Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub -Fotolar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
aia.az xəbər verir ki, görüşdə müxtəlif sahələr üzrə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışılıb, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmkarlar ittifaqları arasında münasibətlər müzakirə olunub.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolunu diqqətə çatdıran Konfederasiya sədri Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin inşa olunmasını Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə qardaş dəstəyi adlandırıb.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan Konfederasiya sədri Sahib Məmmədov üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər və tətbiq olunan yeniliklər, həmçinin sanatoriya-kurort müəssisələri, onların iş prinsipi, göstərilən xidmətlər barədə Özbəkistan nümayəndələrinə məlumat verib.
Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası arasında əlaqələr davamlı olaraq genişlənir. Ötən ilin sentyabrında imzalanan əməkdaşlıq haqqında Memorandum iki qardaş ölkənin sahə həmkarlar ittifaqları arasında münasibətlərin qurulmasına və inkişafına təkan verib. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları üzvlərinin müalicə və istirahətinin təşkilinə dair birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyası yanında Sanatoriya-kurort idarəsinin rəisi Anvar Ahmedov ölkələrimizin və iki qardaş xalqın münasibətlərinin yüksək səviyyəsindən məmnunluqla bəhs edib.
Anvar Ahmedov həmçinin rəhbərlik etdiyi sahənin fəaliyyətindən, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şəraitdən danışıb, azərbaycanlı həmkarları ilə apardıqları təcrübə mübadiləsinin gələcək fəaliyyət üçün faydalı olacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin əlaqələrin inkişafına dair təkliflər səslənib, təşəbbüslər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri Naftalan şəhərində də olub, icra hakimiyyətində görüş keçirib, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şəhər ərazisində yerləşən sanatoriya və obyektləri ilə tanış olublar.