Azərbaycan prezidentinin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:
– Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Cenevrədə 2 gün ərzində 11 saatlıq görüş baş tutdu. Bu, Zöhrab Mnatsakanyan vəzifəyə gətirildikdən sonra baş tutan ən uzunmüddətli görüş oldu. Sizcə, bağlı qapılar arxasında nə müzakirə edilir?
– Həmsədrlər dedilər ki, bu görüş 3 gün davam etdi. Çünki onların birinci gün həm Azərbaycan xarici işlər naziri, həm də Ermənistanın xarici işlər naziriylə təkbətək görüşləri oldu. İkinci və üçüncü gün artıq ümumi görüşlər baş tutub.
Həqiqətən də belə uzun çəkən danışıqlar prosesini biz xatırlamırıq. Təbii ki, burada problemin həlli ilə bağlı ya ciddi müzakirələr, ya da qarşıdurmalar olub. Qarşıdurma da əslində çox vaxt aparır. Elə hallar olur ki, bir gün danışırsan, amma heç bir ciddi müzakirə aparmırsan, çünki ortada ciddi ittihamlar var, gərgin müzakirələr gedir. Ola bilər ki, üçgünlük bir tədbirin xeyli hissəsi son dövrlərdə Ermənistan baş nazirinin Qarabağla bağlı səsləndirdiyi fikirlərə həsr edilsin. O bəyanatları eşidən adamlarda birmənalı olaraq fikir yaranır ki, bu haqda danışıqlar aparmağa heç ehtiyac yoxdur. Əgər Qarabağın ətrafında işğal olunmuş əraziləri erməni tərəfi qaytarmaq fikrində deyilsə, o zaman nə haqda danışmaq olar? O zaman müharibəyə hazırlaşıb hücum əmri gözləmək qalır. Ona görə də güman edirəm ki, bu mövzu – Ermənistan rəhbərinin son dövrlərdə verdiyi bəyanatlar və bu bəyanatların danışıqları faktiki olaraq mənasız etməsi ilə bağlı müzakirələr həmin danışıqların xeyli hissəsini təşkil edib.
– Yanvarın əvvəlində Məmmədyarov Ermənistan tərəfinin səsləndirdiyi bəyanatlar fonunda danışıqların səmərəsiz olduğunu söyləmişdi. Siz indi qarşıdurma deyirsiniz. Buna uyğun olaraq hazırda danışıqların mövcud formatının qorunması, yoxsa yeni formata keçilməsi ilə bağlı müzakirələr gedə bilərmi?
– Əminəm ki, həm Azərbaycan tərəfi, həm də ATƏT-in Minsk Qrupu nə danışıqların formatını, nə məzmununu dəyişmək fikrindədir. Bu, qəti şəkildə bildirilib. Ona görə də bu məsələlər müzakirə predmeti ola bilməz. Hər halda bu məsələni kimsə qaldırsa, buna cavab çox qısa olacaq. Bu mövzunun hansısa vaxt aparacağını güman etmirəm. Bir zamanlar Paşinyan bu məsələni qaldırsa da, həm Azərbaycandan, həm də həmsədrlərdən çox sərt cavab almışdı.
Burada diqqəti cəlb edən məqam var. Paşinyan deyib ki, biz Madrid prinsiplərini müzakirə etmirik. Eyni zamanda o, dəfələrlə qeyd edib ki, müzakirələrə keçməzdən əvvəl orada qaranlıq məqamlar var. Biz bunun nə demək olduğunun izahını tələb edirik. Paşinyan vaxtilə jurnalist olub, ona görə də onun söz oynatmaqla bağlı təcrübəsi böyükdür. Bu isə söz oynatmaqdan başqa bir şey deyil. Faktiki olaraq sənəd müzakirə olunur, Paşinyansa deyir ki, biz o sənədi müzakirə etmirik və sadəcə orada qeyri-müəyyən məqamların əvvəlcə bizə izah edilməsini istəyirik. Bu elə sənədi müzakirə etmək deməkdir.
– Nazirlərin görüşü ərəfəsində Paşinyan Qafanda Madrid prinsiplərinin detallarını açıqladı. Görüş ərəfəsində belə bir addım nəyə gərək idi?
– Daxili auditoriya üçün Paşinyan deyir ki, biz Madrid prinsiplərini müzakirə etmirik, amma həmsədrlərin, Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin birgə bəyanatında deyilir ki, onlar Qarabağ probleminin həlli ilə bağlı prinsipləri və elementləri müzakirə edirlər. Bunun adını “Madrid prinsipləri” qoymaya da bilərsən, ancaq Madrid prinsipləri də məhz bu prinsip və elementlərdən ibarətdir. Artıq Ermənistan tərəfi onların hansısa birinə aydınlıq gətirilməsini istəyirsə, deməli, onlar Madrid prinsiplərini müzakirə edirlər.
Əslinə qalsa, Paşinyan daxili auditoriya üçün mesajlar verir. Bu mesajlar da çox maraqlıdır. Mən dəfələrlə demişəm ki, Paşinyanın dövründə Qarabağ problemi ilə bağlı hansısa irəliləyiş olacağına inanmıram. Hesab edirəm ki, bu hakimiyyət zəifdir və ona qarşı çox ciddi müqavimət var. Paşinyanı devirmək istəyənlər – Köçəryanla Sərkisyan Petrosyan kimi loyal deyil. Onların 20 il ərzində qurduqları böyük bir şəbəkə və milyardlarla dollarlıq administrativ resurları var. Paşinyan onların qorxusundan heç bir addım atmaz, heç bir kompromisə getməz. Amma Paşinyan vacib bir funksiyanı yerinə yetirdi. Onun Qafanda çıxışı, əslinə qalsa, Minsk Qrupunun həmsədrlərinin uzun illərdir həm Sərkisyanın, həm də Köçəryanın dövründə tələb etdiyi şərtlərdən biri idi. Həmsədrlər bu məsələlərin cəmiyyətə açılmasını, işğal olunmuş ərazilərin azad olunmasını xalqdan gizli müzakirə edilməməsini tələb edirdi. Onlar deyirdilər ki, məhz ona görə cəmiyyətiniz bir qarış torpaq qaytarılmamasına köklənir. Yəni açın, bunu cəmiyyət də müzakirə eləsin və cəmiyyətin içində də rəsmi danışıqlardakı proseslərə uyğun proses getsin. Bu tələb həm Köçəryanın, həm də Sərkisyanın dövründə irəli sürülsə də, buna əməl edilmirdi. Yalnız Ermənistan və Dağlıq Qarabağdakı qondarma, dırnaqarası respublikanın rəhbərliyi bilirdi ki, masanın üzərində nə var. Masanın üzərində Madrid prinsipləridir, həmin o prinsiplərə görə də Dağlıq Qarabağ ətrafındakı ərazilər azad olunmalı, ora azərbaycanlılar qayıtmalıdır. Bunu yalnız siyasi hakimiyyət bilir və cəmiyyətdən gizlədirdi.
İndi Paşinyan hamısını açdı. Sərkisyan və Köçəryanın erməni cəmiyyətindən gizlətdiklərini Paşinyan dedi. Düzdür, bunu bu formada açdı ki, məndən əvvəlkilər bunu müzakirə edib, siz bununla razısınızmı? Dağlıq Qarabağda qondarma seçkilər olacaq, orada guya prezident uğrunda mübarizə aparan namizədlərə müraciət etdi ki, siz bununla razısınız, ya yox? Əslinə qalsa, onun sayəsində Paşinyan bir güllə ilə bir neçə dovşan vurmaq istəyirdi.
– Necə yəni?
– Birincisi, Paşinyan həmsədrlərin tələbini yerinə yetirərək cəmiyyətə bildirdi ki, Madrid prinsipləri bundan ibarətdir və Sərkisyan da, Köçəryan da bu sənədi müzakirə edib. Təbii ki, 20 ildir başqa istiqamətdə köklənən cəmiyyətdə bu müəyyən bir şok yaratdı. Ancaq bundan sonra ortalığa başqa sənədlər də çıxacaq və məlum olacaq ki, Dağlıq Qarabağdan olan namizədlər bunu ilk dəfə Paşinyandan eşitməyiblər və əvvəldən bunu bilib susublar, danışıqları aparanları – Köçəryanı da, Sərkisyanı da dəstəkləyiblər. Qafanda çıxışdan sonra müəyyən maraqlı bir proses başladı. O prosesi Minsk Qrupu həmsədrləri çoxdan istəyir, tələb edirdi. Onlar başa düşürdülər ki, ilk addımda reaksiya mənfi ola bilər, ancaq sonra ağlı başında olan adamlar papağını qarşılarına qoyub fikirləşəcəklər. Petrosyan mərhələli plana razılıq vermişdi. Koçəryan və Sərkisyan isə 20 ildir bu məsələni müzakirə edirdi.
Nə Rusiya, nə ABŞ, nə beynəlxalq təşkilatlar bu konfliktin həllində mərhələli plandan başqa çıxış yolu görür. Bu proses artıq başladı, planlar açıldı və deyildi. Ona görə də mənim üçün Paşinyanın bu açıqlamasında mənfi tərəflərdən başqa müsbət tərəf də var. O da bundan ibarətdir ki, ilk dəfə olaraq erməni cəmiyyətinə bütün baş verən proses “İşğal olunmuş ərazilər qaytarılmalı, azərbaycanlılar öz doğma yurduna qayıtmalıdır” tezisi üzərində açıq şəkildə deyildi.
11 saatdan artıq davam edən danışıqların sonunda xarici işlər nazirlərinin də imzaladığı ümumi bir bəyanat oldu. Həmin bəyanatda prinsiplərin müzakirə olunması məsələsi qoyuldu. Yəqin erməni tərəfi həmin danışıqlarda belə mövzu ortaya qoyub ki, bizim atdığımız addımlar prosesə mane olmur, çünki biz erməni cəmiyyətinə danışıqların uzun illərdir gizlədilən nüanslarını açırıq və hər kəsə göstəririk.
– Paşinyanın Qafan çıxışını həm də onun Qarabağ məsələsi yükünü və məsuliyyətini sələflərinin üzərinə atmaq kimi dəyərləndirmək olarmı? Yəni Paşinyana Qarabağla bağlı təzyiqlər artacağı halda o, mövcud formatın ona sələflərindən miras qaldığını deyərək, situasiyadan öz xeyri üçün istifadə edə bilərmi?
– Artıq edir. Bayaq dediyim kimi, Paşinyan bir güllə ilə bir neçə dovşan vurmaq istəyir. Bunlardan biri siz dediyiniz məsələdir. Yəni Paşinyan deyir ki, məni nə günahlandırırsınız, sizin 20 ildir rəhbər dediklərinizin hamısı torpaqların Azərbaycana qaytarılması ilə bağlı müzakirələr aparıblar. İkincisi, yəqin o, beynəlxalq ictimaiyyətə bir mesaj da verir ki, 20 ildir Köçəryan və Sərkisyan bunları gizlədib, millətin başını başqa şeylərlə doldurub və indi də hamı qışqırır ki, bir qarış torpaq qaytarmarıq. Ona görə də mənə vaxt verin hakimiyyətimi gücləndirim, sonra ikinci mərhələyə keçim. Hər halda Paşinyan çalışır bir tərəfdən üzərinə gələn hücumları dəf etsin, bütün bu günahı Sərkisyan və Köçəryanın üstünə atsın. Bunu iki istiqamətdə edir. Daxildə onların boynuna qoyur ki, görürsünüz, onlar torpaqları qaytarmaq üçün danışıqlar aparırdılar, 20 ildir sizi aldadırdılar. Beynəlxalq aləmdə isə deyirlər ki, cəmiyyət torpaqların qaytarılmasını istəmir və bunun da günahı məndə yox, Sərkisyanla Köçəryandadır.
Paşinyanın əsas məqsədi vaxt qazanaraq öz hakimiyyətini gücləndirmək, Dağlıq Qarabağ separatçılarına özünə yaxın adamı rəhbər gətirməkdən ibarətdir. Bütün bunlara baxmayaraq, biz oturub gözləməməliyik ki, Paşinyan hakimiyyətini möhkəmləndirib, sonra da müsbət addımlar atsın. Hesab edirəm ki, torpaqlarımızı azad etmək üçün ikinci genişmiqyaslı hərbi əməliyyat keçirmək lazımdır. Bu, Aprel döyüşlərindən də genişmiqyaslı olmalıdır. Ola bilsin ki, bu, məsələni birdəfəlik həll edəcək və və o əməliyyatdan sonra Dağlıq Qarabağ adında problem qalmayacaq. Bu əməliyyatın nəticəsində o qədər ciddi uğur əldə etmək olar ki, gerisini diplomatik yolla həll etmək olar. Bütün hallarda genişmiqyaslı hərbi əməliyyat keçirmədən torpaqlarımızn azad olunmasına nail olmayacağıq.
– Nazirlərin görüşündən öncə Sərkisyana və Köçəryana yaxın mətbuat orqanları, eləcə də ekspertlər təşviqat aparır, Paşinyanın Qarabağı Azərbaycana qaytaracağını deyirdilər. Hətta görüşdən sonra Sərkisyanın partiyasına keçid edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan nazirlərin Şuşa məsələsini müzakirə etdiklərini dedi. Sanki Paşinyanın rəqibləri də Qarabağ üzərindən əks oyun qurublar…
– Mənim üçün sizin sualınıza dəqiq cavab vermək çətindir. Ona görə ki, bu bəyanatlarda, bu fikirlərdə siyasi təhlillə emosiyalar və şəxsi qərəz bir-birinə qarışır. Şahnazaryan kimi adam da Sərkisyanın partiyasından seçkiyə ikinci nömrə kimi getmişdir. Artıq rəsmi olaraq o, Paşinyanı devirmək istəyən həmin o siyasi qüvvənin siyahısındadır. Vaxtilə isə o, Petrosyana çox yaxın idi və mərhələli plana dəstək verirdi. Əvvəllər Rusiyanı çox ciddi tənqid edən və ABŞ-ın bu bölgədə mövqeyinin güclənməsi üçün çıxış edən şəxs Sərkisyanın mövqeyinə keçdi. İndi isə onun baxışları Moskvanın mövqeyi ilə tam üst-üstə düşür. Ona görə də bunu demək çətindir ki, bu bəyanatın hansı hissəsi real faktlara əsaslanır?
– Həmsədr ölkələrin mövqeyi ilk dəfədir üst-üstə düşür. Adətən bu birliyə Rusiya əngəl yaradır. Üstəlik, Fransa Prezidenti Emmanuel Makron Erməni Təşkilatları Koordinasiya Şurasında çıxışı zamanı Qarabağ konfliktinin yaz aylarında həll edəcəyinə ümid etdiyini deyir. ABŞ səfiri Erl Litzenberger isə nazirlərin görüşü zamanı Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevlə görüşür. Sanki tərəflərin danışıqlara icmaları cəlb etmək və ya prosesi qabağa aparmaqla bağlı ortaq planı var.
– Burada açıq etiraf etmək lazımdır ki, Azərbaycanın maraqları ilə nə Ermənistanın, nə də Minsk Qrupunun həmsədrlərinin maraqları üst-üstə düşür. Ona görə ki, “bu konflikti həll etmək mümkün deyilsə, gəlin bunu donduraq” ideyası erməni tərəfindən irəli sürülüb və bunu demək olar ki, həmsədrlər qəbul etmişdi. 2016-cı ilə kimi Minsk Qrupunun həmsədrləri və onların arxasında olan ölkələr öz ekspertləri, KİV-ləri ilə beynəlxalq qurumlarda Dağlıq Qarabağ probleminin həllini dondurmaqdan yaxşı yol olmadığına dair fikir formalaşdırırdılar.
Birincisi, bu ifadənin özü düzgün deyil. Qarabağ məsələsi ilə bağlı ən azı üç dəfə arbitraj olub və tərəflər razılığa gəlməyiblər. Deməli, bu problemi həll edən üçüncü bir qurum olmalıdır və o öz qərarını çıxarmalıdır. Sovetlər dövründə bu, var idi və o, SSRİ-nin Ali Soveti idi. O, qərar çıxardı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsın, amma ermənilər buna tabe olmadılar. Dünyada ən ali instansiya BMT-nin Təhlükəsizlik Şurası sayılır. Onun Azərbaycan torpaqlarının şərtsiz işğaldan azad olmasıyla bağlı dörd qətnaməsi var, amma ermənilər ona da tabe olmurlar. Təhlükəsizlik məsələləri ilə məşğul olan ən nüfuzlu ikinci bir qurum ATƏT-dir və o da 1996-cı ildə qərar verdi ki, Dağlıq Qarabağın həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə yüksək statusla muxtariyyət verilməkdən ibarətdir. Ermənilər veto hüququndan istifadə etdilər. O zaman ATƏT bəyanatla çıxış etdi ki, bir ölkədən başqa ATƏT ölkələrinin hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə Dağlıq Qarabağda muxtariyyət verilməsinə tərəfdardır.
Bizi “niyə razılığa gəlmirsiniz?” deyə ittiham etmək yerinə, bizim indi görməyə çalışdığımız işi vaxtında gərək Sovetlər Birliyi, BMT və ya ATƏT görərdi. Yəni bizə deyirlər ki, sən haqlısan, amma get onlarla danış görək razılığa gələ bilirsənmi? Belə arbitraj, beynəlxalq hüquq olmur.
2016-cı ilə kimi artıq belə bir fikir formalaşmışdı, razılığa gələ bilmirlərsə, məsələni donduraq. Aprel döyüşlərinin əsas uğuru təkcə o iki yüksəkliyin azad oluması, ya da təkcə Azərbaycan ordusunun üstünlüyünü nümayiş etdirmək deyildi. Orada bizim üçün bir vacib məqam və uğur o oldu ki, biz bütün dünyaya problemi dondurmaq cəhdlərinin müharibəyə gətirib çıxaracağını, Azərbaycanın bununla barışmayacağını sübut etdik. Əgər kimsə bu məsələni dondurmaq istəyirsə, Azərbaycan buna razı deyil və o, güc tətbiq edib torpaqları özü azad edəcək.
Yəni, faktiki olaraq köhnə problemi dondurmaq ideyasını pərdələyib bizim qarşımıza qoyanda, biz qəti surətdə bunların hamısını rədd etməliyik, çünki 20 il kifayət qədər zamandır. Biz 25 ilə yaxın sülh prosesini gözlədik, edilən bütün təklifləri qəbul etdik, amma qarşı tərəf razı deyil və indi bəlli olur ki, nəinki Dağlıq Qarabağın statusu ilə bağlı, onlar heç ətraf rayonların da qaytarılmasına razı deyillər. Ona görə Azərbaycanı heç kim qınaya bilməz.
Diplomatiyamız bu məsələlərdə sərt və açıq olmalıdır. Addım-addım biz aparıcı dövlətlərə başa salmalıyıq ki, hər dövlətin öz maraqları var. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü deyil, amma Azərbaycan müstəqil dövlətdir, onun da maraqları var və torpaqları zəbt olunub, eləcə də torpaqlarımızın zəbt olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Hər bir dövlətin borcu öz torpaqlarını və suverenliyi qorumaqdısa, Azərbaycanın da əsas borcu budur. Digər dövlətlərlə, bütün təşkilatlarla münasibətlərimizi bunun əsasında quracağımıza dair mövqeyimiz kifayət qədər sərt və aydın olmalıdır…
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.