Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki hücumundan sonra Azərbaycanda minlərlə mülki şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin yerli şöbələrinə gedərək, könüllü şəkildə cəbhə bölgəsində döyüşmək istədiklərini bildirmişdilər. Həmin vaxt kütləvi axını nəzərə alan Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəliləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydə alırdı. Xatırlayırsınızsa, Tovuz döyüşlərindən sonra Orduya könüllü yazılanlar arasında bəzi məmurlar, onların övladları, Xalq artistləri, digər tanınmış simalar da vardı. Onlardan bəziləri bu məsələdən şou düzəldərək, telekanallara və xəbər saytlarına açıqlamalar verir, sosial şəbəkələrdə müxtəlif pozalı şəkillər paylaşırdılar.
Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəliləri təlimlərə çağırmağa başlayıb. Nədənsə təlimlərə çağırılanlar sırasında məmurlar, onların övladları, Xalq artistləri, digər tanınmış simaları görə bilmirik.
Xatırladaq ki, orduya könüllü yazıların sırasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Abşeron rayon İcra Hakimiyyətinin xanım başçısı İradə Gülməmmədova və oğlu, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə, Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, teleaparıcı Nuran Hüseynov və başqaları vardı.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a bildirib ki, onların orduya yazılması inzibati xarakter daşıyan bir göstəriş idi:
"Şou üçün bu addımı atanlar real vəziyyətdə ortalıqda görünmürlər. Ona görə də sözün həqiqi mənasında əsl könüllüləri dəyərləndirmək lazımdır, şou, təbliğat xarakterli, həvəssiz, addım atanların da bu cür hərəkət edəcəyi bəlli idi. Zatən kimsə inanmaz ki, hansısa nazirin oğlu orduda xidmətə yollana. Təsəvvür edin ki, lap təlimdə iştirak edib, orduda döyüşə getsələr, düşmən əlinə keçən kimi nələr satqınlıq edərlər. Çünki könüllü deyillər, vətən, xalq məfhumlarını dərk etmirlər. Ən yaxşısı elə o tip məmur balalarını ordudan kənar tutmaqdır”.
İ.İsmayıl deyib ki, birinci Qarabağ müharibəsində çox sayda imkanlı adamlar olmayıb:
"Olanların da uşaqları yeri gələndə gedib vuruşublar. Birinci katiblərin də uşaqlarından vuruşan, Milli qəhrəman olanlar var idi. Məzahir Rüstəmov bizim tələbə yoldaşımız idi. Atası İzzət Rüstəmov Baş nazirin müavini olmuşdu. O cür oğlanlar vardı. İndiki könüllülük isə kasıblar üçün, vətənə bağlı olanlar üçündür, məmur, nazirlər üçün deyil. Onların könüllülüyü də bütün addımalrı kimi süni və inzbitai göstərişlərə əsaslanır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.