Müstəqilliyimiz əbədidir
Ağdamda Vətən Müharibəsi şəhidi Quliyev Şəhriyar Nəsib oğlunun xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Şəhriyar Zirvəsi” filminin təqdimat mərasimi baş tutub
Ağdam Muğam Mərkəzində Vətən Müharibəsi şəhidi, xüsusi təyinatlı qüvvələrin mənsubu, “bozqurd” ləqəbli, “Qarabağ” ordenli Quliyev Şəhriyar Nəsib oğlunun doğum günündə xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Şəhriyar Zirvəsi” filminin təqdimat mərasimi baş tutub. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynov, Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin əfsanəvi taborunun şəhid olmuş hərbi qulluqçularının valideynləri, şəhid ailələri və qazilər, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirakçıları salamlamış, şəhid Şəhriyar Quliyevin keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir. Tədbirin gedişində Şəhriyar Quliyevə həsr olunmuş şeirlər səsləndirilmiş, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir. Tədbirin sonunda qəhrəman şəhidin valideynləri və digər şəhid ailələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.Qeyd edək ki, Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhriyar Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ" ordeni, "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənov - Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ulu öndər Heydər Əliyevin dediyi kimi, “tariximizin böyük və parlaq bir mərhələsi”ni təşkil edir. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Ulu Öndərin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, sevgi tarixi idi və bu tarixə sədaqət müstəqilliyin yaşarlılığına real zəmin yarada bilərdi. Azərbaycan xalqının Ümummilli Lideri bildirirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ciddi nailiyyətlərə imza atır. Ölkə Prezidenti İlham Əliyev Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verərək, öz çıxışlarının birində demişdi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
Bu gün müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir.