Könül xanım Nurullayeva: Xalqın mənəvi birliyini əks etdirən ənənə
17-03-2023, 15:30
51 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Milli Məclisin deputatı Könül xanım Nurullayevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Milli Məclisin deputatı Könül xanım Nurullayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Könül xanım Nurullayevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Könül xanım Nurullayeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisin deputatı Könül xanım Nurullayevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Milli Məclisin deputatı Könül xanım Nurullayeva - Novruz bayramı tarix boyu Azərbaycan xalqının mənəvi birliyini əks etdirən, onun ruhunu yaşadan, onu millət kimi formalaşdıran bir dəyər rolunda çıxış edib. Bu baxımdan bir neçə gündən sonra qeyd etməyə hazırlaşdığımız Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnə bilər.
Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın sütunu kimi əbədiləşdirmişdir. Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.
Ulu öndərimiz qeyd etmişdi, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Bu arzu xalqımızın birliyinin torpaqlarımızın işğalı dövründə də qorunub saxlanmasına kömək etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Zəfərimizdən sonra bu arzumuz çin oldu. 2021-ci ildə Novruz bayramı günü Prezident İlham Əliyev Şuşa şəhərində Cıdır düzündə Novruz tonqalını qaladı. Bu tonqal Azərbaycan xalqının heç bir çətinliyə baxmadan səbir, təmkin və mətanətlə gələcəyə doğru addımlamasının, bu yolda özünə inamının daha da yüksəlməsinin, onun milli-mənəvi birliyinin daha da möhkəmlənməsinin və Vətən sevgisinin rəmzi idi.
Ulu Öndərin ideyalarına hər bir məsələdə tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyevin xalqımıza hər il Novruz təbriklərində bu mövqe bir daha aydın görünməkdədir. Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində də Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bundan əlavə, 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmışdır. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Bütün bunlar Azərbaycan mədəni irsini dünyada təbliğ edən Mehriban xanım Əliyevanın həyata keçirdiyi misilsiz işlərin bariz nəticəsidir. Həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. Belə ki, 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artdığının göstəricisidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR