“Vəziyyət nəzarətdən çıxa bilər” – Adil Əliyev ÇAĞIRIŞ ETDİ
12-06-2020, 11:52
106 dəfə baxılıb
Adil Əliyev
Milli Məclisin sədr müavini
Dostlar, Nazirlər Kabineti yanında Operativ Qərargah bazar günü və bazar ertəsi (14 və 15 iyun) günlərində yenidən sərt karantin rejiminin tətbiq olunacağını bəyan etdi. Başqa alternativimiz yoxdur. Virusun yayılma gücünü zəiflətməliyik. Bunun üçün isə heç olmasa həftə sonları bayıra çıxıb heç kimlə təmasda olmamalıyıq ki, xəstəliyin yayılma zənciri qırılsın və bunu gələcək həftələrdə hiss edə bilək. Əlbəttə, tibbi maska taxmaq və sosial məsafəni qorumaq şərtini də unutmamalıyıq. Prezidentimizin də doğru vurğuladığı kimi, xəstəliyə qarşı peyvənd və dərman çalışmaları bitməyənə qədər bu virus asanlıqla yox olmayacaq. Demək virusla mübarizə hələ bir müddət davam edəcək.
Vətəndaşlarımızın böyük əksəriyyəti qoyulan məhdudiyyətlərə əməl edir və buna görə də hər kəsə minnətdaram. Bunu ötən dəfəki bayıra çıxmaq qadağası da göstərdi, təəssüflər olsun ki, bəzi neqativ hallarla da üzləşdik. Bu sıraya Cümə günü çörək piştaxtalarının boşaldılmasını, marketlərdə növbələrin yaranmasını və bir qrup insanın qaydalara riayət etməyərək polisə müqavimət göstərməsini qeyd edə bilərik. Biz bu halları tənqid etdik. Ancaq millət vəkili olaraq bunu da düşünürəm: Daha nə etməliyik ki, ötən dəfəki səhvlər təkrarlanmasın? Tənqiddən asan iş yoxdur. Önəmli olan qüsurların aradan qaldırılmasında dövlətə və cəmiyyətə dəstək verməkdir, necə deyərlər əli daşın altına qoymaqdır. Bu məqsədlə bir neçə təklif vermək və onların reallaşdırılmasında iştirak etmək istəyirəm.
Bazar və bazar ertəsi günlərini seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən qərargahımda keçirməyi planlaşdırıram. Qərargahımızın ünvanı Nərimanov rayonu, Atatürk prospekti 33C, qaynar telefon xətləri bunlardır: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35)
Ölkədə sərt karantin rejiminin həyata keçirilməsini və kənar ərazilərə çıxmağın mümkünsüzlüyünü nəzərə alaraq yalnız ərazimizdə yaşayan və bayıra çıxmaq qadağası tətbiq edilən günlərdə dairəmdən qərargahımıza zəng edən seçicilərimin sosial problemlərinin həllində iştirak edəcəm. Kiminsə bazar və bazar ertəsi üçün kifayət qədər ərzaq məhsulu almaq imkanı olmaya bilər, nəyisə almağı unudub və ya un məmulatlarına ehtiyacı yarana bilər. Siz qərargahımıza zəng edin, qərargahımızdakı imkanlar çərçivəsində ərzaq və un məmulatlarını evinizə çatdıraq. Qərargahın qarşısında hazır vəziyyətdə bir neçə maşınımız olacaq, bəzilərinin dərmana və ya xəstəxanaya çatdırılmağa ehtiyacı yarana bilər. Eyni zamanda “qaynar xətt”imizə təkcə ərzaq məhsullarına yaranmış ehtiyaclarla yanaşı, psixoloji dəstəyin göstərilməsi də planlaşdırılmışdır. Dəstək və əlaqələndirmə mərkəzində eyni zamanda baş vermiş çətin vəziyyətlə əlaqədar olaraq aidiyyəti orqanlarla (polis, səhiyyə, fövqəladə hallar və s.) əlaqələndirmə həyata keçiriləcəkdir. Bu problemlərin həllində də iştirak edə bilərik. Qaynar xətdə növbə çəkən dostlarımız Sizin zənglərə cavab verəcək və növbəlilik əsasında göstərdiniyiz ünvana maşın göndərəcəklər.
Digər vasib məsələyə də toxunmaq istərdim. Hamılılıqla vətəndaşlarımızla polislərimiz arasında hər hansı xoşagəlməz halların əleyhinəyik. Bunu heç kim istəmir, hamımız eyni Vətəndə yaşayır və eyni dövlətin övladlarıyıq. Ötən dəfəki xoşagəlməz halların yaşanmayacağına inanmaq istərdim. İşğalçı dövlətin əlinə bəhanə verməyək. Virusla bağlı “məhdudiyyətlər nə zaman tam ortadan qaldırılacaq” kimi suallar da eşidirik. Bu bəla ilə tək biz üzləşməmişik, başqalarının dərdi bizdəkindən daha çoxdur. Misal üçün əhalisi bizim qədər olan bır sıra Avropa ölkəsində virusdan ölüm halları minlərlədir. Allaha şükürlər olsun ki, biz bu təhlükəli həddə deyilik, lakin sərt qaydalara riayət etməsək vəziyyət nəzarətdən çıxa bilər. Polislərimiz ictimai asayişi qoruyurlar. Bu onların vəzifəsidir. Bu istənilən ölkədə belədir. Ola bilsin ki, hər yerdə olduğu kimi polislərin içərisində də vəzifəsini düzgün yerinə yetirməyənlər var. Vətəndaş polisin tələblərini yerinə yetirməli olduğu kimi, polis də vətəndaşa qarşı rəftarda diqqətli olmalıdır. Əsas odur ki, hansısa vətəndaşın aqressivliyinə qarşı eyni tərzdə cavab verilməsin, qaydaları pozmağa meylli olan vətəndaşlarla izahat işi aparılsın. Yarana biləcək istənilən problemlə bağlı dairəmdəki seçicilərin dərdlərini dinləməyə və millət vəkilinin ona verdiyi səlahiyyətlər çərçivəsində problemlərin həllində iştirak etməyə hazıram. İnanıram ki, sərt karantin günlərində əvvəlki problemləri yaşamayacaq, bir-birimizə hörmətlə yanaşacağıq! Cənab Prezidentin dediyi kimi: Biz birlikdə güclüyük.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR