“İnstaqramda məşhur olan 3 xanım birlikdə “giveaway” təşkil etmişdi. Bizim də gözəllik salonumuz var və sponsor kimi iştirak etmək istədik. 60-a yaxın sponsor var idi və hər kəs 200 manat ödəniş edərək qoşulmuşdu. Söz verilmişdi ki, səhifəmizə 10 min izləyici gələcək, ancaq heç min nəfər də artmadı”.
Bu sözləri “Qafqazinfo”ya müraciətində Günay İsmayılova deyib. Onun sözlərinə görə, sonradan ödədikləri məbləği geri istəsələr də, həmin pul onlara qaytarılmayıb. Əvəzində hədə-qorxu olunaraq səhifələri bloklanıb. Belə olan halda Günay xanım da həmkarlarına xəbərdarlıq etmək üçün mediaya üz tutmaq qərarına gəlib.
Sözügedən mövzuda zaman-zaman sosial şəbəkələrdə narazılıqlar səsləndirilsə də, “giveaway” sadəcə “influencer”lərin yox, bir çox məşhur simaların da üz tutduğu marketinq kampaniyasıdır. Bu vəsilə ilə sosial şəbəkə ulduzları izləyicilərinə pul, qiymətli hədiyyələr, smartfon telefonlar, hətta bahalı maşınlar belə vəd edirlər.
Məsələn, bu yaxınlarda milyona yaxın izləyicisi olan Xalq artisti Aygün Kazımova da ilin ən böyük müsabiqəsini keçirdiyini iddia edərək əsas qalibə “Kia” avtomobili verəcəyini bildirmişdi.
Qaydalar bir qədər sadə olduğundan izləyici bu kimi müsabiqələrdə bəxtini sınamaqdan çəkinmir. Qalib canlı yayımda avtomatik seçilsə də, sonradan hədiyyələrin taleyi ilə bağlı elə bir məlumat verilməyib.
Ülvi və Fatimə Nadiroğlular artıq bir ildən çoxdur ki, sosial şəbəkədə yayımladıqları qısa videolar ilə məşhurlaşan cütlüklərdən biridir. Cütlüyün ulvifatime_ adlı səhifəsini 400 minə yaxın insan izləyir.
Fatimə xanım bizimlə söhbətində bildirdi ki, onlar da tez-tez “giveaway” təşkil edir və bu zaman doğruluğa xüsusi diqqət yetirirlər:
“Bəli, biz də “giveaway” təşkil edirik. Hətta iki gün əvvəl canlı yayım edib qalibləri seçdik və hədiyyəni də elə canlı yayımda onlara verdik. Yenə də mesaj olaraq yalan və ədalətsiz olduğunu yazdılar. Qalib olmayan hər kəs hər dəfə bir səhv axtarmağa çalışır. Bəli, bu, doğrudur ki, bəzi məşhurlar çox vaxt hədiyyəni vermir. “Giveaway” təşkil etməyin müsbət cəhəti odur ki, iştirakçılar hədiyyə, sponsorlar isə izləyici qazanır”.
Marketeloq Türkan Fərzəliyeva mövzu ilə bağlı münasibətində bildirib ki, “giveaway” təşkilini effektli marketinq addımı hesab etmir və bu kimi kampaniyaların iştirakçıları bezdirdiyini, istismar etdiyini düşünür:
“Sosial şəbəkələrdə müsabiqələrlə aktivliyi və marka sədaqətini, eyni zamanda marka tanıtımını artırmaq üçün bir çox vasitə var. Bunlardan biri də “giveaway”dir.
“Giveaway” üçün ən yaxşı 3 platforma “Woobox”, “Rafflecopter” və “Gleamdır”. Bizdə isə instaqram, instaqram və yenə də instaqram.
Müsabiqələr həyata keçirilən zaman bir neçə şərtlər var ki, sırf onlar kampaniyaları uğurlu edir. Məsələn, şərtlərdən biri istifadəçiyə minimal əziyyət verməkdir. Buna görə də addımları 1 və 2 mərhələdən artıq etmək olmaz. Yəni istifadəçidən maksimum "mail"i daxil etməsini, səhifəni bəyənməsini istəmək olar. İdeal versiya isə sadəcə "mail"ini daxil etməsidir. Çünkü bu halda müsabiqə iştirakçısını yormuş olmurlar.
Bu kampaniyanı həyata keçirməyə başlayanda yaxşı CMS (content management system) seçilir və hədəf müəyyən edilir. Məsələn, niyə bu mail siyahısı marka üçün vacibdir? Bunları nəzərə alsaq, bizdə bu "mədəniyyət"in, ümumiyyətlə, doğru istiqamətdə irəliləmədiyinə əmin olmuş olarıq.
Doğru platformalardan istifadə edilmir, eyni anda 10-15 marka üçün kampaniya həyata keçirilir, bütün bunlarla yanaşı 6-7 addım şərti qoyaraq, iştirakçı bezdirilir. Bir istifadəçiyə öz səhifəsini, markanın səhifəsini, markanın aid olduğu şirkətin səhifəsini, həmin şirkətin dayısı oğlunun səhifəsini bəyəndirmək şərti absurddur”.
Marketoloqun sözlərinə görə, marka sahibləri də nəticələrə etibar etmədiklərindən sonrakı mərhələlərdə hədiyyələri verməkdən boyun qaçırırlar:
“Keçirilən “giveaway”lərin bir neçəsi ilə qarşılaşanda həmin şəxslərin profillərinin, izləyici saylarının ümumiyyətlə marka menecerləri tərəfindən analiz olunub-olunmaması məndə sual yaratmışdı. Birincisi, ona görə ki, seçilmiş yoldaşlar özləri hər hansısa bir təsiretmə gücünə malik deyillər. İkinci səbəb isə izləyici saylarının proqramla saxta şəkildə artırılması və şişirdilməsidir. Bunlar və bunun kimi digər səbəblər də müsabiqə iştirakçılarında normal olaraq, güvənsizlik yaradır.
Buna görə də istənilən kampaniya həyata keçirəndə yaxşı araşdırıb, qiymət strategiyasına uyğun qərar verməkdə fayda var”.
Yeri gəlmişkən qeyd edək ki, insaqramda bu və digər vasitələrlə pul qazanmaq platformanın sferasını bir qədər fərqli yöndən dəyişdiyindən aprel ayından mütəxəssislər bəyənmə sayının gizlədilməsi ilə bağlı işlərə başlamışdı. Ekspertlərin fikrincə, məhz bəyənmə funksiyasının gizlədilməsi sayəsində insanlar sadəcə paylaşımları haqda fikirləşəcəklər. Artıq dünəndən etibarən ölkəmizdə də test rejimində bu sistemə keçilib və paylaşım edən şəxs istisna olmaqla digərləri bəyənmə sayını görə bilmir.
T. Fərzəliyeva tətbiq olunan bu sistem vasitəsilə artıq məşhur səhifə sahiblərinin məcbur hesabat verməli olacaqlarını bildirib: “Axır ki, professional olmağa məcbur olacaqlar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.