Bakıda yolların təmizlənməsində insanların cəlb edilməsi dayandırılır?
Ötən gün Bakıda yolu təmizləyən təmizlik işçisini avtomobil vuraraq öldürüb. Paytaxt küçələrində bu cür xoşagəlməz hadisələr dəfələrlə baş verib. Bundan əvvəllər də analoji hadisələr qeydə alınıb. Ekspertlər deyir ki, dünyanın bir çox ölkəsində yollar, küçələr, xüsusən də sürət həddi yüksək olan magistralların kənarları xüsusi texnikalar vasitəsilə təmizlənir. Paytaxtımızın sürət həddi yüksək olan yollarında isə təmizlik işlərinə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qadın əməkdaşları cəlb edilir və onların həyatı təhlükə altına düşür. Odur ki, bu kimi bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsi zəruridir.
Məsələ ilə İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, xarici ölkələrdə artıq küçələri insanlar süpürmür. Küçələrin xüsusi texnikalar vasitəsilə təmizləndiyini söyləyən deputat bildirib ki, bu, təhlükəsizliyin təminatı üçün məqsədəuyğundur:
"Əgər küçəni insan süpürürsə, təhlükə riski hər zaman olacaq. Ona görə də küçələrin təmizlənməsinə texniki vasitələrdən istifadə yönəldilməlidir. Sadəcə texnikanın yönəldilməsi onminlərlə insanın işsiz qalması deməkdir. Süpürgəçilik ölkəmizdə sosial müəssisə kimi nəzərdə tutulub. İnsanlar minimum əməkhaqqı almaqla, minimum yaşayış standartlarına uyğun addımlar atırlar".
F.Mustafa həmçinin deyib ki, əgər texnika yoxdursa, küçələrdə təmizlik işlərinə yalnız qadınların cəlb edilməsi də doğru yanaşma deyil. Onun sözlərinə görə, küçəni qadınlarla yanaşı, kişilər də süpürə bilər: "Çünki bu, konkret iş yeridir. Qadınların bir çoxu normal təhsil ala bilmədiyinə görə imkanları məhduddur. Digər tərəfdən, qadınlar evdar imici daşıdığına görə daha çox texniki bilik və bacarıq tələb etməyən işlərə yönəldilirlər. Qadınların özləri də buna daha çox meyillidirlər. Yəni təmizlik işləri mental olaraq evdə də qadınların üzərinə yönəldilib. Qadının uşaq tərbiyə etməsi, yemək bişirməsi, təmizlik işlərinə baxması və bəzən də müqavilə əsasında işə getməsi kimi ağır funksiyası var"
Nəqliyyat eksperti Aslan Əsədov isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, küçə təmizliyində insan faktorundan istifadə olunmasının qarşısı alınmalıdır. Onun sözlərinə görə, təhlükəli, hərəkətin gur və intensiv olduğu yerlərdə texnika tətbiq edilsə, insan itkisi yaşanmaz:
"İnkişaf etmiş ölkələrin çoxunda sistem avtomatlaşdırılıb və küçə təmizliyi texniki vasitələrlə həyata keçirilir. Bu sistem təmizlik işlərinin insan faktorundan azad olunması üçündür. Bəzi Asiya ölkələri kimi, Azərbaycanda da küçəni qadınlar süpürür. Hətta bəzi hallarda kişilərin də yolları süpürdüyü müşahidə olunur. Bütün hallarda küçə təmizliyi müasirləşərək texniki vasitələrlə həyata keçirilməlidir. İşin təşkilinin zaman və məkan məsələsi mütləq şəkildə həll olunmalıdır. İnanıram ki, qarşıdakı dövrdə bu problem öz həllini tapacaq".
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sürücülərə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması ilə bağlı müraciət edib. Müraciətdə paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmaları və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almaları xahiş olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.