xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

7-03-2026, 09:00 5 dəfə baxılıb

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib


Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.

Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.

Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.

Əziz xanımlar!

Bayramınız mübarək olsun!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi