Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası işləri çərçivəsində Daxili İşlər Nazirliyi, o cümlədən Nazirliyin Daxili Qoşunları tərəfindən də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verilmiş həmin şəxslərə dair məlumatlar nazirliyin “Zəfər” altsisteminə daxil edilib. Bundan sonra isə Nazirlik tərəfindən onlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib. Təqaüd təyinatı həmin şəxslərə müraciətləri olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilib və həmin vaxtdan hesablanaraq ödənilir.
Bununla da artıq 5 qurum (Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Daxili İşlər Nazirliyi) üzrə hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezident təqaüdü təyin olunub.
Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatı üçün müvafiq işlər aparılır. Proses yaxın günlərdə yekunlaşacaq.
Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.