürdü, həm də qarşıdakı istiqamətlər üçün daha əlverişli strateji mövqe qazandı. Bu Zəfərin miqyasını anlamaq üçün Füzulinin azad edildiyi ilk günlərə nəzər salmaq kifayətdir. Cənab Prezident İlham Əliyev sonradan qeyd edirdi ki, şəhər azad edilərkən bir salamat bina belə qalmamışdı və Azərbaycan bayrağını qaldırmaq üçün yalnız bir hərbi hissənin həyətindəki bayraq dirəyindən istifadə etmək mümkün olmuşdu. Bu mənzərə işğalın Füzuliyə vurduğu dağıntının miqyasını bütün çılpaqlığı ilə göstərirdi. Lakin tarix burada da öz ibrətamiz sözünü dedi: dağıdılmış şəhərə bayraq sancmaq birinci qələbə idisə, həmin şəhəri yenidən qurmaq ikinci böyük qələbəyə çevrildi. 17 oktyabr 2021-ci ildə, Füzulinin azad edilməsinin birinci ildönümündə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərin bərpasının və Füzuli Memorial Kompleksinin təməlini qoydular. Beləliklə, Zəfərin ildönümü həm də Füzulinin yeni həyatının təməl gününə çevrildi.

Bu Zəfərin qəhrəmanları dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25 325 hərbi qulluqçu bu medalla təltif olundu. 17 Oktyabrın Füzuli şəhəri günü kimi təsis edilməsi də təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri müəyyənləşdirildi və 17 oktyabr Füzuli şəhəri günü elan edildi. Beləliklə, 17 Oktyabr Füzulinin tarixində yeni bir zaman ölçüsünə çevrildi. Bu tarix keçmişin ağrısını unutmaq üçün deyil, o ağrıdan doğan Zəfərin qiymətini daha yaxşı anlamaq üçündür.

Füzuli artıq yalnız işğaldan azad edilmiş şəhər deyil. O, Azərbaycanın dövlət iradəsinin, Ordumuzun gücünün, xalqımızın sarsılmaz əzminin və şəhidlərimizin müqəddəs xatirəsinin canlı simvollarından biridir. Bu gün Füzuliyə baxarkən 17 oktyabr 2020-ci ilin səhəri ilə 23 avqust 1993-cü ilin ağrısını bir-birindən ayırmaq mümkün deyil. Çünki biri o birinin nəticəsidir. İşğalın ağrısı olmasaydı, Zəfərin qiyməti belə böyük görünməzdi. Zəfər olmasaydı, Füzulinin bu günkü dirçəlişindən danışmaq mümkün olmazdı. Ona görə də 17 Oktyabr Füzuli üçün həm qürur, həm minnətdarlıq, həm də əbədi yaddaş günüdür. Bu gün Füzulinin səmasında dalğalanan üçrəngli bayraq bizə bir həqiqəti xatırladır: torpaq yalnız azad edilmir, torpaq həm də ona sahib çıxan xalqın iradəsi ilə yenidən həyata qaytarılır. Füzulinin Zəfər salnaməsi bunun ən parlaq nümunələrindən biridir-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi