xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Qalib və haqlı Azərbaycan İranı da anlatdı – yeni gəlişmə

22-10-2021, 09:38 90 dəfə baxılıb

Qalib və haqlı Azərbaycan İranı da anlatdı – yeni gəlişmə


Qalib, güclü və haqlı olması Azərbaycan dövlətinin dünyada və regionda mövqelərini təbii ki, daha da möhkəmləndirir. "Musavat.com" bildirir ki, öz hərbi və iqtisadi qüdrəti, apardığı uğurlu xarici siyasət ilə ərazilərini işğaldan azad etməklə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları müəyyən qüvvələr, dairələr, ölkələr isə öz korporativ maraqları səbəbindən qəbul etməməyə çalışırdılar. Bəziləri gizli, bəziləri aşkar şəkildə məkrli addımlar atmağa başlamışdılar. Bu, əlbəttə ki, əsasən nəbz yoxlaması, Azərbaycanın hansı reaksiyanı verəcəyi, nə cür davranacağını müəyyənləşdirmək cəhdi kimi də qiymətləndirilə bilər.

Konkret bir istiqamət üzrə baş verənlər və nəticələr kifayət qədər ciddi məsələdir. İran İslam Respublikası postmüharibə dövründə qonşuluq, dostluq və din qardaşlığı anlayışı ilə bir araya sığmayan addımlar atdı. Daha dəqiqi, Qarabağ işğal altında olduğu dövrdə Ermənistanla, separatçılarla etdiyi qanunsuz əməkdaşlıqları daha nümayişkaranə şəkildə davam etdirməyə başladı. Ermənistanla İranın əməkdaşlığı haradasa öz daxili işi sayıla bilər, baxmayaraq ki, bu, islam daşıyıcılığı prinsiplərinə də ziddir. Üstəlik, işğalçı, terrorçu, məscidləri dağıdan, murdarlayan biriləri ilə əməkdaşlıq özünü islam respublikası adlandıran ölkə üçün heç də sağlam prinsip kimi qəbul oluna bilməzdi...

Fakt isə bundan ibarətdir ki, həm işğal, həm 44 günlük Vətən müharibəsi zamanı, həm də postmüharibə dövründə İran beynəlxalq hüquq normalarını pozaraq separatçılarla da əlaqədə oldu, bu ölkəyə məxsus maşınlar qanunsuz olaraq Xankəndinə yüklər daşımağa başladı.
Azərbaycan bunu faktlarla təsbit etdi, videolarını əldə etdi və İrandan bu hərəkətləri dayandırmağı tələb etdi. Üstəlik o da sirr deyildi ki, İran Qarabağ işğal altında olanda İran maşınları buradan narkotranzit kimi də istifadə edib. Qarabağ işğaldan azad ediləndən sonra İran bu marşrutdan məhrum oldu. Qəzəblərinin bir səbəbi də bu idi. Bunu da ən yüksək səviyyədə bəyan etmişdik...

Amma İran bu xəbərdarlıqlardan sonra da bəlli qanunsuzluqlarına son qoymaq əvəzinə təxribatlara əl atdı, Azərbaycana təzyiqlər göstərməyə çalışdı. Bununla sanki demək istəyirdilər ki, nə istəsək edərik. Ölkəmizi bir növ haqlı tələblərindən çəkindirmək üçün bəzi əyalət mollalarının əli ilə hərbə-zorbalar gəlməyə başladılar, daha sonra isə rəsmi şəxslər səviyyəsində təhdid dili ilə danışmağa başladılar. Hətta sərhəd bölgəsində hərbi təlimlərə də başladılar, bir təhdid olaraq. Elə düşündülər ki, Azərbaycan dövləti qorxacaq, çəkinəcək, tələblərini dayandıracaq və İran maşınları Laçın dəhlizindən, Gorus-Qafan yolundan istifadə etməklə, Xankəndiyə - Azərbaycanın ermənilər yaşayan, müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan bölgələrinə qanunsuz yüklər daşımaqda davam edəcək.

Ancaq unutdular ki, Azərbaycan daha onunla təhdid, hədə-qorxu dili ilə danışılacaq dövlət deyil. Bölgədə şərtləri diqtə edən dövlətdir! Və bunu deyəsən artıq anlamağa başladılar, şərtlərə, reallıqlara və qanunlara uyğun davranmağa meyllənmiş kimi görünürlər.
Son bir neçə gündə İran tərəfindən pozitiv meyllər görünməkdədir. Bu, əlbəttə ki, arzuolunandır, çünki Azərbaycanın heç kimə qarşı qərəzi, hansısa absurd iddiası, cığal meylləri mövcud deyil. Azərbaycan yalnız ona qarşı qanunsuz davranışlar edilməməsi tələbini irəli sürür və bildirir ki, heç bir halda onunla diktə ilə danışmaq mümkün deyil.

Azərbaycanın bu haqlı mövqeyi onun gücü, qüdrəti və prinsipiallığı nəticəsində qəbul olunmaya bilməzdi. Nəhayət, İran rəhbərliyi də bunu başa düşübsə, nə gözəl. Davamlı, dayanıqlı olsun bu mövqeləri kaş ki.
Azərbaycan heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini birmənalı şəkildə bəyan etmişdi və öz mövqeyində qəti olduğunu sonadək nümayiş etdirdi.

Təbii ki, ölkəmiz tam haqlı olaraq İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymağı tələb etmişdi. Özü də bunu xeyli müddət dostca həll etməyə çalışmışdıq. Yəni ilk növbədə diplomatik kanallarla İrana müvafiq mesajlar verilmişdi. Buna məhəl qoyulmayanda diplomatik qaydalara uyğun olaraq nota təqdim olunmuşdu. Lakin bunları qulaqardına vurdular, görməzdən, eşitməzdən gəldilər, iqnor etdilər. Nəticədə Azərbaycan gərəkən, zəruri tədbirləri həyata keçirməyə başladı.
İşğaldan azad edilmiş ərazilərdə rəsmi postlarımız qurulduqdan sonra torpaqlarımızdan TIR sürücülərinin qanunsuz keçib, Ermənistana getməsinə icazə verilmədi, rəsmən kontrola, vergiyə cəlb olundular, qanunsuz keçməyə cəhd edən sürücülər saxlanıldılar.
Habelə, Azərbaycan İranın digər qanunsuz davranışlarını neytrallaşdıran müxtəlif müvafiq addımlar atmağa başladı.
Beləliklə, başa saldıq ki, hərbə-zorba ilə Azərbaycanı haqlı mövqeyindən döndərmək mümkün deyil. Nəhayət, İran səhvlərini düzəltməyə başlayıb: İranın aidiyyəti orqanları tərəfindən həmkarlar ittifaqlarına, özəl daşıma şirkətlərinə Xankəndiyə qanunsuz daşımaları dayandırmaq barədə müvafiq təlimat, tövsiyələr verilib. Faktiki olaraq bu problemə son qoyulacağı barədə öhdəlik götürüldü. Bununla nümayiş oldundu ki, İran Azərbaycanın haqlı tələblərini - serapatçılarla əlaqələri kəsməyə qərar verdi. İran maşınlarına faktiki olaraq öz rəsmi orqanları tərəfindən Laçın koridoruna girmək, Xankəndinə yük daşımağa qadağa qoydular.

Beləliklə, Azərbaycan növbəti dəfə sübuta yetirdi ki, biz tələblərimizdə haqlıyıq və heç kim Azərbaycanla təhdid, təzyiq dilində danışa bilməz, ona öz iradəsini qəbul etdirə bilməz.
Təbii, İran ona görə haqsız mövqeyindən geri çəkilməyə məcbur oldu ki, prosesin gedişində başa düşdülər, “o taydan” gələn hədələr, əsassız "sionist rejim" iddiaları, “agent şəbəkəsi”nin möcvudluğunu xatırlatmaları, hərbi təlimlərə başlamaları bir effekt verməyəcək. Əksinə, qısa müddətdə Azərbaycan göstərdi ki, bütün müstəvilərdə göstərilən təzyiq və təpkiləri dəf etmək imkanındadır.

***
Bu prosesdə Azərbaycanın bir qazancı da oldu: Baş verənlər, İranla dartışma həmçinin, Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən, onlarla əlaqədə olan şəxslərin, təşkilatların izinə düşdü, onları da neytrallaşdırdı. Faktiki olaraq uzun illər ərzində ölkəmizdə İranın formalaşdırdığı bir böyük şəbəkə tam ifşa edildi, zaman-zaman gizli qalmağı bacaranlar da cərəyan edən proseslərdə deşifrə olundular.
Yeri gəlmişkən, bir mənzərə də ortaya çıxdı: Bəlli oldu ki, bu şəbəkəyə daxil olan bəzi şəxslər, qurumlar ən radikal formada davranmağa da hazır imişlər. Bir daha göründü ki, bəzi şəxslər, qurumlar hər an Azərbaycan xalqının milli maraqlarını qurban verməyə, ölkəmizi istəməyən xarici qüvvələrlə işbirliyinə getməyə, öz xalqına və vətəninə qarşı çıxış etməyə hazırdırlar. Əlbəttə, belələrinin ifşası davamlı olmalıdır, onlar barəsində müvafiq strukturların zəruri tədbirləri davam etdirməsi mütləqdir.

***
İranın qanunsuz davranışları səbəbindən yaranmış və artıq Azərbaycanın xeyrinə sönməkdə olan gərginlik daha bir yöndə bizim xeyrimizə işlədi: Bu hadisələrin baş verməsi və yekunu həm də Ermənistana böyük zərbə vurdu. Rəsmi İrəvan bir daha əmin oldu ki, Ermənistanın hər hansı üçüncü tərəflərin aşkar və ya gizli dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanları mövcud deyil. Buna cəhd edirdilər, amma baş verənlərin fonunda məhrum oldular. Faktiki olaraq Ermənistanın İranla qanunsuz dəhliz yaratmaq və bunun vasitəsi ilə hansısa iqtisadi maraqlarını təmin etmək, inkişaf etdirmək cəhdləri uğursuzluğa düçar oldu. Ermənistan bir daha anladı ki, bölgədə Azərbaycanın razılığı, iştirakı olmadan hansısa layihə naş tuta bilməz. Ermənilərin yeganə yolu bütün qanunsuzluqlardan, revanişist düşüncələrdən əl çəkib, sülh imzalamalarıdır. Yalnız bundan sonra onlar regional layihələrdə iştirak edərək dirçələ bilərlər. Anlamalıdırlar ki, bundan sonra bir dövlət olaraq məhvdən qurtulmaları birbaşa Azərbaycandan asılıdır.
İranın separatçılarla qanunsuz əlaqələri dayandırmaq qərarından sonra Xankəndidəki ermənilər də deyəsən, reallıqları bir daha dərk ediblər. Separatçıların başçısı Arutyunyanın qanunsuz hərbi dəstələrin buraxılacağını bəyan etməsi də təsadüfi deyil. Görünür, anlayıblar ki, Azərbaycanın İranı ermənilərlə qanunsuz əlaqələri dayandırmağa məcbur etməsi onları daha da çıxılmaz duruma salacaq. Ona görə də artıq Azərbaycanın daha bir şərtini - hansı ki, bu 10 noyabr bəyannaməsində də əksini tapıb - qanunsuz silahlı birləşmələrin ləğvi tələbini yerinə yetirməyə qərar veriblər.
***
Təbii, bölgədə xeyrimizə cərəyan edən bu proseslər çox ciddi düşünülmüş və ardıcıl siyasətin, davranışların nəticəsidir. Bu, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli, prinsipial, milli maraqlara hesablanmış siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycanı dünyadakı yerini çox yüksəldib və nəticə göz önündədir: kimsə bizimlə təhdid dilində danışa bilmir. Eyni zamanda prezident İlham Əliyev bu davranışları ilə bir daha sübut edir ki, Azərbaycanın milli maraqları onun üçün bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz.

Bunu dövlət başçısı oktyabrın 17-də Füzuli rayonunda səfərdə olarkən açıq şəkildə bəyan etmişdi:

“...Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz".

Əlbəttə, bu deyilənlər təsadüfi deyildi...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi