xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı nə qədərdir?

2-11-2020, 15:17 65 dəfə baxılıb

Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı nə qədərdir?


"İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq, Dağlıq Qarabağın inkişafına diqqət yetirməyib. Əslində isə Azərbaycan Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirib, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutub".
Bu barədə “Ölkə.Az”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının istehsalına görə keçmiş Azərbaycan SSR-nin ən qabaqcıl iqtisadi rayonlarından biri olub, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılıb: "Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılıb və ya talan olunub".

Məlumatda qeyd olunur ki, Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olub.

Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245,7 MVA olan 2 435 ədəd transformator olub.

Eyni zamanda, 2 000 kilometrlik qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilib.

İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastruktur daha dəqiq qiymətləndiriləcək.

"Dağlıq Qarabağ və ətraf regionlarda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial var", - Nazirliyin məlumatında deyilir.

Hidroenerji potensialı

Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kub metr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə olunur, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində üç iri su elektrik stansiyası mövcud olub ki, bu stansiyalardan biri “Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində Sərsəng su anbarı ilə birgə inşa edilmişdir. Stansiya hər birinin gücü 25 MVt olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin hündürlüyünə görə (125 metr) Sərsəng ölkədə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 mln kVt/saat olmuşdur. Stansiya 1993-cü ildən işğal altındadır.

Kompleksə lazımi texniki xidmətin göstərilmədiyini, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaq.

Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır. Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşən “Xudafərin” Su Elektrik Stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdır. Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilib. Qeyd etmək lazımdır ki, stansiyanın Azərbaycan tərəfində hər birinin gücü 50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.

Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “Qız Qalası” Su Elektrik Stansiyasının isə hər biri 20 MVt olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir.

“Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanmışdır, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

"Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.

2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir. Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq.

Günəş enerjisi potensialı

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kVt·st təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3 000-4 000 meqavattdır. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Külək enerjisi potensialı

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. “Globalwindatlas.info” platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 m/s-ə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavatt kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Geotermal enerji potensialı

Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3 093 m3 /gün, Şuşada isə 412 m3 /gün termal su ehtiyatları mövcuddur. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü müvafiq ərazilər düşmən işğalından tam azad olunduqdan sonra tədqiq ediləcək.

Daş kömür ehtiyatı

Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8,5 milyon ton daş kömür ehtiyatı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi