xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kərim Tahirov: Öz arzusuna çatmış Azərbaycan xalqı

1-09-2021, 11:56 153 dəfə baxılıb

Kərim Tahirov: Öz arzusuna çatmış Azərbaycan xalqı


Kərim Tahirov,

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor

Qəribə həyatın qonağıyıq biz,

Nə dərdi, nə qəmi bitən deyildir.

Vədə yetişəndə tərk ediriksə,

Demək o həqiqi Vətən deyildir!

Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır.

Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil.

Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi! Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı.

Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən monolit birliyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya sirayət etdi.

Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Vətən müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin vətəndaşlarının , eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.

Bu qalibiyyətlə bir daha sübut edildi ki, Azərbaycan xalqı və ordusu dəmir bir yumruqdu. Vətənin təkcə dar günündə yox, hər günündə yanında olduğunu sübut edən xalq öz səsini küçələrdə bayraq sallamaqla yox, düşmənə qarşı mərd, sarsılmaz, qəti addımlarıyla, birlik olmağıyla, səsini bütün dünyaya çatdırmaqla özünü göstərdi.

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə

xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.

Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma buradakı yaşayış kompleksləri barədə məlumat verdi.

Bildirildi ki, birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər 2 kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib.

Qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Diqqətə çatdırılıb ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.

Tarixi qanları ilə yazan 2783 şəhid. Yaralı ailələr, yarım qalmış xəyallar, tamamlanmayan işlər, gözü yaşlı analar, bacılar, yarlar.. 10 milyon bədən, tək könül.. Hərəsi ayrı-ayrı qəhrəman, ayrı-ayrı dastan. Sizlər torpağa deyil, qəlbimizə gömüldünüz!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi