“Caspian Sport Hotel”də oğurluq hadisəsi baş verib.
Məlumata görə, əslən azərbaycanlı, amma Rusiya vətəndaşı olan Tanırverdiyev Anar ötən ayın əvvəlində həyat yoldaşı ilə Bakıya gəlib. Onlar “Caspian Sport Hotel”də yerləşiblər.
İlk günlərdə hər hansı bir problem olmasa da, sonradan başlarına heç gözləmədikləri hadisə gəlib. Minval.İnfo xəbər verir ki, cütlüyün otağından 2 dəfə pul oğurlanıb.
Hadisə ilə bağlı saytımıza danışan Anar Tanırverdiyev bildirib ki, ilk oğurluq hadisəsində heç kimə şikayət etməyiblər:
“Mən Rusiyada yaşayıram və ora vətəndaşıyam. Həyat yoldaşımla Bakıya, anamın yanına qonaq gəlmişdik. Yoldaşım ilk dəfə Azərbaycana gəlib. Onun yanında çox pərt oldum. Oktyabrın 19-25 arasında açarla bağlanan siyirmədən 10 min rubl pulumuz yoxa çıxdı. Niyə tarix aralığı verirəm, çünki pulu dolaba qoymuşduq və hər gün orada olub-olmadığını yoxlamadıq. Kim kənara qoyduğu pulu hər gün yoxlayır? Heç kim. Pul itdi, qonağıq, problem olmasın, kefimiz pozulmasın deyə bir şey demədik. Həm də mən keçmiş polis əməkdaşı kimi düşündüm ki, dəhlizdə kamera yoxdur, sübut edə bilməyəcəyik. Ona görə də səs etmədik”.
Şikayətçinin sözlərinə görə, onların otağından ikinci dəfə oğurluq ediləndə artıq buna etiraz etməli olublar:
“Noyabrın 1-i yoldaşımı hava limanına aparmalı idim. O polis əməkdaşıdır və iş günləri başlayırdı. Gördük ki, indi də çantamızdan 5 min rubl oğurlanıb. Çox pərt oldum, yoldaşım ilk dəfə Azərbaycana gəlir və bizim pulumuzu 2 dəfə oğurlayırlar. Birinci hadisə otağımızdakı açarla bağlanan siyirmədən olmuşdusa, ikinci dəfə əl çantamızdan, xırda pulları saxlayıb, 5000 rublu götürüblər.
Biz Nizami rayon ərazisində olan 23-cü polis bölməsinə şikayət etdik. Onlar gəldilər, izahat yazdırdılar, getdilər. Oteldən də dedilər ki, “Biz otaqda itən əşyalara cavabdeh deyilik”. Belə çıxır ki, otağımızdan çıxıb idman zalına, şəhərə gəzməyə gedəndə bütün əşyalarımızı özümüzlə daşımalıyıq?
Hadisə göstərir ki, kimsə otağımıza dadanıb və bizim pulumuzu oğurlayır. Bu xadimə də ola bilər, başqası da… Biz heç kimi günahlandırmaq istəmirik, amma heç bir araşdırma getmir. Birindən izahat da almadılar, ortada dəhşət böyük məbləğ olmasa da, oğurlanan pul var. Hadisə baş verib. Bu oteldə oğurluq var”.
A.Tanırverdiyev bildirib ki, oteldən ona şər də atıblar: “Mənə, bu məsələylə maraqlananlara deyirlər ki, guya mən otaqda şüşəni qırmışam, dəhlizdə olan xəbərdarlıq lövhəsini sındırmışam. Buna görə də, 200 manatlıq cərimə yazıblar. Yəni mənə şər atırlar. Mən onları şikayət etdiyim üçün onlar da uydurma hadisə ilə məni şikayət ediblər. Səfirlikdən nümayəndə gəlmişdi, bildirdilər ki, ən yaxşı yolu qarşılıqlı anlaşmaqdır. Mən izahat yazıb şikayətimin olmadığını bildirdim, onlar da aktı ləğv etdilər. Pulum da oğurlandı, üstəlik şər də atıldı”.
Məsələ ilə bağlı “Caspian Sport Hotel” ilə əlaqə saxladıq. Otelin əməkdaşı bildirdi ki, şikayətçi şəxs ötən gün otellə arasında heç bir problemin olmadığı ilə bağlı izahat yazıb. Bundan artıq hər hansı bir məlumat vermək istəmirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.